Avropa İttifaqı və Ədliyyə Nazirliyinin birgə layihəsinin təqdimatı keçirilib

Avropa İttifaqı və Ədliyyə Nazirliyinin birgə layihəsinin təqdimatı keçirilib Avropa İttifaqı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Azərbaycanda Mübahisələrin Alternativ Həlli və İxtisaslaşmış Məhkəmələrin İnkişafına Əlavə Dəstək” adlı layihənin təqdimatını keçirib.
Xarici siyasət
3 Fevral , 2021 10:41
Avropa İttifaqı və Ədliyyə Nazirliyinin birgə layihəsinin təqdimatı keçirilib

Avropa İttifaqı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Azərbaycanda Mübahisələrin Alternativ Həlli və İxtisaslaşmış Məhkəmələrin İnkişafına Əlavə Dəstək” adlı layihənin təqdimatını keçirir.

“Report” xəbər verir ki, tədbiri giriş sözü ilə açan ədliyyə nazirinin müavini Azər Cəfərov bildirib ki, layihə Avropa İttifaqı ilə keçirilən 13-cü layihədir.

Layihə barədə məlumat verən nazir müavini mübahisələrin alternativ həllinin müsbət tərəflərini diqqətə çatdırıb. O qeyd edib ki, bu məqsədlə “Mediasiya haqqında” qanun qəbul edilib və bu fəaliyyətin həyata keçirilməsi üçün kadr hazırlığı və digər fəaliyyət davam edir:

"Təqdimatını keçirdiyimiz layihənin də əsas hədəfləri təsadüfi seçilməmişdir. İnkişafına dəstək verilməsi nəzərdə tutulan kommersiya və inzibati məhkəmələr məhz həmin Fərmandan irəli gələn məsələlərin həlli çərçivəsində çox ciddi hazırlıq aparıldıqdan sonra yaradılmışdır. Bunun üçün öncə mülki prosessual qanunvericilik təcrübəli hakimlər, ədliyyə işçiləri, vəkillər, iqtisadçılar və s. əlaqəli mütəxəssislər tərəfindən kompleks təhlil edilmiş, yerli və beynəlxalq məhkəmə təcrübəsi öyrənilmişdir. Bu məhkəmələr müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəyə malik hakimlər hesabına formalaşdırılmış, onların qarşıda duran gözləntiləri həll edə bilmələri üçün deyərdim ki, kifayət qədər əsaslı qanunvericilik platforması yaradılmışdır. Onlar normal fəaliyyət göstərərək pandemiya məhdudiyyətlərini də gözləməklə artıq 18 mindən çox işə baxmışlar.

Bu məhkəmələrin uğurlu, başqa sözlə, müstəqil, qərəssiz, ədalətli fəaliyyət göstərmələri üçün xeyli işlər görülmüş, zəmin yaradılmışdır. Lakin, şübhəsiz, layihə çərçivəsində nəzərdə tutulan dəstək də çox yerinə düşəcək.

Hörmətli həmkarlar, bildiyimiz kimi, ölkəmiz əvvəllər fəaliyyət göstərmiş inzibati-iqtisadi məhkəmələrin fəaliyyətinə əsasən sözügedən ixtisaslaşmış məhkəmələrlə bağlı müəyyən təcrübəyə malik idi. Mübahisələrin alternativ həlli sahəsinə gəldikdə, biz bunu deyə bilmərik.
Etiraf edək ki, bir müddət əvvəl konfliktlərin məhkəmə icraatı məsrəflərinə, lazım olmayan açıqlamalara yol vermədən, gözlənti və maraqlara cavab verməyən məcburi xarakterli qərarlar qəbul olunmadan həll edilə bilməsinə çoxları skeptik yanaşırdılar.

Artıq biz görürük ki, belə bir alternativ mexanizm mümkündür və onun üstünlükləri də göz qabağındadır: bu halda qalib və uduzan olmur, barışıq proseduru nəticəsində əldə olunmuş qərarın, bir qayda olaraq, məcburi icrası tələb olunmur, çünki tərəflər ondan məmnundurlar və icrasında maraqlıdırlar. Üstəlik işgüzar və şəxsi münasibətlər saxlanılır, həssas məsələlər konfidensial müzakirə olunur, vaxt və vəsaitə qənaət edilir.

O fikirlərlə də razılaşmaq olar ki, mübahisələrin alternativ həlli üsulları məhkəmə sisteminin iş yükünün azaldılması, məhkəmələrə əlçatanlığının artırılması və s. bu kimi digər müsbət keyfiyyətlərlə yanaşı, konfliktlər zamanı hüquqların müdafiəsində vasitə seçiminə, yəni dövlət müdafə vasitələrindən və ya daha adekvat həll yolundan istifadə üçün verilən əlavə təminatdır.

Bu mühüm institutun fəaliyyətinin təmin edilməsi üçün qısa müddətdə xeyli işlər görülmüşdür. Əvvəllər məlumat verilsə də, tam təsəvvür üçün yada salıram ki, “Mediasiya haqqında” Qanun, bu fəaliyyəti tənziləyən bir neçə digər normativ hüquqi akt, o cümlədən mediasiya xidmətinə görə xərclərə, xərclərin ödənilməsinə, mediatorların hazırlanmasına, onların peşəkar etik davranışına, habelə mediasiya prosesinin həyata keçirilməsinə və mediasiya reyestrinin aparılmasına dair qaydalar qəbul olunmuş, Mediasiya Şurası hüquqi şəxs kimi qeydiyyata alınmış, onun idarə olunması üçün müşahidə şurası formalaşdırılmış, Avropa İttifaqının dəstəyi ilə 30-dək mediator təlimçisi hazırlanmış, 240 nəfər mediasiya təlimlərinə cəlb edilmiş və onların böyük əksəriyyəti (195 nəfər) mediator sertifikatı almışlar və bu proses davam etməkdədir.
Bütün bu söylənilənlər və yeni layihə çərçivəsində veriləcək əlavə dəstək ölkəmizdə məcburi mediasiyanın tətbiqinə müəyyən olunmuş müddətdə - bu ilin iyulundan başlanılacağına əsaslı əminlik yaradır.

Yeri gəlmişkən onu da qeyd etmək istərdim ki, kommersiya fəaliyyəti ilə bağlı mübahisələrin məhkəmədən kənar arbitraj prosedurları vasitəsilə də həllinə nail olmaq üçün BMT-nin Beynəlxalq Ticarət Hüququ Komissiyasının (UNCİTRAL) model qanununa və beynəlxalq təcrübəyə əsaslanaraq hazırda milli qanunvericiliyə dəyişikliklər hazırlanır.

İcrasına başladığımız layihə adını çəkdiyimiz məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi haqqında Fərmandan və “Mediasiya haqqında” Qanundan irəli gələn vəzifələrin həllinə texniki dəstək məsələlərini ehtiva edir.

Sənəddə Kommersiya və inzibati məhkəmələrin institusional bazasının təkmilləşdirilməsi, bu məhkəmələrin hakimlərinin və məhkəmə işçilərinin peşəkarlığının artırılması, bütövlükdə mediasiyanın təşkilinə və UNCİTRALla əməkdaşlığın qurulmasına köməklik göstərilməsi kimi vacib hədəflər müəyyən etmişik.

Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas bildirib ki, bu layihələrin keçirilməsi Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələrin daha da genişlənməsi ilə yanaşı, ümumilikdə Azərbaycanın məhkəmə-hüquq sistemində islahatlara töhfə olacaq.

Tədbirdə beynəlxalq ekspertlərlə yanaşı, aidiyyəti qurumların, o cümlədən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Məhkəmə-Hüquq Şurası, Ali Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi, Vəkillər Kollegiyası, Sahibkar (İşəgötürən) Təşkilatları Konfederasiyası və digər qurumların nümayəndələri iştirak edirlər.

Qeyd edək ki, layihənin əsas məqsədi ədliyyə sistemində xidmətlərin keyfiyyətini artırmaqla, əhalinin və sahibkarların ədalət mühakiməsinə çıxışını yaxşılaşdırmaqdır.

Bu məqsədə çatmaq üçün ixtisaslaşmış məhkəmələrin institusional və hüquqi potensialını artırmaqla onların fəaliyyətlərini yaxşılaşdırmaq, həmçinin, mübahisələrin alternativ həlli mexanizmlərini, o cümlədən arbitraj və mediasiyanı təşviq etmək nəzərdə tutulur.

Dörd əsas komponentdən və 40-a yaxın alt-komponentlərdən ibarət olan layihə Azərbaycan Respublikası Prezidentinin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi" haqqında 3 aprel 2019-cu il tarixli Fərmanının və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı həyata keçirilir.

Tədbirin iştirakçıları layihənin əsas komponentlərini, o cümlədən ixtisaslaşmış məhkəmələrin institusional potensialının artırılması (1-ci komponent), həmin məhkəmələrin hakimlərinin təlimləri, Ədliyyə Akademiyasının fəaliyyətinin təkmilləşdirilməsi (2-ci komponent), mediasiya təlimlərinin keçirilməsi, mediasiyanın təbliğatı (3-cü komponent), arbitrajın təşviqi, BMT-nin Beynəlxalq Ticarət Hüququ Komissiyası (UNCİTRAL) ilə əməkdaşlığın qurulması (4-cü komponent) və bu istiqamətdə həyata keçiriləcək digər tədbirləri müzakirə edirlər.

Son xəbərlər

Orphus sistemi