Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstan xarici işlər naziri David Zalkaliani ilə görüşüb.
XİN-dən "Report"a verilən məlumata görə, Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin ölkəmizə rəsmi səfəri çərçivəsində baş tutan bu görüşdə nazirlər öncə təkbətək, daha sonra isə nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə müzakirələr aparıblar.
Həmkarını səmimiyyətlə salamlayan Ceyhun Bayramov mövcud səfərin iki ölkə arasında siyasi dialoqun davam etdirilməsi baxımından əlverişli imkan yaratdığını qeyd edib. Ölkələrimiz arasında mövcud olan möhkəm tərəfdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.
David Zalkaliani qonaqpərvərliyə görə təşəkkürünü ifadə edib. Gürcüstanın baş naziri ilə Azərbaycan Respublikası Prezidenti arasında olduqca məhsuldar görüşün keçirildiyini qeyd edən D.Zalkaliani ölkələrimiz arasında mövcud olan strateji tərəfdaşlıq və əməkdaşlıq münasibətlərinin gələcəkdə dərinləşdirilməsinin əhəmiyyətini bildirib. O, Gürcüstanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dəstəyini qətiyyətlə vurğulayıb, öz növbəsində Azərbaycanın da Gürcüstanın ərazi bütövlüyünə verdiyi dəstəyi xüsusilə qeyd edib.
Ceyhun Bayramov 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni reallıqlar, mövcud əməkdaşlıq imkanları, dövlətlər arasında münasibətlərin normallaşdırılması üçün yaranan unikal vəziyyət, habelə üçtərəfli bəyanatın icrası ilə bağlı məsələlər, Ermənistanın üçtərəfli bəyanatın həyata keçirilməsinə maneə törədən davranışı və revanşist bəyanatları, bu xüsusda Azərbaycanın mövqeyi barədə həmkarını məlumatlandırıb.
Nazirlər mövcud yeni reallıqlar fövqündə qarşılıqlı fəaliyyətin uyğunlaşdırılmasının önəmini qeyd ediblər. Tərəflər həmçinin ikitərəfli gündəliyə daxil olan məsələlər, o cümlədən iqtisadi, humanitar, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üzrə fikir mübadiləsi aparıblar.
Görüşdə nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
“Bakıda azərbaycanlı həmkarım Ceyhun Bayramovla görüşmək imkanım oldu”.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri David Zalkaliani tvitter hesabında yazıb.
XİN başçısının sözlərinə görə, görüşdə regional təhlükəsizlik, strateji tərəfdaşlıq və gələcək əməkdaşlığın perspektivləri də daxil olmaqla bir sıra önəmli məsələlər müzakirə olunub.
Hazırda Xarici işlər nazirlərinin başçılığı ilə Azərbaycan-Gürcüstan nümayəndə heyətlərinin geniş tərkibli görüşü keçirilir.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.