Bakı. 28 aprel. REPORT.AZ/ 2017-ci ildə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQFETM) ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü BMT Baş Assambleyasında baş tuta bilər.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Çinin Xarici İşlər Nazirliyinin Avropa və Mərkəzi Asiya departamentinin direktoru Quy Tsunya deyib.
O, həmçinin hazırda 2018-ci ildə növbəti sammitinin keçirilməsi ilə bağlı AQFETM-in digər üzvləri ilə məsləhətləşmələr prosesi getdiyini qeyd edib.
Qeyd edək ki, bu il AQFETM-in sammiti 27-28 aprel tarixlərində Pekində keçirilir.
AQFETM Asiya ölkələri arasında qarşılıqlı əlaqələr və əməkdaşlığın gücləndirilməsi məqsədilə yaradılıb. Onun tərkibinə 26 dövlət, BMT, ATƏT və Ərəb Dövlətləri Liqası (ƏDL) da daxil olmaqla 12 müşahidəçi daxildir.
Azərbaycanı iclasda xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edir.