Azərbaycan Prezidenti: "Bakı Formula-1 yarışının keçirilməsinə hazırdır"

Azərbaycan Prezidenti: "Bakı Formula-1 yarışının keçirilməsinə hazırdır" Prezident İlham Əliyev: "Formula-1-in keçirilməsi münasibətilə əhali arasında yüksək əhvali-ruhiyyə var"
Xarici siyasət
16 İyun , 2016 13:06
Azərbaycan Prezidenti: Bakı Formula-1 yarışının keçirilməsinə hazırdır

Bakı. 16 iyun. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev iyunun 16-da “Formula One Management”in prezidenti Berni Ekklstounu qəbul edib.

"Report" xəbər verir ki, “Formula One Management”in prezidenti Berni Ekklstoun Formula-1 yarışının Bakıda yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. O, Bakıda gördüyü inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib. Berni Ekklstoun bu tədbirin Bakıda keçirilməsinin Azərbaycanda gedən inkişaf prosesləri ilə bağlı məlumatların dünyada yayılması işinə xidmət edəcəyini vurğulayıb. O, Azərbaycanın Formula-1 ailəsinə daxil olmasından məmnun qaldığını deyib. 

Beynəlxalq tədbirlərin təşkili baxımından Azərbaycanın yaxşı təcrübəyə malik olduğunu deyən dövləti başçısı Formula-1 yarışının keçirilməsi üçün paytaxtın artıq hazır olduğunu deyib. Prezident İlham Əliyev yarım milyardlıq auditoriyası ilə maraq doğuran və dünyanın məşhur idman yarışlarından olan Formula-1-in keçirilməsi münasibətilə əhali arasında yüksək əhvali-ruhiyyənin olduğunu vurğulayıb.

Prezident İlham Əliyev bildirib ki, biz Bakının gözəlliyi və ölkəmizin inkişafı ilə bağlı dünyada daha çox məlumatın yayılmasında maraqlıyıq. Bu baxımdan ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin önəmini qeyd edən dövlət başçısı son vaxtlar Azərbaycana gələn turistlərin sayının artmasını sevindirici hal kimi dəyərləndirib. Formula-1 yarışının əhəmiyyətinə toxunan Prezident İlham Əliyev Azərbaycana daha çox turistin gəlməsi üçün tədbirin yaxşı imkan yaratdığını vurğulayıb. 

Dövlət başçısı qeyd edib ki, turistlərin Azərbaycanda sayının artması daha çox insanın təkcə Bakıda deyil, Azərbaycanın digər bölgələrində gedən inkişaf prosesləri ilə bağlı dolğun informasiya əldə etmək imkanı yaradır. Prezident İlham Əliyev Formula-1 yarışının bu baxımdan böyük önəm daşıdığını vurğulayıb. 

Görüşdə əməkdaşlığa dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi