Almaniya-Azərbaycan Forumunun üzvlərinin illik toplantısı və idarə heyətinin iclası keçirilib.
"Report" xəbər verir ki, əvvəlcə Forumun idarə heyətinin sədri, keçmiş dövlət katibi Hans-Eberhard Şlayer təşkilatın cari fəaliyyəti barədə Forum üzvlərinə hesabat verib, o cümlədən tədbir iştirakçılarını pandemiya dövrünün Forumun fəaliyyətinə təsirləri, təşkilatın üzləşdiyi çağırışlar, gələcək planlar və nəzərdə tutulmuş layihələr barədə məlumatlandırıb.
Azərbaycanın AFR-dəki fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov tədbirdə çıxış edib. O, ötən ilin payızında baş vermiş Vətən Müharibəsində əldə edilmiş şanlı qələbəmizə istinadən regionda baş verən proseslər, post-münaqişə dövrünə aid məsələlər və Azərbaycanın regionda davamlı sülh və inkişafın təmin olunmasına dair yanaşmaları barədə ətraflı məlumat verib. Səfir, eləcə də, Azərbaycan-Almaniya münasibətlərindən bəhs edərək, post-münaqişə dövrünün ikitərəfli münasibətlər üçün yaratdığı perspektivləri dəyərləndirib. O, Forumun yeni vəziyyətdə iki ölkə arasında münasibətlərin dərinləşməsinə verə biləcəyi töhfələri qeyd edib, təşkilatın gələcək fəaliyyəti üçün təkliflərini bölüşüb.
Daha sonra tədbir iştirakçıları Azərbaycanda və onun ətrafında gedən proseslər, ölkəmizin ictimai-siyasi həyatının aktual məsələləri, Azərbaycan-Almaniya münasibətlərinin mövcud durumuna dair fikir mübadiləsi aparıblar. Səfir Ramin Həsənov Forum üzvlərinin suallarını cavablandırıb. Hans-Eberhard Şlayer Almaniya ictimaiyyətinin post-münaqişə reallıqlarına dair daha ətraflı məlumatlandırılması və Forumun ictimai fəaliyyətinin səmərəli təşkili məqsədilə müntəzəm təmasların vacib olduğunu vurğulayıb.
Forum üzvləri təşkilatın qarşıda duran vəzifələri kimi alman iş adamlarının Azərbaycana növbəti səfərlərinin təşkil edilməsi, ölkəmizin zəngin mədəniyyətinin tanıtdırılması üçün tədbir və layihələrin həyata keçirilməsi, Xocalı soyqırımının ildönümü ilə bağlı Berlində keçirilən və ictimai-siyasi dairələrdə böyük rezonans doğuran ənənəvi simpoziumun gələn il də yüksək səviyyədə baş tutması üçün hazırlıq işlərinin aparılması və Səfirliklə əməkdaşlıq çərçivəsində digər tədbirlərin görülməsini razılaşdırıblar.
Sonda Forum üzvlərinin səsverməsi yolu ilə təşkilatın idarə heyətinin üzvləri, sədri, sədr müavinləri, xəzinədarı, icraçı direktoru vəzifələrinə seçkilər keçirilib və 2021-ci il üçün büdcə hesabatı qəbul edilib. Hans-Eberhard Şlayer növbəti müddət üçün Forumun sədri vəzifəsində təsdiqlənib.