Fransada yaşayan Azərbaycan icması Fransa prezidentliyinə namizəd Valeri Pekrezin fransalı deputatlar Bruno Riteiro və Mişel Barnye ilə birlikdə Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfərinə sərt etirazını bildirib.
Diaspora Komitəsindən "Report"a verilən məlumata görə, Fransa Azərbaycanlıları Koordinasiya Şurasının (FAKŞ) yaydığı bəyanatda bildirilib ki, Azərbaycan icması olaraq prezidentliyə namizəd Valeri Pekrezin, senator Bruno Riteiro və Avropa Parlamentinin keçmiş deputatı Mişel Barnyenin Azərbaycan Respublikasının Qarabağ bölgəsinə qanunsuz səfərini və beynəlxalq ictimaiyyət tərəfindən tanınmayan separatçı rejimin liderləri ilə görüşünü qətiyyətlə pisləyirlər: “Bu məsuliyyətsiz siyasi addım Qafqaz regionunda möhkəm sülhə nail olmağa çalışan Azərbaycan və Ermənistan dövlət başçılarının son yaxınlaşması kontekstində xüsusilə dağıdıcı və təhlükəlidir”.
Soydaşlarımız xanım Pekrezə xatırladıblar ki, Fransanın prezidenti seçiləcəyi təqdirdə, bu səfər onu sülh prosesinin gələcək iştirakçısı kimi nüfuzdan salacaq və Fransanı istənilən beynəlxalq danışıqlardan kənarlaşdıracaq.
Nəzərə çatdırılıb ki, Fransa Prezidenti Emmanuel Makron bu yaxınlarda Azərbaycan Prezidentinin Ermənistanın Baş naziri ilə görüşünə öz töhfəsini verib. “Beynəlxalq münaqişələrdə Fransanın vasitəçilik ənənələrinə sadiq qalan, seçki maraqlarının toqquşmasının hər hansı instrumentallaşdırılmasından imtina edən fransızlar onun hörmətli və məsuliyyətli yanaşmasını yalnız alqışlaya bilər”, - deyə FAKŞ üzvləri vurğulayıblar.