Yuxarı

AŞPA-nın aprel sessiyasında Azərbaycanın Avropa Məhkəməsindəki hakiminin seçilməsi məsələsinə baxılacaq

Azərbaycan 2016-cı ilin yanvarınadək hakimliyə üç namizədini müəyyənləşdirəcək və siyahını Avropa Şurasına təqdim edəcək

Bakı. 27 oktyabr. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2016-cı ilin aprelində keçiriləcək yaz sessiyasında Azərbaycanın İnsan Hüquqları üzrə Avropa Məhkəməsindəki hakiminin təyinatı məsələsinə baxılacaq.

"Report" xəbər verir ki, Azərbaycan Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri, Azərbaycanın Avropa Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov jurnalistlərə açıqlamasında belə deyib.

Ç.Əsgərov bildirib ki, Azərbaycan 2016-cı ilin yanvarınadək hakimliyə üç namizədini müəyyənləşdirəcək və siyahını AŞPA-ya təqdim edəcək. Onun sözlərinə görə, Məhkəmə Hüquq Şurası hakimliyə namizədlərin seçilməsi üçün müsabiqə elan olunub və hazırda müsabiqə davam edir.  

Qeyd edək ki, 2003-ci ildən Azərbaycanı Avropa Məhkəməsində təmsil edən X.Hacıyevin səlahiyyət müddəti bu ilin oktyabrın 31-də başa çatır.

Azərbaycan hökuməti bu ilin aprelində Avropa Məhkəməsinin hakimi vəzifəsinə üç namizəd irəli sürüb. Namizədlər Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri, Azərbaycanın Avropa Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov, Bakı Apellyasiya Məhkəməsinin hakimi Aygun Abdullayeva və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Vüsalə Baxışova olub.

AŞPA-nın Alt Komitəsi namizədləri qəbul etməyib və siyahını geri qaytarıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi