Milli Məclisin sədri Sahibə Qafarova Fransa Senatında və Milli Assambleyada Azərbaycanla bağlı qərəzli qətnamələrin qəbul edilməsini pisləyib.
"Report"un xəbərinə görə, spiker bu gün Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ann Buayonla görüşü zamanı narazılığını ifadə edib.
O, ötən dövrlərdə ikitərəfli münasibətlərdə əldə olunmuş bu nailiyyətlərə baxmayaraq, bəzi Fransa rəsmilərinin və siyasətçilərinin Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə açıq şəkildə Ermənistana dəstəyini ifadə edən, Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan və ermənipərəst siyasətini göstərən bəyanatlarının Azərbaycan ictimaiyyətinin haqlı və ciddi narazılığına səbəb olduğunu xatırladaraq, bu kimi təxribatçı bəyanatların ikitərəfli münasibətlərimizə mənfi təsir göstərdiyini qeyd edib.
S.Qafarova bu çərçivədə Fransa Senatında və Milli Assambleyada qərəzli qətnamələrin qəbul edilməsini pisləyib.
Parlament sədri xatırladıb ki, 2022-ci ilin noyabrında Milli Məclis tərəfindən Fransa Senatında və Milli Assambleyada Azərbaycan əleyhinə qətnamələrin qəbul edilməsini pisləyən Bəyanat qəbul edilib və parlamentarilərimiz Fransanın rayon və şəhərlərinin nümayəndələrinin, Milli Assambleya və Senat üzvlərinin təxribat xarakterli fəaliyyətinə və bəyanatlarına öz narazılıqlarını bildiriblər.