Bakı. 15 mart. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də Moldova Respublikasının Prezidenti İqor Dodonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
"Report" xəbər verir ki, dövlətimizin başçısı Moldova Prezidenti İqor Dodonun VI Qlobal Bakı Forumunda iştirakının önəmini qeyd edib.
Prezident İlham Əliyev Moldova Prezidentinin ötən il Bakıya səfərini və onunla beynəlxalq tədbirlərdə görüşlərini məmnunluqla xatırladıb. Dövlət başçısı İlham Əliyev İqor Dodonun Azərbaycana səfəri zamanı əldə olunmuş razılaşmaların artıq həyata keçirildiyini məmnunluqla vurğulayıb. Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə inkişaf etdirilməsi üçün yaxşı potensialın mövcud olduğunu deyib və gələcəkdə siyasi, iqtisadi, humanitar, investisiya və digər sahələrdə birgə qarşılıqlı fəaliyyətin müəyyənləşdirilməsinin önəmini qeyd edib. Prezident İlham Əliyev ölkələrimizin bir-birinə daha da yaxınlaşması ilə bağlı mühüm məsələlərin həll olunması istiqamətində gələcəkdə də mütəmadi təmasların davam etdiriləcəyinə əminliyini vurğulayıb və ölkəmizin bu işdə maraqlı olduğunu deyib.
Moldova Respublikasının Prezidenti İqor Dodon VI Qlobal Bakı Forumuna dəvətə görə dövlət başçısına minnətdarlığını bildirib. Tədbirin önəmini qeyd edən Moldova Prezidenti Forumda ölkəsinin ilk dəfə təmsil olunmasını məmnunluqla vurğulayıb. Ölkələrimiz arasında ənənəvi dostluq münasibətlərinin mövcud olduğunu deyən Moldova Prezidenti yaxın zamanlarda hökumətlərarası komissiyanın fəaliyyətə başlayacağına ümidvar olduğunu deyib. Ötən il Azərbaycana səfərini məmnunluqla xatırlayan İqor Dodon bu səfər zamanı keçirilən görüşlərin artıq nəticələr verdiyini vurğulayıb. O, bir neçə gün bundan əvvəl Qaqauziyada Heydər Əliyev Fondunun nümayəndələri ilə birlikdə mühüm sosial layihənin təməl daşının qoyulması mərasimində özünün şəxsən iştirak etdiyini deyib.
Prezident İqor Dodon əlaqələrimizin möhkəmlənməsi işində Moldovada fəaliyyət göstərən Azərbaycan diasporunun rolunu xüsusi qeyd edib.
*** 15:09
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 15-də Moldova Respublikasının Prezidenti İqor Dodon ilə görüşü olub.
"Report" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.