Bu gün Azərbaycan və Özbəkistan xarici işlər nazirləri Ceyhun Bayramov və Əbdüləziz Kamilov arasında telefon danışığı baş tutub.
“Report” Özbəkistan KİV-inə istinadən xəbər verir ki, söhbətin əvvəlində Əbdüləziz Kamilov Ceyhun Bayramovu Azərbaycanın Xarici İşlər naziri təyin olunması münasibətilə təbrik edib.
Söhbət zamanı tərəflər müxtəlif səviyyələrdə, o cümlədən Özbəkistanın MDB-də sədrliyi çərçivəsində keçiriləcək ikitərəfli və çoxtərəfli tədbirlərin cədvəlini və digər təşkilati məsələləri müzakirə ediblər.
XİN başçıları koronavirus pandemiyasının yaratdığı yeni şəraitə baxmayaraq, Azərbaycan-Özbəkistan ikitərəfli münasibətlərinin fəal inkişaf etdiyini, bu ilin yanvar-iyul ayları arasında ticarət dövriyyəsinin 163% artdığını xüsusi qeyd ediblər.
Tərəflər həmçinin Azərbaycan və Özbəkistan arasında Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın işinin bərpası barədə razılığa gəliblər.