AQEM XİN Şurasının 7-ci görüşündə bir sıra sənədlər qəbul edilib - YENİLƏNİB - 3
AQEM XİN Şurasının 7-ci görüşündə bir sıra sənədlər qəbul edilib - YENİLƏNİB - 3Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CICA) Nazirlər Şurasının 7-ci iclası onlayn formatda öz işinə başlayıb.
Dekabrın 17-də Azərbaycanın ev sahibliyi ilə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Xarici İşlər Nazirləri Şurasının virtual formatda 7-ci iclası keçirilib.
Bu barədə "Report"a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Nazirlər Şurasının iclasında 27 üzv ölkədən nazirlər, dövlət nazirləri, nazir müavinləri, habelə nümayəndə heyətlərinin rəhbərləri iştirak edib və çıxışlar ünvanlayıblar. Tədbirdə həmçinin 3 müşahidəçi dövlət və 8 tərəfdaş beynəlxalq təşkilatın rəhbərləri iştirak edib.
Nazirlər Şurasının 7-ci iclasında Müşavirəyə 2024-2026-cı illər üzrə sədrlik Qazaxıstandan Azərbaycana keçib.
İclasda çıxış edən nazir Ceyhun Bayramov 2024-2026-cı illər üzrə AQEM-də sədrliyi Azərbaycana həvalə etməklə ölkəmizə göstərilən etimada görə bütün üzv dövlətlərə təşəkkür edib.
Nazir həmçinin çoxqütblülüyün gücləndiyi və çoxtərəfliliyin yeni çağırışlarla üzləşdiyi bir dövrdə Asiya qitəsinin həmin çağırışlara birlik və əməkdaşlıq şəraitində, eyni zamanda ortaq məsuliyyət prinsipi əsasında cavab verməli olduğunu, AQEM-in bu əməkdaşlığı daha da inkişaf etdirərək çağırışları dəf etmək üçün unikal bir platforma olduğunu diqqətə çatdırıb.
Azərbaycanın AQEM-ə sədrliyinin “Daha güclü AQEM – Asiyada əlaqəlilik, rəqəmsallaşma və dayanıqlı inkişaf” mövzusuna həsr olunduğu və AQEM-in transformasiyası və institusional inkişafı, etimad-quruculuğu tədbirlərin icrası vasitəsilə sahəvi əməkdaşlığın gücləndirilməsi və AQEM-in digər beynəlxalq və regional təşkilatlarla birgə fəaliyyətinin təşviqi istiqamətlərinin 3 əsas prioritet olaraq irəlilədiləcəyi qeyd edilib.
C.Bayramov həmçinin Azərbaycan tərəfindən 2025-ci il üçün AQEM-in 5 ölçüsü üzrə 20-dən çox tədbirin təşkilinin planlaşdırıldığını vurğulayıb. Bu xüsusda, nəqliyyat dəhlizləri, kiçik və orta sahibkarlığın inkişafı, kənd təsərrüfatı, kibertəhlükəsizlik, ətraf mühit, gənclər, turizm, mədəni irsin mühafizəsi, humanitar mina təmizləmə, elm və təhsil kimi sahələrə xüsusi diqqət ayrılacağı bildirilib.
Azərbaycanın AQEM-ə sədrliyinin Müşavirənin beynəlxalq aktivliyinin artırılmasına və digər beynəlxalq və regional təşkilatlarla tərəfdaşlıq münasibətlərinin genişləndirilməsinə xüsusi diqqət ayırdığı qeyd olunub.
AQEM-in Baş katibi Kayrat Sarıbay tərəfindən Müşavirənin 2020-2024-cü illər ərzində – Qazaxıstan sədrliyi dövründəki fəaliyyəti barədə hesabat verilib.
İclasın yekununda “AQEM üzv dövlətləri arasında münasibətlərin rəhbər prinsipləri haqqında Bəyannamə”nin 25 illiyi ilə bağlı Nazirlər Şurasının Bəyanatı, Etimad quruculuğu tədbirlərinin icrasının modallıqlarına dair Nazirlər Şurasının qərarı, Etimad quruculuğu tədbirlərin kataloqunun yenilənmiş versiyası və AQEM üzv dövlətlərinin Aparıcı Universitetlərinin Tərəfdaşlıq Şəbəkəsinin təsis edilməsinə dair Memorandum layihələri qəbul edilib.
16:36
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Nazirlər Şurasının 7-ci İclasında çıxış edib.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
C.Bayramov çıxışında qeyd edib ki, Azərbaycanın AQEM-ə sədrliyi Asiya və bütün dünyanın dəyişən geosiyasi və iqtisadi mənzərəsi üçün çox vacib bir anda başlayır:
“Azərbaycan AQEM Sədrliyini ölkəmizin qlobal diplomatiyada “körpü qurmaq” rolu təcrübəsi, çoxtərəfli platformalarda liderliyi, sülh, sabitlik və dayanıqlı inkişafa olan möhkəm sadiqliyinə əsaslanaraq quracaqdır.
Azərbaycanın AQEM-ə sədrliyi təkcə Müşavirənin tarixi deyil, o cümlədən Asiyanın və bütün dünyanın dəyişən geosiyasi və iqtisadi mənzərəsi üçün çox vacib bir anda başlayır”.
Nazir son 30 ildə əldə olunmuş uğurlar əsasında AQEM-in tam formalaşmış beynəlxalq təşkilata çevrilməsi ilə bağlı hazırkı keçid prosesinin davam etdiriləcəyini vurğulayıb.
15:56
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CICA) Nazirlər Şurasının 7-ci İclasında çıxış edib.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazir çıxış edərək Azərbaycanın CICA-ya sədrliyinin xüsusilə əlaqə, rəqəmsallaşdırma, eləcə də Asiyada davamlı inkişaf sahələrində prioritetlərindən danışıb.
“CICA-nın institusionallaşdırılması, o cümlədən onun tamhüquqlu beynəlxalq təşkilat kimi maliyyə potensialının gücləndirilməsi Azərbaycan sədrliyinin prioritetləri sırasında olacaq.
Azərbaycan sədrliyi həmçinin inklüziv regional platforma kimi qlobal mövqeyini artırmaq üçün CICA-nın digər beynəlxalq və regional təşkilatlarla tərəfdaşlıqlarını genişləndirməyə diqqət yetirəcək", - məlumatda vurğulanıb.
Qeyd edək ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə 2020-2024-cü illərdə Qazaxıstan sədrlik edib.
15:26
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CICA) Nazirlər Şurasının 7-ci iclası onlayn formatda öz işinə başlayıb.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bir sıra mühüm qərarların qəbul ediləcəyi, o cümlədən Azərbaycanın CICA-ya sədrliyinin qəbul olunacağı Nazirlər Şurasının iclasında iştirak edir.
The 7th Meeting of Ministerial Council of the Conference on Interaction and Confidence-Building Measures in Asia (CICA) @CicaSecretariat has started in an online format. @Bayramov_Jeyhun, Minister of Foreign Affairs of the Republic of #Azerbaijan attends the Ministerial Council… pic.twitter.com/on6IXHs6O2