Aİ və UNDP Azərbaycanda sosial sahibkarlığın inkişafını dəstəkləyir

Aİ və UNDP Azərbaycanda sosial sahibkarlığın inkişafını dəstəkləyir Azərbaycanda sosial sahibkarlığın inkişafı proqramına dəstək məqsədilə Avropa İttifaqı (Aİ) və BMT İnkişaf Proqramı (UNDP) arasında müzakirələr davam etdirilir.
Xarici siyasət
12 Aprel , 2022 11:36
Aİ və UNDP Azərbaycanda sosial sahibkarlığın inkişafını dəstəkləyir

Azərbaycanda sosial sahibkarlığın inkişafı proqramına dəstək məqsədilə Avropa İttifaqı (Aİ) və BMT İnkişaf Proqramı (UNDP) arasında müzakirələr davam etdirilir.

“Report” xəbər verir ki, UNDP-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Suhrob Hocimatov və Sosial sahibkarlıq üzrə beynəlxalq ekspert Lana Lovaşiçin iştirak etdiyi bugünkü tədbirdə Azərbaycanda sosial sahibkarlıqla bağlı əsas çağırışlar və problemlərin həlli müzakirə olunub.

UNDP-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Suhrob Hocimatov çıxışı zamanı sosial-iqtisadi problemlərin həllində, həmçinin Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) əldə olunmasında sosial sahibkarlığın dəyərli rola malik olduğunu vurğulayıb.

“Bu layihənin bir parçası olmaqdan məmnunam. İşsizlərə və imkanları məhdud olan şəxslərə kömək etmək istəyirik. DİM mütləq nəzərə alınmalıdır, çünki onlar olmadan uğur əldə etmək çətindir. Bu məqsədlərin əldə olunmasında dövlətin, cəmiyyətin və özəl biznesin iştirakı vacibdir. İnklüziv inkişaf üçün uzunmüddətli inkişafı təmin etmək məqsədilə müəyyən resurslar tələb olunur”, -S.Hocimatov deyib.

Onun sözlərinə görə, UNDP Azərbaycanda sosial sahibkarlığı bundan sonra da dəstəkləməyə, ölkədə insanların həyat səviyyəsini yaxşılaşdıracaq məsələləri müzakirə etməyə hazırdır.

Ekspert L.Lovaşiç tədbirin sahibkarların mövqeyini öyrənmək üçün keçirildiyini vurğulayıb: “Hər kəsin iştirak edəcəyi proses yaratmalıyıq. Onların problemlərini tam şəkildə anlamaq üçün SWOT təhlilindən istifadə edəcəyik”.

Son xəbərlər

Orphus sistemi