Yuxarı

Azərbaycan Prezidenti Avstraliya və Hindistanın dövlət başçılarını təbrik edib

Azərbaycan-Avstraliya münasibətlərinin son vaxtlar genişlənməsi məmnunluq doğurur

Bakı. 25 yanvar. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Avstraliya İttifaqının general-qubernatoru Piter Kosqrova təbrik məktubu göndərib. "Report"un məlumatına görə, təbrik mətnində deyilir:  

Hörmətli cənab General-Qubernator,

Ölkənizin milli bayramı – Avstraliya günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan-Avstraliya münasibətlərinin son vaxtlar genişlənməsi məmnunluq doğurur. Ümidvaram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Avstraliya xalqına daim sülh və firavanlıq arzulayıram.

Dövlət başçısı, həmçinin Hindistan Respublikasının Prezidenti Pranab Mukhercini də təbrik edib.

Məktubda qeyd olunur: "Ölkənizin milli bayramı – Respublika günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan ilə Hindistan arasındakı münasibətlərin xoş ənənələri mövcuddur. İnanıram ki, dostluq və əməkdaşlıq münasibətlərimizin möhkəmləndirilməsi və inkişafı yolunda bundan sonra da birgə səylərimizi davam etdirəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Hindistan xalqına əmin-amanlıq və firavanlıq arzulayıram".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi