Yuxarı

Azərbaycan ermənilərin ifşası üçün "yalan detektoru" hazırlayıb

Fuad Axundov: Bu layihə ermənilər tərəfindən Azərbaycanın mədəni irsinin mənimsənilməsinin qarşısını almağa imkan verəcək

Bakı. 25 dekabr. REPORT.AZ/ Azərbaycanın Ermənistanın yalanı və ermənilərin digər xalqların mədəni irsinə iddialarının ifşa edilməsi ilə bağlı yeni layihəsi YUNESKO-ya təqdim olunacaq. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi şöbəsinin sektor müdiri Fuad Axundov ermənilərin azərbaycanlılar və regionun digər xalqlarının mədəni irsinə iddialarına qarşı mübarizə aparmaq layihəsinin təqdimat mərasimində bildirib.

"Bu nadir layihə ermənilər tərəfindən azərbaycanlılar və regionun digər xalqlarının mədəni irsinin mənimsənilməsinin qarşısını almağa imkan verəcək. Bu yalnız azərbaycanlıların deyil, həm də xarici etnoqraf və tarixçilərin ermənilərin yalanlarını ifşa etmək üçün yeni silahı olacaq", - F.Axundov deyib. O, yeni layihəni "unikal yalan detektoru" adlandırıb.

O vurğulayıb ki, istənilən insan ermənilərin 18 müxtəlif orta əsr lüğətlərinə müraciət etməklə istənilən xörəyin və ya coğrafi adın və yaxud da müsiqi alətinin ermənilərə mənsub olub-olmamasını asanlıqla yoxlaya bilər. 

Ermənilərin iddia etdikləri lavaş mövzusuna toxunan sektor müdiri qeyd edib ki, sadalanan heç bir lüğətdə bu sözə rast gəlinmir.

F.Axundov bildirib ki, XIX əsrdə ermənilərin Qafqaza köçürülməsi və onların tədricən digər xalqların, o cümlədən azərbaycanlıların müxtəlif nümunələrinin mənimsənilməsi prosesi başlayıb.

"Ermənilər iddia edirlər ki, lavaş onlara əcdadlarından qalıb. Lakin bu, yalnız o zaman doğru olardı ki, ermənilərin orta əsr lüğətlərində təsadüf olunsun", – sektor müdiri vurğulayıb. 

Onun sözlərinə görə, həmin layihə ermənilərin iddialarına birdəfəlik son qoya bilər. 

"Biz XXI əsrdə, texnologiyaların inkişaf etdiyi dövrdə yaşayırıq, bütün insanlar internet vasitəsilə tarixi sənədlərlə tanış ola bilərlər. Bunun sayəsində ermənilərə öz iddialarını sübut etmək çətin olacaq", - F.Axundov qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi