Yuxarı

Azərbaycan parlamentinin deputatları Litvaya səfər ediblər

Görüşdə iki ölkə arasında parlamentlərarası əlaqələrin genişləndirilməsi məsələsi müzakirə olunub

Bakı. 16 may. REPORT.AZ/ Azərbaycan ilə Litva arasında parlamentlərarası əlaqələrin genişləndirilməsi və müxtəlif istiqamətlərdə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Milli Məclisinin nümayəndə heyəti Litvaya rəsmi səfər edib.

Azərbaycanın Litvdakı səfirliyindən "Report"a verilən məlumata görə, Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Nəbizadə, deputatlar Muxtar Babayev və Elşad Həsənovun daxil olduğu nümayəndə heyəti Litva Energetika və Səhiyyə nazirliklərində görüşlər keçiriblər.

Litva energetika nazirinin müavini Spruoqis Aleksandras ilə keçirilən görüşdə iki ölkə arasında energetika sahəsində əlaqələrin genişləndirilməsi perspektivləri nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra Litva səhiyyə naziri, Litva Seyminin Azərbaycan ilə parlamentlərarası əlaqələr üzrə qrupunun sədri Yuras Pojela ilə görüş keçirilib. Görüşdə Azərbaycan ilə Litva arasında səhiyyə sahəsində əlaqələrin inkişafı, o cümlədən Litvanın səhiyyə sahəsində fəaliyyət göstərən təhsil ocaqlarında azərbaycanlı tələbələrin təhsili məsələləri müzakirə olunub.

Görüşdə iki ölkə arasında parlamentlərarası əlaqələrin genişləndirilməsi, qarşılıqlı səfərlərin davam etdirilməsi, dostluq qrupları arasında daha sıx əməkdaşlıq münasibətlərinin vacibliyi vurğulanıb.

Görüşlərdə Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə də iştirak edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi