Yuxarı

Almaniyada Azərbaycanla bağlı konfrans keçirilib

Bu ilin payızında Viadrina Universitetində Azərbaycanla bağlı xüsusi tədbirin təşkil olunması təklif edilib

Bakı. 8 iyun. REPORT.AZ/ Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası Almaniyada konfrans keçirib. Şuradan "Report"a verilən xəbərə görə, Almaniyanın Frankfurt-am-Oder şəhərində yerləşən Viadrina Universitetində təşkil olunan tədbir xarici QHT-lər üçün qrant müsabiqəsi çərçivəsində "Qafqaz və Xəzər regionunun araşdırılması üzrə Berlin Avropa İnstitutu"nun təşkilatçılığı ilə baş tutub.

Toplantının ilk hissəsində iştirakçılar Azərbaycanla bağlı Almaniyada mövcud olan stereotiplər haqqında fikirlərini bölüşüblər. Müzakirələr zamanı məlum olub ki, Viadrina Universitetində keçmiş MDB ölkələrinə dair davamlı tədqiqatların aparılmasına baxmayaraq, tələbələr Azərbaycan barədə məhdud informasiyaya malikdir. Professor Knefelkamp bu ilin payızında Viadrina Universitetində Azərbaycanla bağlı xüsusi tədbirin təşkil olunmasını təklif edib.

Tədbirin ikinci yarısında Azərbaycanın Almaniyadakı səfirliyinin müşaviri Rizvan Nəbiyev çıxış edərək ölkənin siyasi, iqtisadi, sosial və digər sahələrdə qazandığı uğurlardan bəhs edib. O, həmçinin Almaniya-Azərbaycan münasibətlərinin inkişafına toxunaraq iki ölkənin bir çox sahələrdə yaxından əməkdaşlıq etdiyini vurğulayıb.

Konfransda çıxış edən Humboldt Universitetinin professoru Eva-Maria Aux almanların Azərbaycanda məskunlaşma tarixi, ölkədə müxtəlif dini və milli mənsubiyyətə aid olan insanların yüzillər boyu sülh şəraitində yaşaması haqqında danışıb.

"Qafqaz və Xəzər regionunun araşdırılması üzrə Berlin Avropa İnstitutu"nun rəhbəri Matias Dornfeldt tədbir iştirakçılarının diqqətini Azərbaycanda səmərəli idarəetmə və elektron hökumət sahələrində həyata keçirilən müsbət islahatlara çəkərək, ASAN xidmət mərkəzlərinin fəaliyyətinin nümunəvi model olduğunu deyib. Təşkilatın sədri ASAN xidmət mərkəzlərinin yaradılmasında məqsədin şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, əhalinin sosial problemlərinin səmərəli həlli və inzibati sahədə effektivliyin artırılması olduğunu vurğulayıb.

Konfrans mövzu ətrafında müzakirələrlə davam etdirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi