"Aşqabad sammiti strateji tərəfdaşlığın möhkəmlənməsinə imkan yaradacaq"

"Aşqabad sammiti strateji tərəfdaşlığın möhkəmlənməsinə imkan yaradacaq" "Keçirilən hər bir beynəlxalq əhəmiyyətli tədbirin, toplantının əhatə etdiyi mövzu ilə yanaşı, ölkələrin malik olduqları imkanların təqdimatı baxımından da xüsusi əhəmiyyət kəsb etdiyi aydındır. Dünyanın diqqətində olan Soçi görüşünün ardınca Türkmənistan
Xarici siyasət
29 Noyabr , 2021 18:17
Aşqabad sammiti strateji tərəfdaşlığın möhkəmlənməsinə imkan yaradacaq

"Keçirilən hər bir beynəlxalq əhəmiyyətli tədbirin, toplantının əhatə etdiyi mövzu ilə yanaşı, ölkələrin malik olduqları imkanların təqdimatı baxımından da xüsusi əhəmiyyət kəsb etdiyi aydındır. Dünyanın diqqətində olan Soçi görüşünün ardınca Türkmənistanın paytaxtı Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısının keçirilməsi son günlər beynəlxalq gündəmi zəbt edən vacib məsələlər sırasındadır".

"Report" xəbər verir ki, bunu hakim Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

O deyib ki, istər tədbirdəki çıxışlarda, istərsə də Zirvə Toplantısında iştirak edən Prezident İlham Əliyevin reallaşdırdığı ikitərəfli görüşlərdə Azərbaycanın regionda və dünyada artan rolunun təqdir edilməsi, ölkəmizin tarixi Zəfərinin yaratdığı reallıqların böyük perspektivlər vəd etdiyinin vurğulanması rəsmi Bakının uğurlu siyasətinin məqsədyönlülüyünü, gələcəyə hesablandığını bir daha təsdiqlədi: "Azərbaycanın İƏT-in fəal üzvü kimi beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində hər iki quruma üzv dövlətlərlə səmərəli əməkdaşlıq qurması xarici siyasətimizin prioritet istiqamətlərindəndir".

V.Rəhimzadə qeyd edib ki, Zirvə Toplantısında Prezident İlham Əliyev tərəfindən 44 günlük İkinci Qarabağ müharibəsi, hazırkı dövrdə tarixi Zəfərimizin yaratdığı reallıqlar fonunda işğaldan azad edilən ərazilərdə bərpa və quruculuq işlərinin geniş miqyas alması, həmçinin dünyanı cənginə alan koronavirus pandemiyasına baxmayaraq Azərbaycanda dayanıqlı inkişafın təmin edilməsi konkret rəqəmlər əsasında diqqətə çatdırılıb: "Bu uğurlarımız Azərbaycanın beynəlxalq maliyyə qurumlarının hesabatlarında liderliyini qorumasını şərtləndirir. Dünya Bankı daim Azərbaycanın adını ən islahatçı ölkələr sırasında qeyd edir. Davos İqtisadi Forumunun hesabatlarında ölkə iqtisadiyyatının rəqabətqabiliyyətliyi xüsusi önə çəkilərək hər il Azərbaycan reytinq cədvəlində irəliləyir. Onu da qeyd edək ki, Davos İqtisadi Forumunun hesabatlarında Azərbaycanın yol infrastrukturunun yenilənməsinə, təkmil layihələrin icrasına göstərdiyi diqqət də xüsusi yer alır və yüksək qiymətləndirilir. Düşünürəm ki, işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərinin başa çatmasından sonra Azərbaycan bu reytinq cədvəllərində daha da irəliləyəcək. Həm bu torpaqların malik olduğu iqtisadi potensial ölkənin dayanıqlı inkişafına yönəldiləcək, həm də təkmilləşən yol infrastrukturu Azərbaycanın mövqeyinə öz müsbət təsirini göstərəcək".

Vüqar Rəhimzadə
Vüqar Rəhimzadə

O, Zirvə Toplantısında digər mühüm məqamlardan biri kimi Zəngəzur dəhlizinin açılmasının regiona gətirəcəyi yeniliklərdən danışıb: "Prezident İlham Əliyev sammitdə bəyan etdi ki, Zəngəzur dəhlizi reallığa çevrilir. Bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək. İƏT-ə üzv ölkələr bu dəhlizdən istifadə edəcəklər. Soçi görüşündən sonra Prezident İlham Əliyevin İƏT tribunasından da Zəngəzur dəhlizinin artıq reallığa çevrilməsini bəyan etməsi özündə bir sıra vacib məqamlar ehtiva edir. Azərbaycan son illər Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Zəngəzur dəhlizinin reallaşması regionun nəqliyyat sektorunun inkişafına yeni imkanlar yaradacaq".

Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin dövlətlər, xalqlar arasında körpü rolunu oynadığını xüsusi vurğulayan V.Rəhimzadə bildirib ki, yeni reallıqlar bu imkanları daha da genişləndirir: "Yeni reallıqlara uyğun yeni əməkdaşlıq formatları yaradılacaq. Qarşılıqlı əməkdaşlıq fonunda bölgənin iqtisadi inkişafı daha da sürətlənəcək. Hökumətlərarası regional təşkilat olan İqtisadi Əməkdaşlıq Təşkilatının əsas məqsədi üzv dövlətlərin və bütövlükdə bölgənin davamlı iqtisadi inkişafına töhfə verməkdən ibarətdir.

Aşqabad Zirvə Toplantısında müzakirə olunan aktual məsələlər bir daha sübut etdi ki, yalnız səyləri birləşdirməklə və İƏT-in mövcud imkanlarından daha səmərəli istifadə etməklə qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmaq mümkündür. Zirvə Toplantısının mövzusu özündə bütün hədəfləri və onlara çatmağın mexanizlərini ümumiləşdirir. "Birlikdə gələcəyə" çağırışı daim Prezident İlham Əliyevin çıxışlarının mahiyyətində dayanır. Səylər birləşdirilmədən, təcrübə müdadiləsi aparılmadan, irəliyə doğru birgə addımlar atmadan inkişafa, tərəqqiyə nail olmaq mümkün deyil. Azərbaycan əməkdaşlığa açıq ölkədir. Hesab edirəm ki, bu baxımdan Bakıda fəaliyyətə başlayacaq İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzi qurumun səmərəli fəaliyyətinin təmin edilməsinə lazımi dəstək göstərəcək, hədəflərin reallaşmasına böyük töhfələr verəcək".

Son xəbərlər

Orphus sistemi