Ankarada Heydər Əliyevin anım tədbiri keçirilib
- 12 dekabr, 2022
- 12:32
Bu gün Ankarada Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondundakı (TADİV) Şuşa Konqres Mərkəzində ”Qardaşlıqdan müttəfiqliyə gedən yolda Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsinin rolu” adlı panel keçirilib.
“Report”un Ankara bürosunun xəbərinə görə, tədbir Ankara Hacı Bayram Vəli Universietetinin dekanı, professor Zakir Avşarın moderatorluğu ilə baş tutub.
Paneldə Giresun Universitetinin Xarici Əlaqələr bölməsinin rəhbəri, professor Yalçın Sarıkaya, Türkiyə Prezident yanında Təhlükəsizlik və Xarici Əlaqələr Şurasının üzvü, professor İsmail Safi, Diplomatiya Fondunun rəhbəri, dosent Oğuzhan Bilgin, “SOCAR Türkiye”nin Komunnikasiya və Dövlətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Yusifov, Türkiyədən olan gənc elm adamları və magistrantlar mövzu ilə bağlı çıxış ediblər.
“Beynəlxalq münasibətlər perspektivindən Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin formalaşmasında rolu” mövzusunda danışan Yalçın Sarıkaya bildirib ki, 1918-ci ildə müstəqil Azərbaycanın qurucuları Məhəmməd Əmin Rəsulzadə və silahdşalarının ucaltdıqları bayraq Heydər Əliyevin dəmir iradəsi və uzaqgörən siyastilə bir daha enməz oldu.
Azərbaycan tarixinin Türkiyədə hələ də kifayət qədər öyrənilmədiyini vurğulayan Y.Sarıkaya Heydər Əliyevin sovetlər dönəmində Azərbaycanda məqsədli şəkildə türkçülüyün məhvinə yönləndirilmiş planların qarşısını aldığını deyib: “Heydər Əliyevin əzmi və mübarizəsi bu fürsəti o planı quranların əlindən aldı. Bundan başqa Heydər Əliyev sovet Azərbaycanına rəhbərlik etdiyi müddətdə öz prinsipiallığı, səriştəsi və dərin biliyi sayəsində ölkəsini Sovet İttifaqının ən qabaqcıl respublikaları sıralarına çıxarmışdı”.
O qeyd edib ki, 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycanda bütün sahələrdə islahatlar aparılıb, surətli inkişafa nail olunub, neft sahəsində “Əsrin müqaviləsi” imzalanıb, ölkənin xarici əlaqələri genişlənib.
Y.Sarıkaya diqqətə çatdırıb ki, H.Əliyevin hakimiyyəti illərində Bakı-Ankara münasibətləri inkişaf edib, Azərbaycanla Türkiyə arasında hərbi və hərbi-texniki sahədə müqavilələr imzalanıb.
Daha sonra İsmayıl Safi “Türkiyə-Azərbaycan əlaqələrində Heydər Əliyev şəxsiyyətinin rolu”, Oğuzhan Bilgin “Heydər Əliyev və Naxçıvandan türk dövlətləri təşkilatına gedən yol”, Mikayıl Yusifov “Azərbaycanın enerji siyasətində Heydər Əliyevin rolu” mövzularında çıxışlar ediblər.
Türkiyəli universitet tələbələri Heydər Əliyevin həyatı və siyasi fəaliyyətindən, Türkiyə-Azərbaycan münasibətlərinin təməlinin güclənməsindəki rolundan bəhs ediblər, tələbələrin Heydər Əliyev haqqında hazırladıqları videomateriallar nümayiş etdirilib.