Yuxarı

Azərbaycanı Avropa Məhkəməsində təmsil edəcək hakimliyə namizədlərin adları açıqlanıb - SİYAHI - EKSKLÜZİV

Namizədlərin müzakirəsi və onların seçiminin aprel ayında olacağı gözlənilir

Bakı. 21 yanvar. REPORT.AZ/ Azərbaycanı Avropa İnsan Haqları Məhkəməsində təmsil edəcək hakimliyə namizədlərin yeni siyahısı Avropa Şurası Parlament Assambleyasına təqdim olunub.

"Report" xəbər verir ki, siyahıya üç namizədin adı daxil edilib. 

Bu vəzifəyə Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri, Azərbaycanın İnsan Hüquqları üzrə Avropa Məhkəməsində daimi nümayəndəsi Çingiz Əsgərovun, Bakı Apellyasiya Məhkəməsinin hakimləri Sənan Hacıyevin və Elşanə Vəliyevanın namizədliyi irəli sürülüb.

Namizədlərin müzakirəsi və onların seçiminə AŞPA-nın apreldə keçiriləcək yaz sessiyasında baxılacağı gözlənilir. 

Qeyd edək ki, 1973-cü il təvəllüdlü Çingiz Əsgərov Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri və 2003-cü ildən Azərbaycanın İnsan Hüquqları üzrə Avropa Məhkəməsində daimi nümayəndəsidir.

Digər namizəd Sənan Hacıyev 1978-ci ildə doğulub.

2000-ci ildə Azərbaycan Tibb Universitetini, 2004-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin magistraturasını bitirib.

2001-2006-cı illərdə Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzində kiçik elmi işçi, elmi işçi, 2006-2010-cu illərdə Ədliyyə Nazirliyi Beynəlxalq hüquq əməkdaşlığı idarəsində məsləhətçi, aparıcı məsləhətçi, böyük məsləhətçi, 2010-2013-cü illərdə Nərimanov Rayon Məhkəməsinin hakimi vəzifəsində çalışıb.

2013-cü ildən Bakı Apellyasiya Məhkəməsinin hakimidir.

Avropa Məhkəməsinin hakimliyinə namizəd Elşanə Vəliyeva 1975-ci ildə anadan olub. 1996-cı ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1992-1993-cü illərdə Ali Arbitraj Məhkəməsində 2-ci dərəcəli mütəxəssis, 1993-1998-ci illərdə Arbitraj Məhkəməsi Arbitraj təcrübəsinin ümumiləşdirilməsi və təlimatlandırılması şöbəsində məsləhətçi, 1998-2000-ci illərdə Respublika İqtisad Məhkəməsində Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və təlimatlandırılması şöbəsində baş mütəxəssis, 2000-2007-ci illərdə İqtisad Məhkəməsində məsləhətçi - iclas katibi, 2007-2010-cu illərdə Nərimanov Rayon Məhkəməsinin hakimi vəzifəsində çalışıb.

2010-cu ildən Bakı Apellyasiya Məhkəməsinin hakimidir.

Qeyd edək ki, 2003-ci ildən Azərbaycanı Avropa Məhkəməsində təmsil edən X.Hacıyevin səlahiyyət müddəti 2015-ci ilin oktyabrın 31-də başa çatıb.

Azərbaycan hökuməti 2015-ci ilin aprelində Avropa Məhkəməsinin hakimi vəzifəsinə üç namizəd irəli sürüb. Namizədlər Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri, Azərbaycanın Avropa Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov, Bakı Apellyasiya Məhkəməsinin hakimi Aygun Abdullayeva və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Vüsalə Baxışova olub.

AŞPA-nın Alt Komitəsi namizədləri qəbul etməyib və siyahını geri qaytarıb.

Ona görə də Azərbaycanı Avropa Məhkəməsində (AİHM) təmsil edən hakim Xanlar Hacıyevin səlahiyyət müddəti artırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi