Yuxarı
    Bağlamaq

    Azərbaycan nümayəndə heyəti üzvünün hazırladığı sənəd Avropa Şurasında nəşr edilib

    Qətnamə Mədəniyyət, elm, təhsil və media komitəsində ilkin müzakirədən keçirilərək yüksək qiymətləndirilib© Foto: Report.az

    Strasburq. 28 iyun. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yay sessiyasının gedişində Azərbaycan nümayəndə heyəti yeni sənəd hazırlayaraq müvafiq imzaları toplayıb və qətnamə layihəsini AŞ PA katibliyinə təqdim edib.

    "Report"un Fransa bürosu xəbər verir ki, Milli Məclisin üzvü Rafael Hüseynovun indiyədək hazırladığı 100-ə yaxın sənədin bir qismi Parlament Assambleyasının bürosu tərəfindən ayrı-ayrı mühüm məruzələrin tərtib edilməsi üçün əsas kimi götürülüb.

    Azərbaycanlı deputatın özü isə 2001-ci ildən bəri 14 dəfə məruzəçi seçilib ki, bu, Avropa Şurasında ən yaxşı göstəricilərdən hesab edilir. Azərbaycanın milli və dövlət maraqlarını əhatə edən, eləcə də ümumavropa səciyyəli həmin məruzələr əsasən insan hüquqları, ekologiya, mədəniyyət, elm, jurnalistika, din azadlığı, qaçqın və məcburi köçkünlər problemlərinə həsr edilib.

    Araşdırmaların bir neçəsi təhsil məsələləri ilə əlaqədar olub. R. Hüseynovun müəllifi olduğu “Avropada qaçqın və məcburi köçkünlərin təhsil problemləri”, “Avropa ali təhsil məkanının vahidliyi və beynəlxalq açıqlığı”, “Avropada jurnalistlərin peşəkar təhsili və treninqi” kimi məruzələr təhsil sahəsində Avropa Şurasının apardığı siyasət baxımından uğurlu nəticələr kimi dəyərləndirilib. Onun hazırladığı yeni sənəd “Təhsilin məktəblilərin ehtiyaclarının yönəldilməsi” adlanır və mövzu AŞ PA Mədəniyyət, elm, təhsil və media komitəsinin prioritetləri sırasında yer almaqdadır.

    Müxtəlif Avropa ölkələrindən olan 30-dan artıq deputatın dəstəkləyərək imzaladığı tövsiyə xarakterli qətnamədə orta təhsilin səviyyəsinin yüksəldilməsini təmin edəcək bir sıra istiqamətlərə diqqət yönəldilir. Sənəd təklif olunan mövzu ilə bağlı bütün təfərrüatları əks etdirəcək xüsusi məruzənin tərtib edilməsini nəzərdə tutur. Sənəd problemin mahiyyətini belə açır: “Bu gün Avropadakı məktəblərin əksəriyyətində təhsilin mərkəzində şagird deyil, məktəb və onun müəyyənləşdirdiyi xətlər dayanır. Məktəblər qəbul edilmiş ənənəvi sistem üzrə işləyir və bu da bir sıra hallarda uşaqlara daha effektli bilik verilməsinə gətirib çıxarmır. Təsdiq edilmiş proqramlar, vəsaitlər və hamı üçün eyni olan dərsliklər əsasında sinif otaqlarında dərs aparmaq müəllimlər üçün təbii ki, daha rahatdır. Lakin bunun heç də həmişə tam qənaətbəxş olmayan nəticələri başqa yanaşmaların da ortada olmasını zəruriləşdirir. Mütəxəssislərin diqqətini getdikcə daha artıq belə bir amil cəlb edir ki, məktəbi və təhsili şagirdlərin ehtiyaclarına uyğunlaşdırmaq təhsilin səviyyəsini yüksəldə bilər. Şagirdlərin ehtiyaclarına yönələn təhsil modelinin mahiyyəti ondan ibarətdir ki, bütün uşaqarın onların hərtərəfli inkişafını təmin edəcək təhsil almaq hüququ var. Hər bir uşaq özlüyündə nadir və təkrarsız bir insandır. Deməli, təhsil də fərdiləşdirilməli, başqa sözlə, hər şagirdin tələblərini, maraqlarını, səylərini, mədəni-intellektual səviyyəsini nəzərə almalıdır. Fərdiləşdirmə modeli həm xüsusi istedadlı, həm də müəyən fiziki qüsurları olan şagirdlərin gözləntilərinə dərhal cavab verməyə gətirib çıxarardı.

    Bundan əlavə, Avropa təhsil şəbəkəsində islah xarakterli təhsil də vardır ki, təklif olunan model çərçivəsində həmin istiqamətin də daha mükəmməl tələblər sistemi hazırlana bilər. Assambleya bu mövzunun müxtəlif istqamətlərini araşdırmaqla Avropada məktəb təhsil sisteminin təkmilləşdirilməsinə xidmət edəcək, hər məktəbliyə daha yaxşı və daha fərdi təhsil vermək imkanı yaradacaq təkliflər sililəsini təqdim edən məruzənin hazırlanmasını gərəkli hesab edir”.

    Rafael Hüseynovun hazırladığı tövsiyə xarakterli qətnamə Mədəniyyət, elm, təhsil və media komitəsində ilkin müzakirədən keçirilərək yüksək qiymətləndirilib, mövzu ilə bağlı məruzəçi təyin edilməsi vəsatəti ilə AŞ PA bürosuna müraciət edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi