Yuxarı

Azay Quliyev: "ATƏT regionu üçün terror təhlükəsi təhdid olaraq qalmaqdadır"

Ukraynanın şərqindəki hərbi əməliyyatlar regionda sülh və sabitliyə qarşı böyük təhlükəyə çevrilib

Bakı. 19 fevral. REPORT.AZ/ Vyanada ATƏT PA-nın Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin növbəti iclası öz işini davam etdirir.

"Report"un məlumatına görə, yığıncağa Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Azay Quliyev sədrlik edir.

ATƏT PA Büro üzvü Azay Quliyev iclası açaraq bildirib ki, hazırda ATƏT regionunda sülhün və təhlükəsizliyin qorunması baxımından olduqca həssas bir dönəmdə yaşanılır: "ATƏT ərazisində bizi narahat edən münaqişə ocaqları hələ də mövcuddur. Bu gün münaqişə mənbələrinin sayı artmaqda davam edir və təhlükəsizliyə yönələn ciddi problemlər yaradır. Xüsusilə də Ukraynanın şərqində aparılan hərbi əməliyyatlar regionda sülh və sabitliyə qarşı böyük təhlükəyə çevrilib. Eyni zamanda, ATƏT regionu üçün terror təhlükəsi təhdid olaraq qalmaqdadır. Son aylarda Avropanın mərkəzində baş verən terror hadisələri və insan ölümləri hər birimizi narahat edir. Son terror hadisələri heç bir ölkənin terrordan sığortalanmadığını nümayiş etdirir".

Onun sözlərinə görə, ATƏT regionunda milli və dini zəmində baş verən insidentlərin qarşısının alınması və milli azlıqların hüquqlarının qorunması sahəsindəki mövcud problemlərin həlli vacib əhəmiyyət kəsb edən məsələlərdəndir: "Bu baxımdan ATƏT ailəsi olaraq qeyd olunan problemlərin həllində bütün bilik və bacarıqlarımızı səfərbər etməliyik. Bu nöqteyi nəzərdən, Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin üzərinə böyük məsuliyyət düşür və bu gün biz bu qeyd olunan mövzular ətrafında müzakirələr aparacağıq. Bilirsiniz ki, bu il ATƏT ailəsi üçün önəmli bir ildir. Belə ki, biz Helsinki Yekun Aktının qəbul edilməsinin 40 illiyini qeyd edəcəyik. Komitənin məruzəçisi xanım Pia Kauma Helsinkidə keçiriləcək 24-cü İllik Sessiya üçün hesabatı işləyib hazırlayıb. Bu gün biz onun ideyalarını, fikirlərini və məqsədlərini dinləyib öz təklif və ideyalarımızı bölüşəcəyik. Mən hər kəsə uğurlar arzulayır və Komitənin iclasını açıq elan edirəm!"

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi