AQTA sədri türkiyəli nazirlə görüşüb

AQTA sədri türkiyəli nazirlə görüşüb Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə rəsmi səfərdədir.
Xarici siyasət
29 Sentyabr , 2021 09:50
AQTA sədri türkiyəli nazirlə görüşüb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə rəsmi səfərdədir.

AQTA-dan "Report"a verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri ilə görüşüb.

Görüş çərçivəsində qida təhlükəsizliyi sahəsində iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə normativ hüquqi bazanın təkmilləşdirilməsi, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq üzrə Saziş”in və “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq üzrə Saziş”in imzalanması prosesinin sürətləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Ölkədə heyvan sağlamlığının təmin olunması və baytarlıq nəzarəti sahəsində işin daha səmərəli təşkili, həmçinin heyvanların identifikasiyası sisteminin qurulması ilə bağlı məsələləri diqqətə çatdıran AQTA sədri Q.Təhməzli qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahələrində birgə əməkdaşlığın bundan sonra da genişləndiriləcəyini vurğulayıb.

Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli qeyd edib ki, Azərbaycan və Türkiyə arasında qida və kənd təsərrüfatı məhsulları üzrə ticarət əlaqələrinin genişləndirilməsi məqsədilə iki ölkənin müvafiq qurumları arasında səmərəli əməkdaşlıq qurulub.

Tərəflər qida məhsullarının idxal-ixracına nəzarət prosesini sürətləndirmək məqsədilə elektron sistemlərin uyğunlaşdırılması və elektron sertifikatların tanınması üzrə işlərin həyata keçirilməsi, qida məhsullarının izlənilməsi sahəsində Türkiyə təcrübəsinin öyrənilməsi istiqamətində müzakirələr aparıb.

Görüşdə həmçinin işğaldan azad olunmuş rayonlarda heyvan xəstəliklərindən azad zonanın (HXAZ) yaradılması üzrə əməkdaşlıq, xəstəlikdən azad zona yaradılana qədər xüsusi karantin prosedurlarını tətbiq etməklə diri heyvan və heyvan mənşəli məhsulların Türkiyəyə ixrac imkanlarının nəzərdən keçirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüş çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Niyyət Bəyannaməsi”, eləcə də “Qida təhlükəsizliyi sahəsində əməkdaşlıq üzrə Birgə Fəaliyyət Planı” və bir sıra digər memorandum və saziş layihələri imzalanıb.

Son xəbərlər

Orphus sistemi