Almaniya səfiri Göygöl və Şəmkirə səfər edib

Almaniya səfiri Göygöl və Şəmkirə səfər edib Mixael Kindsqrab Azərbaycanın alman mühacirlərin xatirəsinin qorunub saxlanılması ilə əlaqədar səylərini yüksək qiymətləndirib
Xarici siyasət
28 Oktyabr , 2016 12:07
Almaniya səfiri Göygöl və Şəmkirə səfər edib

Bakı. 28 oktyabr. REPORT.AZ/ Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab Göygöl və Şəmkir rayonlarına səfər edib.

Səfirlikdən "Report"a verilən məlumata görə, M.Kindsqrab oktyabrın 24-də Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidovla görüşüb və onunla rayonun tarixi və inkişafı ilə əlaqədar fikir mübadiləsi aparıb. İcra başçısı səfiri Göygöldə Azərbaycan torpağında ilk alman mühacirlərin məskunlaşdığı küçələrlə tanış edərək, rayonda şvab kolonistlərinə məxsus olan çoxsaylı ev, o cümlədən keçmiş lüteran kilsəsi (hazırda regional muzey) və musiqi məktəbinin son onilliklərdə zövqlə bərpa edildiyini bildirib. Eyni zamanda, səfər çərçivəsində rayonun bir neçə il əvvəl vəfat etmiş ən son alman məskunu Viktor Klaynın evi də ziyarət olunub. Bundan başqa, şərab zavodunda səfirə yeni istehsal üsulları təqdim edilib. Burada da alman mühacirlərin izlərinə rast gəlinir, çox yaxşı qorunub saxlanmış şərab zirzəmisi rayonun şərabçılıqla əlaqədar qədim tarixi ənənələrini hiss etmək və bu haqda düşünmək imkanı yaradır. 

M.Kindsqrab Azərbaycan dövlət qurumlarının alman mühacirlərin xatirəsinin qorunub saxlanılması ilə əlaqədar səylərini yüksək qiymətləndirib.

Almaniya-Azərbaycan münasibətlərində aktual məsələlər Göygöl rayonundan seçilmiş deputat Rövşən Rzayevlə görüşdə intensiv müzakirə olunub.

M.Kindsqrab oktyabrın 25-də isə Şəmkir rayonuna səfər edib, deputat Sona Əliyeva ilə görüşüb, icra hakimiyyətinin nümayəndələri ilə danışıqlar aparıb. Səfir bayraq meydanı və gənclər evində də olub. M.Kindsqrab keçmiş kilsəni və şvab mühacirlər tərəfindən salınmış içəri şəhəri ziyarət edib. "AzAqro"nun istixanalarında səfirə ən yüksək beynəlxalq səviyyədə həyata keçirilən gül və tərəvəz istehsalı təqdim edilib. M.Kindsqrab Azərbaycan tərəfinin iqtisadiyyatın şaxələndirilməsi ilə əlaqədar səylərini yüksək qiymətləndirib və Almaniya-Azərbaycan biznes əlaqələrinin genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb. Səfir bildirib ki, Moskvadan başqa MDB məkanında yeganə Bakıda fəaliyyət göstərən Alman-Azərbaycan xarici ticarət palatası biznesdə maraqlı alman və azərbaycan şirkətləri üçün yaxşı imkandır.

Son xəbərlər

Orphus sistemi