Yuxarı

​Azərbaycan-İtaliya Hökumətlərarası Komissiyasının 4-cü iclası keçiriləcək

Eyni zamanda Azərbaycan-İtaliya Biznes Forumu təşkil ediləcək

Bakı. 10 iyun. REPORT.AZ/ İyunun 13-də Roma şəhərində Azərbaycan Respublikası və İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 4-cü iclası keçiriləcək. Azərbaycanın İtaliyadakı səfirliyindən "Report"a verilən məlumata görə, tədbirdə Hökumətlərarası Komissiyanın həmsədri, AR Energetika Naziri Natiq Əliyevin rəhbərliyi ilə Azərbaycanın müxtəlif dövlət qurumlarını təmsil edən heyət iştirak edəcək. 

Komissiyanın iclası ilə yanaşı, həmin gün hər iki ölkənin aparıcı şirkətlərinin də qatılacağı Azərbaycan-İtaliya Biznes Forumu təşkil ediləcək.

Hər iki tədbirdə Azərbaycan və İtaliya arasında iqtisadi münasibətlərin, xüsusilə də enerji, neft-kimya, kənd təsərrüfatı, aqrosənaye, nəqliyyat-logistika və əczaçılıq sektorlarında əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə ediləcək, müvafiq təqdimatlar keçiriləcək.

İtaliya uzun müddətdir ki, Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. 2015-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 2,84 mlrd. ABŞ dolları olub ki, bunun 2,25 mlrd ABŞ dollarını Azərbaycandan İtaliyaya, 587,8 mln. ABŞ dollarını isə İtaliyadan Azərbaycana ixrac təşkil edib. 

Azərbaycan İtaliyanın əsas xam neft təchizatçılarından biridir. Eyni zamanda, Azərbaycan da bölgədə İtaliyanın ən böyük ixrac bazarlarından birinə çevrilməkdədir. Belə ki, son 5 il ərzində İtaliyanın Azərbaycana ixracı 3 dəfədən də çox artmışdır ki, bunun da böyük hissəsini texnologiya və avadanlıqlar təşkil edir. Hazırda Azərbaycanda müxtəlif sektorlarda çoxsaylı İtaliya şirkətləri fəaliyyət göstərir. TAP layihəsinin reallaşması ilə Azərbaycan təbii qazı İtaliya vasitəsilə Avropa istehlakçılarına çatdırılacaq.

13 iyun tarixində Romada keçiriləcək Hökumətlərarası Komissiyanın iclası və Biznes Forum Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi ilə yanaşı, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi prosesinin dərinləşdirilməsinə, habelə ölkəmizin qeyri-neft ixracının artırılmasına töhfə verə biləcək layihələrə italyan biznesinin cəlb olunması imkanlarını nəzərdən keçirmək üçün yaxşı fürsət olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi