Avstriya, Litva və Rumıniya xarici işlər nazirləri Aleksandr Şallenberq, Qabrielius Landsbergis və Boqdan Aureskunun Azərbaycan, Gürcüstan və Ermənistana səfərinin proqramı açıqlanıb.
“Report” xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Xarici Siyasət Xidməti məlumat yayıb.
Məlumata görə, XİN başçıları Aİ Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Yüksək Nümayəndəsi/Avropa Komissiyası sədrinin müavini Cozep Borrellin tapşırığına əsasən iyunun 25-26-da bölgəyə səfər edəcəklər.
Nazirlərin Azərbaycan, Gürcüstan və Ermənistan liderləri ilə görüşü planlaşdırılır.
XİN başçıları səfərin sonunda, iyunun 26-da Aİ-nin Tblisindəki nümayəndəliyində mətbuat konfransı keçirəcəklər.
Məlumata görə, səfər Aİ-nin bu üç ölkə ilə ikitərəfli münasibətlərə, Cənubi Qafqaz bölgəsinə və Aİ-nin “Şərq Tərəfdaşlığı” layihəsinə verdiyi əhəmiyyəti vurğulayacaq. Səfər Aİ-nin həm Cənubi Qafqaz ölkələri arasında, həm də “Şərq Tərəfdaşlığı” çərçivəsində mövcud olan imkanlar vasitəsilə daha geniş əməkdaşlığı dəstəkləməyə hazır olduğuna işarə edəcək, eləcə də Aİ-nin münaqişələrin davamlı və hərtərəfli həlli səylərini təşviq etmək və fəal şəkildə dəstəkləmək əzmini vurğulayacaq.