Yuxarı

Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin rəhbəri Nyu-Yorkda silsilə görüşlər keçirib

Ebola epidemiyasının qarşısının alınması istiqamətində qarşılıqlı əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb

Bakı. 9 mart. REPORT.AZ/ Xarici İşlər Nazirliyinin nəzdindəki Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəisi Əşrəf Şıxəliyev BMT baş katibinin köməkçisi, BMT İnkişaf Proqramının (BMT İP) Xarici Əlaqələr və Vəkillik Ofisinin rəhbəri Maykl O’Neillə görüşüb. Bu barədə "Report"a Azərbaycan XİN-in mətbuat xidmətindən bildirilib.

Görüş zamanı Ə.Şıxəliyev qarşı tərəfə AİDA Agentliyinin fəaliyyət istiqamətləri və həyata keçirdiyi beynəlxalq layihələri barədə məlumat verib. Daha sonra tərəflər müxtəlif sahələrdə, eləcə də Ebola epidemiyası ilə mübarizədə AİDA və BMT İP arasında əməkdaşlıq münasibətlərinin daha da dərinləşməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

AİDA Agentliyinin rəhbəri Ə.Şıxəliyev BMT-nin Kapitalın İnkişafı Fondunun icraçı katibinin müavini Xaviyer Mişonla görüşüb. Görüş zamanı tərəflər informasiya və kommunikasiya texnologiyaları, maliyyə xidmətləri, su təchizatı və sanitariya sahələrində qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Nyu-Yorkda Ə.Şıxəliyev, həmçinin BMT İP-in administratorunun köməkçisi, BMT İP-in Proqram Siyasəti Ofisinin direktoru Maqdi Martinez-Solimanla görüşüb. Tərəflər müxtəlif sahələrdə, o cümlədən Afrika ölkələrində Ebola epidemiyasının qarşısının alınması istiqamətində qarşılıqlı əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi