Bakı. 3 dekabr. REPORT.AZ/ ATƏT Xarici İşlər Nazirləri Şurasının (ATƏT XİNŞ) dekabrın 4-5-də İsveçrənin Bazel şəhərində keçiriləcək iclasında 50-yə yaxın XİN rəhbəri iştirak edəcək.
"Report" İsveçrə XİN-ə istinadən xəbər verir ki, ATƏT ölkələri, tərəfdaş ölkələr və beynəlxalq təşkilatlardan 70-dən artıq nümayəndə heyəti Bazelə gələcək.
Azərbaycanı iclasda xarici işlər naziri Elmar Məmmədyarov təmsil edəcək.
İclasın ilk günü nazirlər Ukraynadakı vəziyyəti müzakirə edəcəklər, ikinci gün beynəlxalq terrorizmlə mübarizəyə həsr olunacaq.
Bu gün Bazeldə həmçinin mülki cəmiyyət forumu keçirilir. İştirakçılar mülki cəmiyyət və gənclərin təşkilatın fəaliyyətinə cəlb olunması məsələlərini müzakirə edəcəklər.
ATƏT XİNŞ-in iclası hər il dekabr ayında keçirilir. Şurada təşkilatın ərazisində ən aktual məsələlər, il ərzində ATƏT-in fəaliyyətinin nəticələri müzakirə olunur. Toplantının yekunlarına görə, təşkilata sədrlik İsveçrədən Serbiyaya keçəcək.