Yuxarı

​Azay Quliyev Ukraynanın Azərbaycandakı səfiri ilə görüşüb

Deputat Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyini bildirib

Bakı. 12 fevral. REPORT.AZ/ Bu gün ATƏT Parlament Assambleyasının Büro üzvü, Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavini Azay Quliyev Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko ilə görüşüb. “Report”un xəbərinə görə, millət vəkili Azay Quliyev Azərbaycan-Ukrayna münasibətlərinin zəngin tarixi ənənələrə, dostluq və qarşılıqlı hörmətə əsaslandığını deyib. ATƏT-in Komitə sədrinin müavini Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyini və bu məsələ ilə bağlı beynəlxalq təşkilatlarda birmənalı mövqe nümayiş etdirdiyini bildirib.

Azay Quliyev Ukraynanın şərqində baş verən hərbi əməliyyatlar nəticəsində çox sayda insanın həlak olmasından və minlərlə ukraynalının məcburi köçkünə çevrilməsindən ciddi narahat olduğunu və bu məsələnin ATƏT PA-nın 18-20 fervral tarixində Vyanada keçiriləcək qış sessiyasında müzakirə olunacağını qeyd edib.

Səfir Aleksandr Mişenko Ukraynanın ATƏT PA çərçivəsində Azərbaycanla yaxından əməkdaşlıq etməsində və hər iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin müdafiəsi istiqamətində birgə fəaliyyətin əlaqələndirilməsində maraqlı olduqlarını bildirib.

Səfir ATƏT-ə üzvü olan hər iki ölkənin beynəlxalq təhlükəsizlik məsələləri ilə bağlı əməkdaşlığının region üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi