Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası işinə başlayıb.
"Report"un xəbərinə görə, sessiyada Büronun və Daimi Komitənin hesabatı, Nazirlər Komitəsinin məlumatı, cari ilin aprelində Bolqarıstanda və Albaniyada keçirilən parlament seçkilərinin müşahidəsinin nəticələri dinləniləcək.
“Media azadlığı, ictimai etimad və xalqın bilmək hüququ” mövzusuna xüsusi diqqət yetiriləcək. COVID-19 pandemiyası ilə əlaqədar bir sıra aktual məsələlər gündəmdə olacaq.
AŞPA-nın yay sessiyasında müzakirə ediləcək vacib məsələlərdən biri Avropa Şurasının “Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında” İstanbul Konvensiyası olacaq.
Sessiya ərzində Krım tatarlarının vəziyyəti, Avropanın diaspor siyasəti, Avropada Afrofobiya ilə mübarizə və digər məsələlər də nəzərdən keçiriləcək.
Qurumun yay sessiyasında Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı nümayəndə heyətimizin rəhbəri Səməd Seyidovun başçılığı ilə deputatlar Sevinc Fətəliyeva, Rafael Hüseynov, Nigar Arpadarai, Kamal Cəfərov və Erkin Qədirli iştirak edirlər.