"Ermənistan güclü təbliğat hesabına beynəlxalq ictimaiyyəti rahatlıqla aldadır".
Bunu “Report”a açıqlamasında amerikalı jurnalist, milli təhlükəsizlik üzrə analitik, vəkil İrina Zukerman deyib.
Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət təbliğat hesabına rahatlıqla aldadılır və nəticədə heç bir sübut olmadan Qarabağ və Azərbaycan həqiqətləri təhrif olunmuş formada göstərilir:
“Ona görə də beynəlxalq ictimaiyyət Ukraynanı müstəqil dövlət, Donetski onun suveren ərazisi kimi qəbul etdiyi halda, Qarabağ, BMT-nin qəbul etdiyi dörd qətnaməyə baxmayaraq, hələ də bir sıra Qərb mediasında mübahisəli ərazi kimi təqdim olunur. Həmçinin orada yaşayan ermənilərə Azərbaycan vətəndaşı kimi yox, Ermənistanla əlaqələri olmadan mövcudluğu mümkün olmayacaq bir toplum kimi baxılır”.
Ekspert qeyd edib ki, Ukrayna məsələsində Rusiyanın törətdiklərini inkar etməsini çətinləşdirən video və foto sübutlar var. Bakı və İrəvan məsələsində isə Ermənistanın iddialarla bağlı real faktı olmasa da, beynəlxalq ictimaiyyət yolun bloklanması iddiasının təsir altındadır:
“Çünki erməni lobbisi uğurlu şəkildə belə bir hekayə uydurub və bu hekayənin təbliğinə Atlantik Şura kimi “mötəbər” Qərb mənbələri kömək edib. Halbuki qeyd etdiyim kimi, onlar bu istiqamətdə heç bir ciddi dəlil göstərə bilmirlər, sadəcə saf dinləyicilərə anekdot kimi qiymətləndirə biləcəyimiz nağıllar danışırlar”.
İ.Zukerman hesab edir ki, bunların qarşısını almaq üçün bölgənin aydın peyk görüntülərini çıxarıb qanuni yardıma heç bir maneənin olmadığını göstərmək lazımdır:
“Eyni zamanda bölgəni yaxşı bilən siyasətçilərin bu istiqamətdə açıqlamalar verməsi vacibdir. Həmçinin bu hadisə ilə paralel olaraq Ermənistanın etirazlarının tam müstəqil olmadığı, sülh prosesini pozmağa çalışan Rusiyadan birbaşa ilhamlandığı vurğulanmalıdır. Bakının təhlükəsizliyini qorumaq yönündəki mövqeyindən daşınmayacağı aydın göründüyü halda, Paşinyanın bu uydurma hekayədən nə kimi güzəştlərə ümid etdiyi bəlli deyil. Ermənistanın təbliğatı sadəcə olaraq Qərb mətbuatında onilliklər boyu qəsdən təhrif edilmiş məlumatlara söykənir. Həmin təhrif edilən məlumatlara “Dağlıq Qarabağ” termininin istifadəsi, II Qarabağ müharibəsi haqqındakı dezinformasiyalar daxildir. Bütün bunların yayılması Qərb ölkələrindəki müxtəlif xristian təşkilatlarının səssiz şərikliyi ilə mümkün olub. Onların əksəriyyəti Azərbaycana səfər etmiş və nəzəri olaraq reallığı bilən, lakin erməni lobbisinin yalanları ilə üzləşməkdənsə, əvəzində onların ianələrini sakitcə götürməyə üstünlük verənlərdir. Bu cür kampaniyalarda iştirak edən hər bir şəxsin Bakıda gözəl vaxt keçirdiyini, öz ölkələrinə qayıtdıqdan sonra isə erməni lobbisi ilə görüşdüyünü əks etdirən fotolarını yayımlayaraq onların kim olduqlarını üzə çıxarmaq lazımdır”.