Yuxarı

Bakıda “Anti-Azərbaycan qüvvələri: olduqları və göründükləri kimi” mövzusunda "dəyirmi masa" keçirilib

“Azərbaycanı prosesdən zəif çıxarmaq istəyirlər”

Bakı. 8 may. REPORT.AZ/ Bakı 2015 Birinci Avropa Oyunlarına Dəstək Vətəndaş Cəmiyyəti Koalisiyası “Anti-Azərbaycan qüvvələri: olduqları və göründükləri kimi” mövzusunda dəyirmi masa keçirib.

“Report”un məlumatına görə, tədbirdə millət vəkilləri, qeyri-hökumət təşkilatları və KİV rəhbərləri iştirak edib.

Çıxış edən Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqov bildirib ki, Avropa Oyunları yaxınlaşdıqca Azərbaycana qarşı anti-kampaniya güclənir. O qeyd edib ki, Qərb dövlətləri bu kampaniyanı NED və başqa beynəlxalq təşkilatlar vasitəsilə həyata keçirirlər.

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli “Qərb ölkələrində aparılan anti-Azərbaycan kampaniyasının səbəbləri və mahiyyəti” mövzusunda çıxış edərək deyib ki, Azərbaycanla bağlı bəzi xarici mətbuat orqanlarının qarayaxma kampaniyası çərçivəsində yazılar dərc olunur. O qeyd edib ki, bütün bu yazılar qərəzlidir: “Əvvəlcə diqqət edək ki, I Avropa Oyunları Azərbaycana nə verəcək? Bu Oyunlar zamanı ölkəyə xarici vətəndaşlar səfər edəcək. Onlar səfərləri zamanı Azərbaycanın tolerant olduğunu görəcəklər. Həmçinin, bu, ölkəmizin iqtisadi inkişafının təbliğinə imkan yaradacaq. Bununla da Azərbaycan erməni diasporasının ölkəmiz haqqında apardığı yalan məlumatları ifşa edəcək. Ermənistan və onun dəstəkçiləri yaranmış vəziyyətdən istifadə edərək ölkəmizə qarşı qarayaxma kampaniyası aparırlar. Beləliklə də Azərbaycanı prosesdən zəif çıxarmaq istəyirlər”.

O əlavə edib ki, hücumların digər səbəbi I Avropa Oyunları ərəfəsində Azərbaycanı nüfuzdan salmaq istəyidir: “Bu proseslərin arxasında ermənilər, onları dəstəkləyənlər durur. Ermənilər iddia edir ki, Azərbaycan tolerant ölkə deyil, ona görə də iki ölkə arasında sülh mümkün deyil, yəni, ermənilər Azərbaycanda yaşaya bilməz. Beynəlxalq yarışlar zamanı da təxribata əl ataraq, dediklərini “sübuta yetirməyə” çalışırlar. Onlar istəklərinə nail ola bilməyəcəklər”.

“Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz “İşğalçı dövlətlərə və separatçı rejimlərə münasibətdə ikili standartlar geostrateji maraqların təzahürü kimi” mövzusunda çıxış edib. O bildirib ki, Qərb ölkələri və bir sıra böyük dövlətlər onların diqtələrini yerinə yetirməyənlərə qarşı kampaniya aparırlar: “Onlar məqsədlərini həyata keçirmək üçün “narıncı inqilab”lardan tutmuş digər təxribatçı vasitələrə əl atırlar. Bir məsələyə diqqət edin, Krım Rusiya tərəfindən işğal olunduqdan sonra Avropa dövlətləri Rusiyaya qarşı sanksiya tətbiq etməyə başladılar. Amma eyni münasibəti Azərbaycana qarşı göstərmirlər. Ermənistan 20 ildən artıqdır ki, Azərbaycan ərazisi olan Dağlıq Qarabağı işğal edib. Onlar Ermənistana qarşı sanksiya tətbiq etmirlər. Bu, ikili standartdır. Avropa Parlamenti qondarma “erməni soyqırımı”nı tanıdığı halda eyni münasibəti Xocalı faciəsi ilə bağlı göstərmir. Onlar Azərbaycandakı qaçqın və məcburi köçkünlərin taleyi ilə maraqlanmırlar”.

Y.Oğuz qeyd edib ki, Azərbaycana qarşı kim çıxırsa, Qərb ölkələri ona dərhal sığınacaq verirlər: “Sonra həmin adamlardan Azərbaycana qarşı təxribat törətmək niyyətilə istifadə edirlər. Bütün bu məsələləri nəzərə alan Azərbaycan balanslı siyasət yürüdür. Bu, doğru siyasətdir. Azərbaycan bu siyasəti ilə milləti, ölkəni irəli aparacaq”.

“Sərbəst toplaşma, birləşmə, söz və ifadə azadlığı beynəlxalq təcrübədə: prinsiplər və reallıqlar” mövzusunda çıxış edən hüquq müdafiəçisi Sahib Məmmədov bildirib ki, Avropada və ABŞ-da bu prinsiplərə heç də əməl olunmur.

O qeyd edib ki, ABŞ-da Konqresin söz azadlığını qadağan edən qanun qəbul etmək səlahiyyəti olmadığına görə bu məsələ ştatlara həvalə edilib. Onun sözlərinə görə, toplaşmaq üçün bəzi ştatlarda 45, bəzi ştatlarda isə 15 gün əvvəlcədən ərizə vermək lazımdır və orada aksiyalara icazə verməmək üçün “çoxlu səbəblər” var: “Eyni zamanda, marşrut və insanların sayı dəqiq göstərilməlidir. Xırda bir texniki səhv icazə verməkdən imtina etməyə səbəb ola bilər. ABŞ-ın dünyada toplantıların dağıdılması zaman istifadə ediyi vasitələr qadağan olunan vasitələrdir. Həmin vasitələr ATƏT və digər təşkilatların qəbul etdiyi standartlara uyğun gəlmir. Azərbaycanda isə bu prosedur çox sadədir və bir müraciət ilə başa gəlir”.

Hüquq müdafiəçisi vurğulayıb ki, Azərbaycan qanunvericiliyində birləşmək üçün hökumətdən icazə tələb olunmur.

S.Məmmədov həmçinin ləğv olunan QHT-lərin sayına görə Azərbaycanın Avropadan və MDB ölkələrindən daha yaxşı göstəricilərə malik olduğu qeyd edib: “Son 20 ildə Azərbaycanda cəmi 2 təşkilat ləğv olunub. Lakin Avropa və digər ölkələrdə bu göstərici daha yüksəkdir”.

Mətbuatla bağlı mövcud vəziyyətə toxunan S.Məmmədov qeyd edib ki, Azərbaycanda istənilən fiziki və ya hüquqi şəxs xəbərdaredici ərizə göstərməklə mətbuat orqanı yarada bilər. Lakin bu, Avropada heç də belə deyil, bir çox ölkələrdə mətbuat orqanı yaratmaq üçün qeydiyyat və rüsum mövcuddur: “Bir maraqlı məsələni də qeyd edim. Azərbaycanda hakimiyyəti sərt tənqid edən mətbuat orqanları hökumətdən maliyyə yardımı alır”.

Milli QHT Forumunun prezidenti Ruaf Zeyni də çıxışı zamanı Qərb dövlətlərinin ikili standart yürütdüyünü bəyan edib: “Anti-Azərbaycan kampaniyasının təşkilatçıları elə bilirlər ki, haqlıdırlar. Belədirsə, o zaman BMT-nin qəbul etdiyi qətnaməni yerinə yetirsinlər. Azərbaycan demokratik dövlətlərdir və biz milli dövlətçiliyin tərəfindəyik”.

Tədbir digər çıxışlarla davam etdirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi