Avropanın müxtəlif ölkələrindən 90 gənc “Erasmus+” proqramı çərçivəsində həyata keçirilən layihədə iştirak etmək üçün Azərbaycana gəlib.
"Report"un məlumatına görə, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Gənclərin İntellektual İnkişafına Yardım İctimai Birliyinin təşkilatçılığı ilə “Şuşa İli” çərçivəsində baş tutan layihənin keçirilməsində məqsəd iştirakçı ölkələrdə miqrantların və qaçqınların inteqrasiyasının metodları və təcrübələrinin mübadilə yolu ilə beynəlxalq dialoqu təşviq etməkdir.
Gənclər təşkilatlarının nümayəndələri səfər çərçivəsində öz yurd-yuvalarından 30 il ayrı düşmüş, keçmiş qaçqın və məcburi köçkünlərlə, həmçinin miqrantlarla işləyən yerli və beynəlxalq qurumlarla görüşlər keçirəcək. Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 1 milyondan artıq qaçqın və məcburi köçkün faktoru, eyni zamanda beynəlxalq təhlükəsizlik prizmasından problemin məzmununun obyektiv qiymətləndirilməsi təlimlər zamanı xüsusi müzakirə predmeti olacaq. Belə ki, 9 gün davam edən layihə çərçivəsində beynəlxalq iştirakçılara Azərbaycan təcrübəsinə əsaslanaraq qaçqın və məcburi köçkünlərin sonradan adaptasiya dövründə cəmiyyətə inteqrasiyası, sosial xidmət paketləri, məşğulluq xidməti, onlara tətbiq olunan güzəştlər haqqında məlumat veriləcək. O cümlədən “Sülh və birgəyaşayış modelinin formalaşdırılması modeli kimi Azərbaycan” adlı paneldə Azərbaycanda tolerant yaşam şəraiti, din və etiqad azadlığı, həmçinin sülhün carçısı kimi əhalinin Böyük Qayıdış prosesində ictimai iştirakçılığı haqqında müzakirələr təşkil olunacaq.
Tədbiri Gənclərin İntellektual İnkişafına Yardım İctimai Birliyinin sədri Röyal İsmayılov açaraq layihənin proqramı haqqında geniş məlumat verib.
Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev bildirib ki, Azərbaycan artıq öz ərazi bütövlüyünü təmin edərək işğaldan azad etdiyi ərazilərdə bərpa və quruculuq işlərini həyata keçirir: "Azad olunmuş ərazilərdə mədəniyyət və dini abidələrimiz, qəbristanlıqlar, təhsil müəssisələri, evlər və s. tamamilə dağıdılıb, ekologiya məhv edilib. İnsanların yaşaması üçün heç bir imkanlar qalmayıb, düşmən bütün əraziləri minalayıb. 30 ilə yaxındır öz yurd-yuvasından didərgin düşən insanlar əvvəllər çadırlarda yaşayırdı. Beynəlxalq qurumlar, xarici qeyri-hökumət təşkilatları həmin dövrlərdə çadırlarda yaşayan insanların hüquqlarının qorunması və bərpası üçün bir addım atmadı. Hamı gəlib o insanların problemlərinə qulaq asıb gedirdi, ancaq real iş yox idi. Yalnız ulu öndər Heydər Əliyevin, daha sonra isə İlham Əliyevin səyləri nəticəsində qaçqın və məcburi köçkünlərimizin dövlət qayğısı ilə tam əhatə olundular".
V.Quliyev Azərbaycanın hər zaman sülh tərəfdarı olduğunu vurğulayaraq, 30 ilə yaxın dövrdə münaqişənin dinc yolla həll olunmasına səy göstərildiyini vurğulayıb: "Danışıqlar heç bir nəticə vermədi, əksinə, aydın şəkildə müşahidə edildi ki, Ermənistan sadəcə vaxt udmaq istəyir, status-kvonu möhkəmləndirməyə, əbədi etməyə çalışır. 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti irimiqyaslı hərbi əməliyyatlara başlamasına, Azərbaycan Ordusunun mövqelərinə və mülki yaşayış məntəqələrinə atəş zərbələri endirməsinə cavab olaraq əks-hücum əməliyyatı işə düşdü. Azərbaycan artıq qalib dövlətdir, öz ərazilərini düşməndən azad edibdir. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında ərazilərimiz bərpa olunur, Qarabağa həyat qayıdır".