Yuxarı
    Bağlamaq

    Azərbaycan nümayəndə heyəti Tbilisidə keçirilən beynəlxalq konfransda iştirak edib

    “​Azərbaycan regional layihələrin həyata keçirilməsində, təhlükəsizliyin təmin olunmasında əsas aparıcı rola malikdir”

    Tbilisi. 6 dekabr. REPORT.AZ/ “Avropanın enerji təminatında Cənubi Qafqaz regionunun əsas enerji mənbəyi və enerji layihələrinin əsas təşəbbüskarı olan Azərbaycanın rolu danılmazdır”.

    “Report”un Gürcüstan bürosu xəbər verir ki, bu fikirlər Tbilisidə NATO, Gürcüstanın İlya Universiteti və Litva Hərbi Akademiyasının birgə təşkilatçılığı ilə enerji layihələrinin, infrastrukturlarının təhlükəsizliyinə və perspektivlərinə həsr olunmuş beynəlxalq konfransda səsləndirilib.

    İki gün davam edən konfransda vacib enerji layihələrinin, infrastrukturlarının təhlükəsizliyi, bu sahədə digər regionlarının təcrübəsinin öyrənilməsi və regionda tətbiqinin mümkünlüyü, eləcə də Cənubi Qafqazın özünün təcrübəsinin daha da təkmilləşdirilməsi məsələləri diqqət mərkəzində olub.

    Tədbirdə "ADA" Universitetinin, "SOCAR Gas Export-İmport" şirkətinin, Bakı Dövlət Universitetinin nümayəndələri çıxış edərək “Cənub Qaz Dəhlizi”, “Şahdəniz” və digər enerji layihələrinin əhəmiyyəti, bu sahədə görülən işlər və perspektivlər, eləcə də təhlükəsizlik tədbirləri barədə ətraflı məlumat veriblər.

    Azərbaycan nümayəndə heyətinin üzvləri müzakirə olunan məsələlərlə bağlı dövlətin mövqeyini ortaya qoyub, bəzi məsələlərə aydınlıq gətiriblər.

    Bakı Dövlət universitetinin professoru, "BP Azerbaijan" şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli “Report”a müsahibəsində deyib ki, Azərbaycanın neft-qaz ehtiyatlarının dünya bazarlarına çatdırılması, bu layihələrin həyata keçirilməsində, təhlükəsizliyin təmin olunması bu gün bütün dünyanın diqqət mərkəzindədir. “Təbii ki, layihələrin reallaşdırıldığı hər bir dövlət öz ərazisində bu cür layihələrin təhlükəsizliyinə cavabdehdir. Ərazilərimizin 20 faizinin işğal altında olmasına baxmayaraq, son 20 ildə Azərbaycan ərazisində enerji layihələri ilə bağlı ciddi bir problem yaşanmayıb. Çünki Azərbaycan dövləti təhlükəsizlik məsələlərində kifayət qədər ciddi nailiyyətlər əldə edib”.

    Onun sözlərinə görə, layihələrin beynəlxalq əhəmiyyətini nəzərə alsaq, bu sahədə təhlükəsizliyin tək bir ölkə tərəfindən həyata keçirilməsi qeyri mümkündür. Ona görə ki, müasir dövrdə terror və digər təhlükəsizlik məsələləri qlobal xarakter alıb. Təhlükəsizlik tədbirlərinin region dövlətləri tərəfindən birgə görülməsi vacibdir. Dövlətlərarası dialoqun genişləndirilməsi, təhlükəsizlik tədbirlərini tək-tək deyil, kollektiv şəkildə həyata keçirmələri daha məqsədəuyğundur.

    B.Aslanbəyli bildirib ki, konfransda bu məsələlər geniş müzakirə olundu. İki gün davam edən müzakirələrdə son illər ərzində həyata keçirilən regional layihələrin, onların təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlərin əhəmiyyəti, eləcə də bundan sonra təhlükısizlik tədbirlərinin birgə davam etdirilməsinin vacibliyi və perspektivləri qeyd olunub.

    Regionun əsas enerji mənbəyi və enerji layihələrinin əsas təşəbbüskarı olan Azərbaycanın rolu bu konfransda xüsusi qeyd edilib. Bildirilib ki, Azərbaycanın iştirakı olmadan bu cür müzakirələrin aparılması da mümkünsüzdür.

    “Azərbaycan regional layihələrin həyata keçirilməsində, təhlükəsizliyin təmin olunmasında əsas aparıcı rola malikdir”, - deyə "BP Azerbaijan" şirkətinin vitse-prezidenti vurğulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi