Yuxarı
    Bağlamaq

    AŞ PA məruzəçilərinin Azərbaycanda demokratik institutların fəaliyyətinə dair hesabatının ilkin versiyası qəbul edilib

    Stefan Şenak təşəbbüs və tədbirlərdən razı qalıb

    Paris. 8 sentyabr. REPORT.AZ/ Azərbaycanda demokratik institutların fəaliyyətinə dair Avropa Şurasının Parlament Assambleyasının (AŞ PA) məruzəçiləri Stefan Şenak və Sezar Florin Preda tərəfindən hazırlanmış hesabatın ilkin versiyası AŞ PA-nın Parisdə keçirilən iclasında qəbul edilib.

    "Report"un Fransa bürosuna verdiyi müsahibəsində S. Şenak iclas zamanı müzakirələrin gedişindən, o cümlədən monitorinqin gedişi zamanı Azərbaycanın hakimiyyət orqanlarının nümayiş etdirdiyi dialoq, insan hüquqları və qanunvericiklə bağlı islahatların aparılmasında göstərdiyi təşəbbüs və tədbirlərdən razı qaldığını bildirib.

    Hesabatda əksini tapmış tövsiyələrə məhkəmə orqanlarının tamamilə müstəqil şəkildə fəaliyyət göstərməsi, Avropa Şurasının standartlarına uyğunlaşdırmaq məqsədilə vətəndaş cəmiyyətlərinin fəaliyyətinə və maliyyələşdirilməsinə dair qanunvericilikdə dəyişikliklər edilməsi, yuvenal ədliyyənin yaradılması və s. daxildir.

    Hesabatda assambleyanın Azərbaycanda hakimlərin seçilməsinə dair həyata keçirdiyi yeni prosedur qaydalarının həyata keçirlməsi, bu yeni qaydalar əsasında hakimlərin 60 faizinin yenidən seçilməsi alqışlanır. Bu mövzuya toxunan Stefan Şenak Azərbaycanda hakimlərin yeniləşdirilməsinin, xüsusilə keçmiş Sovet İttifaqı qanunlarına müvafiq şəkildə işləməkdə davam edən hakimlərin tamamilə məhkəmə sistemindən uzaqlaşdırılması tədbirlərinin davam etdirilməsinin Azərbaycanda şəffaf məhkəmə sisteminin formalaşmasında böyük rol oynayacağını bildirib.

    S. Şenak qeyd edib ki, 2016-2017-ci illər ərzində Azərbaycan Respublikası Prezidentinin əfv fərmanları ilə bir sıra məhbusun azadlığa buraxılması addımı assambleya tərəfindən yüksək qiymətləndirilib. O, hesabatın son variantının qəbul ediləcəyi müddətə qədər, yəni Avropa Şurası Parlament Assableyasının 9-13 oktyabrda keçiriləcək payız sessiyasınadək digər məhbusların azadlığa buraxılmasının Azərbaycanın imicinin daha da yüksəlməsinə tohfə vermiş olacağını bildirib.

    Müsahibəsində Azərbaycanın güclü dövlət olduğunu vurğulayan məruzəçi hesabatda qeyd edilən tövsiyələrin konstruktiv xarakter daşıdığını və dövlətimizin daha da güclənməsinə xidmət edəcəyini vurğulayıb.

    Məruzəçi 13-17 sentyabrda Azərbaycana səfəri zamanı Azərbaycan Respublikası Prezidenti ilə görüşəcəyini, Prezident Administrasiyası, Ədliyyə Nazirliyi, Milli Məclisin rəhbəri, vətəndaş cəmiyyətinin üzvləri ilə görüşlər keçirəcəyini və cəzaçəkmə müəssisələrində olacağını bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi