Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) elan edildiyi binada bərpa-restavrasiya işləri intensiv şəkildə aparılır.
“Report”un yerli bürosu xəbər verir ki, hazırkı Milli Gənclər Sarayının binasının bərpası layihəsini Tbilisi İnkişaf Fondu “Yeni Tiflis” proqramı çərçivəsində həyata keçirir.
Qurumdan bildirilib ki, hazırkı mərhələdə tarixi binanın dam örtüyü bərpa olunur, fasadın rənglənməsi, daxili kommunikasiyalar, su təchizatı və kanalizasiya sistemlərinin qurulması işləri aparılır. Həmçinin tikilinin interyerində dekorativ naxışlar və taxta qapı-pəncərələr də restavrasiya edilir.
Qeyd edək ki, layihənin dəyəri 33,7 milyon lari (10,8 milyon ABŞ dolları) təşkil edir və işlərin 2023-cü ilin sonunda tam başa çatdırılacağı gözlənilir.
Mədəni irs nümunəsi olan tikilinin güzgülü zalında 1918-ci il mayın 28-də AXC-nin müstəqillik bəyannaməsi oxunaraq Şərqdə ilk demokratik respublikanın yaradıldığı rəsmən elan olunub. Həmin zalın girişində bu barədə Azərbaycan, gürcü və ingilis dillərində məlumatın əks olunduğu lövhə yerləşdirilib. Restavrasiya işləri çərçivəsində lövhənin də yenilənməsi nəzərdə tutulub.