Prezident İlham Əliyev Qarabağa qayıdışla bağlı beynəlxalq forumda iştirak edib - YENİLƏNİB - 2

Prezident İlham Əliyev Qarabağa qayıdışla bağlı beynəlxalq forumda iştirak edib - YENİLƏNİB - 2 Dekabrın 6-da ADA Universitetində “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Forum keçiriləcək.
Xarici siyasət
7 Dekabr , 2023 06:10
Prezident İlham Əliyev Qarabağa qayıdışla bağlı beynəlxalq forumda iştirak edib - YENİLƏNİB - 2

Dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumu keçirilib.

"Report" xəbər verir ki, Forumu açan ADA Universitetinin rektoru Hafiz Paşayev dedi: Zati-aliləri Prezident İlham Əliyev, ADA Universitetinin təşkil etdiyi forumun hörmətli iştirakçıları.

Cənab Prezident, bu gün Sizi və bütün iştirakçıları bu tarixi dövrdə universitetimizdə salamlamaqdan böyük şərəf və məmnunluq duyuram. Biz qürur hissi ilə deyə bilərik ki, Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Bu mühüm nailiyyət Sizin uzaqgörən liderliyiniz sayəsində mümkün olmuşdur. Prezident İlham Əliyevin uzunmüddətli səyləri ilə bütün Azərbaycan cəmiyyəti vahid amal naminə səfərbər oldu. Bu qətiyyətli Qələbə Qarabağın 30 illik işğalına son qoydu. Cənab Prezident, icazə verin Sizi bu misilsiz nailiyyət münasibətilə təbrik edim və Sizə Qarabağın bərpası və yenidən qurulması işində uğurlar diləyim.

Qarşımızda nəhəng vəzifə var. İnfrastruktur layihələri ilə yanaşı əsas vəzifə azərbaycanlı məcburi köçkünlərin rahat qayıdışı və məskunlaşmasıdır. Bir milyona yaxın azərbaycanlı işğalın qurbanı olub, onların evləri talan edilib və dağıdılıb. Hökumətin tapşırığı əsasında son 3 il ərzində ADA Universitetinin tədqiqatçıları məcburi köçkün ailələri ilə görüşərək onların ehtiyacları və prioritetlərini daha yaxşı anlamaq üçün müxtəlif sorğular aparmışdır. Onların əksəriyyəti doğma şəhər və kəndlərinə qayıdışla bağlı böyük istək ifadə etmişdir.

Dünən forum iştirakçıları azad olunmuş Zəngilan rayonunun ağıllı və ekoloji cəhətdən təmiz Ağalı kəndindəki inkişafın şahidi olmuşlar.

Məşhur beyin və tədqiqat mərkəzlərini təmsil edən 60-dan artıq xarici qonağın iştirak etdiyi bu forum qayıdış prosesinin sosial, iqtisadi, təhlükəsizlik və infrastruktur aspektlərini və Azərbaycanda beynəlxalq təcrübənin tətbiqini müzakirə etməyə imkan verəcək.

Cənab Prezident, forum iştirakçıları ilə görüşməyə razılıq verdiyinizə və məcburi köçkünlərin qayıdışı ilə bağlı müzakirədə iştirak etdiyinizə görə Sizə təşəkkür edirəm. Bu mövzuda Sizin baxışınız bizim regionumuz və daha geniş coğrafiya ilə məşğul olan bütün təhlilçilər və tədqiqatçılar üçün çox faydalı olacaqdır. Zati-aliləri söz Sizindir.

Prezident İlham Əliyev: Təşəkkür edirəm. Xanımlar və cənablar sabahınız xeyir. Əvvəlcə rektor Hafiz Paşayevə dəvətə görə təşəkkür edirəm. İlk dəfə deyil ki, mən ADA Universitetinin forumunda iştirak edirəm. Əslində, mən hər birində iştirak etmişəm. Sonuncu dəfə biz bu ilin may ayında bir qrup beynəlxalq mütəxəssis ilə Şuşada görüşdük və şadam ki, bu dəfə siz Azərbaycanın daha bir azad edilmiş bölgəsi olan Zəngilana səfər etdiniz, bərpa və məskunlaşma işlərinin şahidi oldunuz. Mən bu cür toplantıları faydalı hesab edirəm, çünki bu təmas vaxtı biz bir sıra vacib məsələləri müzakirə edirik. Mən də beynəlxalq ekspert dairələrində regionumuzda cərəyan edən son proseslərlə bağlı hansı sualların olduğunu daha da yaxşı anlayıram.

Regionda vəziyyət dəyişir və böyük dərəcədə dəyişikliklərin təşəbbüskarı Azərbaycandır. Bu təbiidir, çünki biz Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin üzərində suverenliyini tam bərpa etməli idik. Biz bunu sülh yolu ilə etmək istəyirdik, eyni şəkildə biz təqribən 30 il ərzində Ermənistan ilə münaqişəni dinc yolla həll etmək istəyirdik. Lakin, təəssüflər olsun ki, bu mümkün olmadı. Bunun bir çox səbəbi var idi və biz onları ötən görüşlərimizdə ətraflı şəkildə müzakirə etmişik.

May ayındakı sonuncu görüşümüzdən bu yana, - tam bu heyətlə deyil, ancaq Şuşada olan iştirakçıların əksəriyyəti bu gün buradadır, – bizim hələ də ümidlərimiz var idi ki, Ermənistanın rəhbərliyini özünün beynəlxalq öhdəliklərini əməl etməyə inandırmaq mümkün olacaq. Xüsusilə də 2020-ci il noyabrın 10-u erkən saatlarda mənim, Rusiya Prezidentinin və Ermənistanın baş nazirinin imzaladığı Bəyanatla bağlı. Biz ümid edirdik ki, onlar öz imzalarına hörmət edəcək və uzun müddət davam edən qarşıdurmaya son qoymaq üçün vacib addımlar atacaqlar. Başqa sözlə desək, onlar öz qoşunlarını Qarabağdan çıxarmalı idilər. Onlar müxtəlif səbəblərdən bunu etmədilər.

Biz iki il yarım bundan əvvəl suverenliyimizi bərpa edərkən gözlədiyimizin şahidi olduq – Qarabağda Ermənistana məxsus böyük sayda hərbçilər var idi və onlar orada beynəlxalq hüquqa məhəl qoymadan yerləşdirilmişdilər. Onların sayı 15 minə yaxın idi. Üç il ərzində biz səbirli davrandıq, ümid edirdik ki, nəhayət bu vəziyyətin həll yolu tapılacaq. Biz dərk edirdik ki, vəziyyət anormaldır və İkinci Qarabağ müharibəsi bitəndən sonrakı dövrdə bizim təklifimiz çox aydın idi – Qarabağda yaşayan insanların iki seçimi var. Biri Azərbaycan vətəndaşları olmaqdır və biz bunun üçün hüquqi və təhlükəsizlik çərçivəsi yaradırıq. Yaxud yaşayış üçün başqa yer tapsınlar. Başqa seçim yoxdur. Digər seçim isə özlərinin hesab etmədikləri ölkədə yaşayış və işləmək üçün icazənin alınmasıdır.

Bu seçimlər verilmişdi və təəssüflər olsun ki, bizim müraciətlərimiz və bəyanatlarımız lazımi şəkildə dəyərləndirilmədi.

May ayında Şuşadakı görüşümüzdən sonra may ayının sonunda Laçına qayıtmış keçmiş məcburi köçkünlərlə görüşdə mən vəziyyətlə bağlı mövqeyimi ifadə etdim və bildirdim ki, bu məsələnin normal həlli yolunu tapmaq üçün imkan var. Onu da dedim ki, separatçıların liderlərinin təslim olacağı təqdirdə onların amnistiyaya düşmək fürsəti olacaqdır. Bu, ictimai bəyanat idi. Təəssüflər olsun ki, bir daha mənim sözlərim lazımi şəkildə qiymətləndirilmədi. Hazırda separatçıların liderləri Azərbaycandadır. Onlar bura gəlmək istəyirdilər. Onlar bizi hədələyirdilər ki, buraya tank üzərində gələcəklər. Bu gün isə Azərbaycanın ədliyyəsinin hökmünü gözləyirlər.

Buna baxmayaraq biz ümid edirdik ki, Qarabağ ermənilərinin nümayəndələri ilə təmaslar qura biləcəyik. Lakin orada dırnaqarası hakimiyyəti inhisara götürmüş adamlar buna imkan vermədilər. Bundan əlavə, iki hadisə baş verdi ki, bu, bizim üçün sonuncu, qırmızı xəttin keçilməsi demək idi. Birincisi, Ermənistanın baş nazirinin dırnaqarası dağlıq qarabağ respublikasının dırnaqarası müstəqilliyi münasibətilə təbriki idi ki, bu, Ermənistanın baş nazirinin dedikləri və imzaladığı ilə tam ziddiyyət təşkil edirdi. Çünki keçən ilin oktyabrında Ermənistanın baş naziri Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımışdır və həmin ruhda olan çoxsaylı bəyanatlardan sonra separatçılara təbrik göndərmək tamamilə qəbuledilməz və ziddiyyətli idi.

İkinci və sonuncu qırmızı xətt isə həmin hadisədən bir həftə sonra dırnaqarası dağlıq qarabağ respublikasının dırnaqarası prezidentinin seçkiləri idi ki, bu da İkinci Qarabağ müharibəsindən sonra əldə olunmuş şifahi razılıqların tamamilə pozulması oldu. Razılıq ondan ibarət idi ki, həmin ərazidə hər hansı dəyişikliklər baş verməyəcək.

Beləliklə, bir gündən də az sürən antiterror əməliyyatı bizə imkan verdi ki, suverenliyimizi bərpa edək. Yeri gəlmişkən, əməliyyat elə tərzdə aparılmışdır ki, mülki infrastruktura zərər dəyməyib və dinc əhali arasında itkilər olmayıb. Əməliyyat başlayan anda bəyan etdik ki, Ermənistan ordusu silahları yerə qoyan kimi biz dayanacağıq və onlara oraları tərk etməyə icazə verəcəyik. Əməliyyat 24 saatdan az sürdü və onlar təslim olduqlarını bəyan edəndən sonra bütün fəaliyyətlər dayandırıldı.

Beləliklə, bu, bizim may ayında sonuncu görüşümüzdən sonra baş vermiş ən mühüm hadisələr idi. İndi isə biz bir neçə beynəlxalq çağırışla üz-üzəyik. Təəssüflər olsun ki, biz tərəfdaş hesab etdiyimiz bəzi ölkələr tərəfindən anlaşılmazlıq görürük və biz mövqeyimizi izah etməyə çalışırıq. Həm də izah edirik ki, beynəlxalq hüququn normaları hər kəs üçün mütləqdir və selektiv yanaşmaya yol vermək olmaz. Azərbaycan etdiyini BMT Nizamnaməsinin özünümüdafiə ilə bağlı 51-ci maddəsinə uyğun olaraq edib. Bu, beynəlxalq hüquqa əsasən olunub və istənilən ölkə kimi Azərbaycanın da suveren hüququ var ki, ərazisinə tam nəzarət etsin.

Siz dünən Zəngilanda olmusunuz. Bilirəm ki, mənim azad olunmuş ərazilərdəki nümayəndələrim yenidənqurma və bərpa işləri ilə bağlı sizə məlumat veriblər və bununla bağlı təfərrüata varmağa ehtiyac görmürəm. Əlbəttə, bununla bağlı suallarınız olarsa cavab verməyə hazıram. Ancaq bununla vaxtınızı almaq istəmirəm. Çünki son 3 ildə görülən işlərdən danışsam, vaxtımız başa çatar. Mən çıxışımı burada dayandırım və müzakirəmizi davam edək.

Prezidentin köməkçisi Hikmət Hacıyev: Cənab Prezident, icazənizlə tədbirimizin sual-cavab hissəsinə keçək. İştirakçılardan xahiş edirəm özlərini təqdim etsinlər, hansı təşkilatı və ölkəni təmsil etdiklərini bildirsinlər. Birinci sual səfir Metyu Brayzadandır.

Səfir Metyu Brayza: Cənab Prezident, mənim adım Metyu Brayzadır və mən Ceymstaun Fondunu təmsil edirəm. Bilirəm ki, yenidənqurma işləri haqqında danışmayacağıq. Lakin deməliyəm ki, mən dərin təəssürat altındayam. Strateji planlaşdırma, nəhəng icra və əlaqələndirmə prosesi, minatəmizləmə, infrastrukturun bərpası və artıq insanların geri qaytarılması - bütün bunlar haqqında az öncə rektorla da danışırdıq. Bizim yaşadığımız dövrdə dünyanın heç bir yerində darmadağın edilmiş geniş bir ərazinin yenidən qurulduğu ikinci belə məkan yoxdur. Bu, görünməmiş haldır və biz bunun şahidi oluruq, buna görə də Sizə təşəkkür edirik. Mənim həm sualım, həm də şərhim olacaq.

Mən uzun müddət bu münaqişə ilə məşğul idim və hər zaman Azərbaycanın, şəxsən Sizin mövqeyiniz ondan ibarət idi ki, əlbəttə, Siz istəyirdiniz Azərbaycanın suverenliyi və ərazi bütövlüyü bərpa olunsun, azərbaycanlı məcburi köçkünlər qayıtsın. Ancaq bununla yanaşı, Siz istəyirdiniz ki, erməni əhalisi də qayıtsın, qalsın və yenidən azərbaycanlılarla qonşu olsunlar. Müharibə zamanı da Siz bir neçə müsahibədə bunu qeyd etdiniz. Baş nazir Paşinyan bunu dərk edirmi və özünün seçicilərini buna inandırmağa çalışırmı? Təşəkkür edirəm.

Prezident İlham Əliyev: Birincisi şahidi olduğunuz yenidənqurma işləri və planlarımızla bağlı xoş sözlərə görə təşəkkür edirəm. Biz əlimizdən gələni edirik ki, keçmiş məcburi köçkünlər üçün ən yaxşı şərait yaradılsın. Onlar buna layiqdirlər, çünki onlar 30 il ərzində çətin şəraitdə yaşayıblar. Burada söhbət təkcə fiziki durumdan getmir. Söhbət 30 il ərazində doğma evlərindən məhrum edilmiş insanların psixoloji vəziyyətindən gedir. Onlar geri qayıtmaq vaxtını gözləyirdilər və bu gün biz əraziləri azad etdiyimiz üçün əlimizdən gələn hər şeyi edirik ki, prosesi sürətləndirək. Biz təhlükəni də yaxşı anlayırıq. Siz minaları qeyd etdiniz, bu, ən böyük təhlükələrdən biridir. Eyni zamanda, biz hər şeyi lazımi qaydada etmək istəyirik. Proses mümkün qədər tez keçməlidir, lakin fikrimiz ondan ibarətdir ki, burada ən yaxşı memarlıq təcrübəsi və ən yaxşı texnologiya, o cümlədən yaşıl texnologiya tətbiq edilməlidir ki, yaşayış üçün ən yaxşı şərait yaradılsın.

Beləliklə, azad olunmuş ərazilər şəhərlərin inşası baxımından yeni yanaşma nümayiş etdirəcək. Hesab edirəm ki, bu təcrübə bir çox ölkələr və şəhərlər üçün faydalı olacaqdır, o şəhərlər ki, müəyyən dərəcədə bizimlə eyni vəziyyətdədir.

Əsas məsələ keçmiş məcburi köçkünlər üçün yaxşı şərait və iş yerləri yaratmaqdır. Yeri gəlmişkən onu da deyim ki, iş yerlərinin yaradılması da vacib sahələrdəndir və biz qayıdış prosesini planlaşdırarkən diqqətimizi buna yönəldirik. Beləliklə, geri qayıdan insanların əksəriyyəti artıq işlə təmin edilib və bu bir daha onu nümayiş etdirir ki, bizim yanaşmamız hərtərəflidir.

Sualınıza gəldikdə deyə bilərəm ki, İkinci Qarabağ müharibəsinin bitməsindən sonrakı 3 il ərzində mən ictimai şəkildə bəyan edirdim ki, biz Qarabağda yaşayan erməniləri öz vətəndaşımız hesab edirik. Biz düşünürük ki, onlar separatçıların liderləri tərəfindən manipulyasiya edilirlər. Biz onlara həmin ərazidə qalmaq və yaşamağa davam etmək üçün şərtlərimizi təklif etdik. Dediyim kimi, bu, tamamilə beynəlxalq hüquqa uyğun idi. Onların edəcəkləri yeganə iş Azərbaycan vətəndaşlığı üçün müraciət etmək idi. Onların hüquqları və təhlükəsizliyi məsələləri də nəzərə alınmışdı. Biz dəfələrlə demişdik ki, onların təhlükəsizliyi Azərbaycanın Konstitusiyasına uyğun və beynəlxalq təşkilatlar qarşısındakı öhdəliklərimizə əsasən təmin ediləcək. Hüquqlara gəldikdə, biz ictimai şəkildə bəyan etmişdik ki, onların hüquqları da məhz bu şəkildə təmin ediləcək. Proses uzun çəkdi və dərk etdik ki, bizim və Qarabağda yaşayan ermənilər arasında bir növ sədd var. Bilmirəm, bu sədd Ermənistan hökuməti və ya separatçılar tərəfindən yaradılıb. Daha sonra qərara gəldik ki, danışmağa başlamaq lazımdır və mən parlamentin üzvü olan bir nəfəri Prezidentin xüsusi nümayəndəsi təyin etdim və onun vəzifəsi Qarabağ erməniləri ilə danışmaqdan ibarət idi. Biz hətta ilk görüşün Rusiya sülhməramlılarının o zaman hələ də işğal altında olan Xocalıdakı bazasında keçirilməsinə razılıq verdik. Bu görüş baş tutdu. Həmin ilk görüşdə biz onlara təklif etdik ki, qalsınlar və inteqrasiya etsinlər. Mənim dəfələrlə istifadə etdiyim reinteqrasiya sözü istehza ilə qarşılandı, həm Ermənistan hakimiyyəti, həm də separatçılar tərəfindən. Həmin separatçılar ki, bu gün təcridxanada verdikt gözləyirlər. Biz təklif etdik ki, ikinci görüş Yevlax şəhərində keçirilsin, o, Qarabağa yaxın, maşınla bir saatlıq məsafədə yerləşir və bu görüşlər müntəzəm olsun. Təəssüflər olsun ki, Qarabağ erməniləri, yəni özlərini lider hesab edənlər bundan imtina etdilər. Bir neçə dəfə, ən azı iki dəfə biz ictimai şəkildə bəyan etdik ki, onları dəvət edirik, lakin onlar bundan imtina etdilər.

Beləliklə, heç bir təmas yox idi. Onlar heç bizimlə danışmaq istəmirdilər. Daha sonra biz digər kanallardan istifadə etmək qərarına gəldik. Biz bunu bəyan etdik və reinteqrasiya ilə bağlı təklifimizi açıqladıq. Bu məlumat dərc edilib, siz onu tapa bilərsiniz. Hər kəs onunla tanış ola bilər. Biz reinteqrasiyaya dair elektron portal yaratdıq ki, orada Azərbaycan vətəndaşlığını almaq istəyən hər kəs qeydiyyatdan keçə bilər. Onlara təklif etdiyimiz bütün hüquqlarla bağlı əlavə məsləhətləşmələr də aparılacaqdı. Onlara təklif etdiklərimizin hamısı tamamilə qəbuledilən idi və ən yaxşı təcrübəyə əsaslanırdı – milli azlıqlarla bağlı Avropa Konvensiyası, dil ilə bağlı Avropa Konvensiyası, ana dilində təhsil, dini hüquqlar, mədəni hüquqlar, bələdiyyə hüquqları. Onlara bələdiyyə seçkiləri vasitəsilə nümayəndələrini seçmək təklif edildi. Biz onlara mesaj verdik ki, 2024-cü ildə bələdiyyə seçkiləri keçiriləcək və onlar iştirak edə bilərlər. Onlar öz nümayəndələrini seçə bilərlər ki, öz bələdiyyələrinin rəhbərləri olsun.

Bundan başqa biz nə təmin etməli, nə təklif etməli idik? Bu, maksimum idi və hər şey tam şəffaf idi. Bu təklif vasitəçi olmaq istəyən ölkələrin paytaxtlarına göndərildi. Yəni Avropa İttifaqı, Brüssel və Vaşinqton. Biz bunu tam şəffaf şəkildə etdik. Onlar yox cavabı verdilər. Bilirsiniz onlar nə zaman görüşməyə razılıq verdilər? Yalnız sentyabrın 20-dən sonra. Sentyabrın 20-də biz suverenliyimizi bərpa etmək üçün artıq güc tətbiq etməli olandan sonra onların nümayəndələri Yevlaxa gəldilər. Onlar bir dəfə deyil, iki dəfə gəldilər. Sual yaranır ki, bəs niyə o vaxta qədər gəlmirdilər? Onlar əvvəl gəlmiş olsaydılar, antiterror əməliyyatına ehtiyac olmazdı. Yəni, bu tarixdir, yaxın tarix.

İndi isə vəziyyət necədir? Bu gün o təklif masa üzərindədir. Elektron portalımız fəaliyyət göstərir. Artıq bir neçə Qarabağ ermənisindən müraciət daxil olub. Onların bəziləri orada qalıb yaşamağa üstünlük verir. Biz Dövlət Miqrasiya Xidmətinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələrini təyin etmişik ki, orada rahatlığını təmin edə bilməyənlərə yardım göstərsinlər. Çünki bu gün həmin ərazidə sosial agentlik tərəfindən müdafiəyə ehtiyac var – qida, istilik və yaşayış üçün digər şəraitlə təmin olunmaq lazımdır. Deyə bilərəm ki, qalanların sayı çox deyil. Lakin qalanların qeydinə qalınır. Qayıtmaq istəyənlər isə sizə artıq məlumat verdiyim mexanizmdən istifadə edə bilərlər.

Hikmət Hacıyev: Növbəti sual Qlen Hovarddandır.

Ceymstaun Fondunun sabiq prezidenti Qlen Hovard: Təşəkkür edirəm. Burada olmaq gözəl fürsətdir. Zəngilana səfər etmək və orada aparılan bərpa işləri ilə tanış olmaq imkanına görə də təşəkkür edirəm. Daimi nümayəndələrin hər biri ingiliscə səlis danışır və fikirlərini aydın, konkret və “PowerPoint” slaydları vasitəsilə təqdim edirlər. Yəni, beləliklə, mesaj aydın şəkildə ötürülür. Bu gün burada dostlar və həmkarlarla yenidən Azərbaycanda olmaq çox xoşdur. Mənim sualım belədir: Sizin Türk Dövlətləri Təşkilatı ilə bağlı baxışınız nədən ibarətdir? Çünki Prezident olaraq Siz noyabr ayında Astanada Türk Dövlətləri Təşkilatının Zirvə toplantısında iştirak etdiniz və orada çıxışınızda bildirdiniz ki, müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq genişləndirilməlidir. Siz hesab edirsinizmi ki, xarici qüvvələrə qarşı Türk Dövlətləri Təşkilatı bir təhlükəsizlik ittifaqına, dövlətlər blokuna, bir növ Türk dövlətlərinin NATO-suna çevrilə bilər? Türk Dövlətləri Təşkilatının gələcəyini necə görürsünüz?

Prezident İlham Əliyev: Mənim çıxışımdan sitat gətirdiyinizə görə sağ olun. Mən bunu hazırkı geosiyasi reallığı nəzərə alaraq demişəm. Mən bu tədbirlərdə çox iştirak etmişəm və əvvəlki çıxışlarıma nəzər salsanız görərsiniz ki, mən əsasən humanitar əməkdaşlıq məsələləri, mədəni irs, bizim tarixi və etnik köklərimiz haqqında danışırdım. Bu dəfə isə zənnimcə, məhz bu mövzuda müdafiə sahəsi haqqında danışmaq düzgün idi. Çünki dünyada yeni vəziyyəti proqnozlaşdırmaq olmur, Azərbaycan və hesab edirəm ki, digər ölkələr də Rusiya-Qərb geosiyasi qarşıdurmasının nə ilə nəticələnəcəyini bilmir. Bu səbəbdən regionumuzda, Qafqazda vəziyyəti, Mərkəzi Asiya ölkələrinin sərhədləri boyu, xüsusilə də Əfqanıstandakı vəziyyəti nəzərə aldıqda təhlükəsizlik mövuzusu başlıca prioritet olmalıdır. Münaqişə səbəbindən son 20-25 il ərzində bizim üçün bu, prioritet idi. Biz anlayırdıq ki, bu, sülh yolu ilə mümkün olmasa, bunu hərbi yolla həll edəcəyik.

Beləliklə, biz ordumuzu qurduq, digər çoxsaylı təhlükəsizlik infrastrukturu yaratdıq və hərbçilərimiz üçün çoxlu təlimlər təşkil etdik. Zaman göstərdi ki, bu, düzgün siyasət idi. Çünki bu olmasaydı, biz hələ də ermənilərlə bilinmir nədən danışmağa davam edəcəkdik.

Yəni, mənim mesajım ondan ibarət idi ki, gəlin diqqətimizi o sahəyə yönəldək. Bizim böyük potensialımız və geniş coğrafiyamız var. Nəhəng enerji ehtiyatlarımız var ki, bu gün milli təhlükəsizlik məsələsidir. Bu, əslində, mövcudluğun, müstəqil yaşayışın mənbəyidir. Bizim coğrafiyamız Avropadan Şərqi Asiyaya qədər uzanan ərazini əhatə edir. Bizim istifadə edə biləcəyimiz müəyyən infrastruktur var və biz ondan istifadə edirik. Şərq-Qərb marşrutu boyu dostluq mühiti var, niyə səylərimizi səfərbər etməyək ki?

Hazırda biz NATO-ya bənzər təsisatın yaradılması haqqında danışmırıq. İlkin mərhələdə birgə təhlükəsizliyimizin hansı şəkildə təmin edilməsi ilə bağlı konsensus olmalıdır. Bunun üçün bütün ölkələrin razılığı olmalıdır. Mən, sadəcə, Azərbaycanın mövqeyini ifadə etdim. Sual versəniz ki, bununla bağlı hansı əlavə ideyalar var, deyə bilərəm, biz müdafiə və müdafiə sənayesi sahələrində daha sıx əməkdaşlıq etməliyik, birgə istehsal, birgə təlimlər keçirməliyik və sərhədlərimizin qorunması üçün birgə səylər göstərməliyik. Türk Dövlətləri Təşkilatı ölkələrinin milli təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi baxımından bunlara nail olmaq üçün yol xəritəsi hazırlanmalıdır. Zənnimcə, bu, praktiki baxımdan faydalı ola bilər və hər bir ölkə vahid amal naminə öz töhfəsini verə bilər. Əlbəttə, bu, hələ ki, ilkin mərhələdir. Mənim sonuncu Zirvə toplantısında dediklərim həmkarlarıma mesaj idi. Məsləhətləşmələr prosesində bəlli olacaq ki, biz bu işdə haraya qədər gedə bilərik. Mən haraya qədər gedə biləcəyimizlə bağlı Azərbaycanın mövqeyini ifadə etdim. Hesab edirəm, bu mövqe təkcə son illər bizim əldə etdiyimiz təcrübə deyil, həm də regionda və dünyada proqnozlaşdırıla bilinməyən vəziyyətdən irəli gəlir.

Hikmət Hacıyev: Denis Sammut. Buyurun Denis, xahiş edirəm, təmsil etdiyiniz təşkilatı və ölkəni də qeyd edin.

Links Avropa Fondunun direktoru Denis Sammut (Niderland): Cənab Prezident, tarix sizi 2020-ci il Qarabağ müharibəsində qalib gəlmiş Lider kimi xatırlayacaq. Həmin Qələbə bir çox cəhətdən Sizin prezidentliyinizin dəst-xəttini müəyyənləşdirdi. Bununla belə, görəsən, Siz həm də ölkənizə və Cənubi Qafqaz regionuna sülh gətirən Lider kimi xatırlanmaq istərdinizmi? Siz bu istiqamətdə hansı addımları atırsınız? Sizin çıxışlarınızı çox diqqətlə oxumuşam. Siz dəfələrlə Ermənistanla sülh müqaviləsinin bağlanmasının vacibliyindən danışmısınız. Ancaq artıq bir neçə ildir ki, bu məqsədə çatmaq mümkün deyil. Hesab edirsinizmi ki, bu sülh müqaviləsinin imzalanmasının ləngiməsində risklər var? Maneə yaratmaq istəyənlər fürsətdən istifadə edərək Ermənistan və Azərbaycanın faktiki razılığa gəlməsinin qarşısını almağa çalışacaqlarmı? Sizcə, bu prosesin yekunlaşdırılması üçün prosesə təcililik əlavə edilməlidirmi?

Prezident İlham Əliyev: Müsahibələrin birində demişdim ki, əraziləri azad etmək mənim siyasi həyatımın əsas məqsədini təşkil edir və fəxr edirəm ki, bu məqsədlərə nail olunub. Necə xatırlanacağım bir çox amillərdən asılı olacaq. Düzünü desəm, bu barədə düşünməyə belə vaxtım yoxdur. Bu barədə düşünsəm də, buna təsir etmək mənim iradəmdən asılı deyil. Sülhlə bağlı onu deyə bilərəm ki, düşünürəm, biz sülh gətirmişik. Biz sülhü müharibə ilə gətirdik. Düşünürəm ki, bu, Qafqazda lokal vəziyyətdən daha geniş şəkildə qiymətləndirilməli olan bir məsələdir. Hərbi yolla sülhə necə nail olmaq olar? Uzun illər danışıqlar və işğal zamanı mən Minsk qrupunun həmsədrlərindən eşidirdim, onlardan üçü bir ağızdan qeyd edirdilər ki, münaqişənin hərbi yolla həlli yoxdur. Belə məlum oldu ki, onların hər üçü səhv edirdi.

Dövlətçilik tarixinə, geniş beynəlxalq təcrübəyə, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmasına baxmayaraq, onlar yanılırdılar. Düşünürəm ki, ya, sadəcə, yanlış qiymətləndirdiklərinə görə yanılırdılar, ya da bu, Azərbaycana bir növ mesaj idi ki, siz sülh ssenarisindən başqa ssenariyə əl atsanız, uğur qazana bilməyəcəksiniz. Biz sübut etdik ki, münaqişənin hərbi yolla həlli var. Beləliklə, münaqişə həll olundu.

Əslində, münaqişə üç il əvvəl, biz işğal olunmuş ərazilərin böyük bir hissəsini azad edəndə həll olunmuşdu. Suverenliyimizin bərpası isə, sadəcə, zaman məsələsi idi. Aydın idi ki, həmin dövrdəki coğrafi şəraitdə Ermənistan tərəfindən belə tanınmayan qondarma “Dağlıq Qarabağ respublikası”nın qondarma müstəqil kvazi-dövlət kimi mövcud olmaq şansı yoxdur. İki şans var idi - ya Azərbaycanın qalan hissəsi ilə inteqrasiya etmək, ya da tarixə qovuşmaq. Deməli, mən bunu o zaman aydın şəkildə başa düşürdüm. Tələsməməyimizin səbəblərindən biri də o idi ki, mən aydın şəkildə başa düşürdüm, beş ildən sonra istədiyimizə nail olacağıq. Beləliklə, 2020-ci ilin noyabrında bizim tərəfimizdən antiterror tədbirləri planlaşdırılmırdı. Bunu çox açıq şəkildə deyə bilərəm. Beləliklə, müharibə sülhə təkan verən vasitə kimi - bunu mümkünlüyün bariz sübutu hesab edirəm.

Başqa bir məsələ isə formal sülhlə bağlıdır və hesab edirəm ki, siz bu sülh sazişini xüsusilə qeyd etdiniz. Məncə, həmçinin bu da beynəlxalq ekspertlər tərəfindən də təhlil edilməlidir ki, otuz ildir işğala, dağıntılara, etnik təmizləməyə, soyqırımına məruz qalan və ərazisinin tamamilə dağıdılmasından əziyyət çəkən bir ölkə torpaqlarını beynəlxalq vasitəçilər olmadan məhz özü azad etdikdən dərhal sonra özü sülh təklif edib. Ermənistana sülh təklif edən biz idik.

Xatırlayıram, müharibədən sonra o vaxt keçmiş Minsk qrupu gəlib-gedəndə hiss edirdim ki, onlar özləri nə edəcəklərini bilmirlər. Çünki onların fəaliyyətinə artıq ehtiyac yoxdur. Azərbaycan “Madrid prinsipləri” adlanan və nizamlanma üçün əsas hesab edilən əksər müddəaları həyata keçirib. Onlar, sadəcə, nə edəcəklərini bilmirdilər.

Məhz yenə də biz - Azərbaycan tərəfi bildirdik ki, sülh sazişi imzalamalıyıq. “Delimitasiya ilə bağlı komissiyalarımız olmalıdır” dedik. Ermənistan deyil, Brüssel deyil, Vaşinqton, Paris və ya Moskva deyil, bunu deyən biz idik. Proses məhz belə başladı. Sonra gördük ki, heç nə baş vermir. Beləliklə, biz sülh sazişinin prinsiplərini işləyib hazırlamaq qərarına gəldik. Onları işləyib Ermənistana göndərdik. Sonra yenə sükut oldu və biz bunu ictimailəşdirdik. Beləliklə, biz o məşhur beş prinsipi açıqladıq ki, Ermənistan indi onları qəbul etməyə daha hazır görünür. Əgər üç il əvvəl onları qəbul etsəydilər və ya əsasən qəbul etsəydilər, antiterror tədbirlərinə ehtiyac qalmayacaqdı.

Beləliklə, bu, keçmişdə qalıb. Amma bilməliyik ki, bu, Ermənistanın deyil, Azərbaycanın sülh tərəfdarı olduğunu nümayiş etdirir. Son ayların başqa bir nümunəsini də misal göstərmək olar. Beş-altı şərh mübadiləsi aparılıb – ilkin Azərbaycan layihəsinə şərhlər verilib. Ermənistanın şərhləri, Azərbaycanın şərhləri, fikir ayrılıqları, razılaşmalar. Xarici işlər nazirləri bir neçə dəfə müxtəlif yerlərdə görüşüblər. Son şərhimizi sentyabrın 11-də göndərmişik. Beləliklə, bu sülh sazişinin nə olduğu haqqında daha ətraflı məlumat vermək üçün deyim ki, bu, 20-dən az maddədən ibarət maksimum altı-yeddi səhifəlik bir sənəddir. Beləliklə, belə kiçik bir sənədə Ermənistana bizə cavab vermək üçün 70 gün vaxt lazım olub və onlar yalnız Azərbaycanın xarici işlər naziri bunu açıqlayandan sonra (“İki aydır gözləyirik, niyə cavab vermirsiniz?” deyəndən sonra) cavab verdilər.

Deməli, bu onu göstərir ki, bu prosesi gecikdirən tərəf Azərbaycan deyil, Ermənistandır. Niyə gecikdirdilər? Bunu bilmirəm. Bu, onların öz qərarı idi, yoxsa bəzi Avropa paytaxtlarında yeni dostları tərəfindən məsləhət görülüb? Bunu bilmirəm, yalnız ehtimal edə bilərəm. Amma fakt budur ki, sentyabrın 11-də göndərdiyimiz şərhlərə cavabı noyabrın 21-də aldıq. İndi Xarici İşlər Nazirliyimiz həmin şərhləri nəzərdən keçirir və biz onu geri göndərəcəyik. Düşünürəm ki, bundan sonra xarici işlər nazirlərinin görüşü məqsədəuyğun olacaq. Çünki indi görürük ki, biz hələ də konsensusa yaxın deyilik, amma Ermənistanın əvvəldən təkid etdiyi bir çox mühüm məsələlər artıq mövcud deyil. Onlar, ümumiyyətlə, mövcud deyil və şərhlərində də yoxdur. Təfərrüatlara çox varmaq istəmirəm, çünki bunun məxfi sənəd olduğunu başa düşürsünüz.

Düşünürəm ki, indi biz daha bir addım atırıq. Amma yenə də Azərbaycan təşəbbüskar ölkə olub, Azərbaycan faktiki olaraq öz iradəsini nümayiş etdirən ölkə olub və ümid edirəm ki, razılığa gəlmək çox vaxt aparmayacaq. Amma bircə müşahidə ondan ibarətdir ki, sülh sazişi, əslində, sülhü tam əks etdirmir. O sülhü pozan bir çox ölkə arasında sülh müqavilələri bağlanıb. Yaxud o vaxt Sovet İttifaqı, indiki Rusiya ilə Yaponiya arasında sülh sazişi yoxdur. Ancaq, eyni zamanda, Rusiya-Ukrayna müharibəsindən əvvəl bu ölkələr çox yaxın tərəfdaşlar və dostlar idi - çoxlu bizneslər, çoxlu investisiyalar, çoxlu qarşılıqlı əlaqələr mövcud idi.

Beləliklə, bu ölkələr üçün, istər Sovet İttifaqı, istərsə də Rusiya və Yaponiya olsun, formal sülh sazişi normal qarşılıqlı fəaliyyət üçün maneçilik törətməyib. Eyni tarixi nümunəni götürmüş kimi görünmək istəmirəm, ancaq bu da variantlardan biridir. Düşünürəm ki, sülh sazişindən danışarkən bunun yalnız formal tərəfini fikirləşməməliyik. Bizə, əslində, nə lazımdır, yəni, Azərbaycana nə lazımdır? Ermənistanda heç bir revanşizm cəhdlərinin olmayacağı ilə bağlı qəti şəkildə, təsdiqlənmiş zəmanət lazımdır. Bu, bizə niyə lazımdır? Çünki biz Ermənistanda nə baş verdiyini bilirik və həmçinin bilirik ki, Ermənistanın bəzi Avropa paytaxtlarında çox pis məsləhətçiləri var.

Həmin paytaxtın adını qeyd etmədən belə, məncə, hamı kimi nəzərdə tutduğumu anlayır. Beləliklə, bu, bir təkan rolunu oynaya bilər. Hələlik bunlar təxribatçı məsləhətlərdir, lakin onların dağıdıcı məsləhətlərə çevriləcəyini istisna etmirik. Deməli, iki ölkə arasında daha müharibə olmayacağına, Ermənistanın vəziyyətlə tam razılaşdığına və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı dediklərini həqiqətən nəzərdə tutduğuna dair zəmanətimiz olmalıdır. Onlar keçmiş “Dağlıq Qarabağ respublikası”nı unutmalı, sərhədin delimitasiyası məsələsində konstruktiv olmalıdırlar. Əsl sülh məhz budur.

İmzalanacaq sənəd şübhəsiz ki, əhəmiyyət kəsb edir, amma bizim üçün xüsusilə də 30 ildir ermənilərin torpaqlarımızın bir santimetrini belə azad etmək istəməməsindən sonra vacibdir. 2019-cu ildə Xankəndidə “Qarabağ Ermənistandır və nöqtə” deyəndə prezident olan əvvəlki Qarabağ klanının liderləri yox, Paşinyanın özü nə demək istəyirdi? Heç kim ona bu sualı vermirdi. Onun müdafiə naziri 2019-cu ildə də Azərbaycanı işğalla hədələyən “yeni ərazilər uğrunda yeni müharibə olacaq” deyəndə bu, Köçəryan-Sarkisyan qruplaşması deyildi. Bu, Paşinyan idi, o idi. İndi o, “Qarabağ Azərbaycandır” deyir. Ona görə deyir ki, çünki biz müharibədə qalib gəlmişik, ideologiyasını dəyişdiyi üçün yox. İdeologiya eynidir. Onlar hələ də bu ideologiya ilə yaşayırlar. Ermənistan iqtidarı ilə müxalifətin fərqi yalnız ondan ibarətdir ki, Ermənistan hökuməti aydın başa düşür ki, əgər onlar bizim ərazi bütövlüyümüzə qarşı çıxmağa davam etsələr, arxasında kimin durmasından asılı olmayaraq, biz onları yenidən əzəcəyik, onların arxasında kimin dayanmasından və ya o məşhur, gözəl Avropa paytaxtında kimin onlara nə deməsindən asılı olmayaraq. Müxalifət bunu istəyir, çünki Paşinyanı devirmək istəyirlər. Onlar bunun baş verməsini istəyirlər. Onlar istəyirlər ki, o, bu səhvi etsin, sonra hakimiyyətə gəlsinlər. Deməli, bizim gözümüzlə görə biləcəyimiz zəmanətlər lazımdır. Bu, Qafqazda sülh üçün ən yaxşı amil olacaq.

Gürcüstanın Strateji və Beynəlxalq Araşdırmalar Fondunun prezidenti Ekaterine Metreveli: Cənab Prezident, fikirlərinizi bizimlə bölüşdüyünüz üçün Sizə təşəkkür edirəm. Cənab Prezident, mən də dünənki səfəri qiymətləndirmək üçün öz sələflərimə qoşularaq qısaca bildirmək istəyirəm ki, səfər bizdə xoş təəssüratlar oyatdı. Məcburi köçkünlərin problemi başa düşdüyümüz kimi asan proses deyil və biz bu işdə, regionun gələcək inkişafı yolunda şəxsən Sizə və Azərbaycana uğurlar arzu edirik. Mənim sualım daha çox müzakirə etdiyimiz məsələdən fərqli bir istiqamətə aiddir. Çünki Azərbaycan bu gün Avropa İttifaqı üçün geoiqtisadi və geosiyasi cəhətdən əhəmiyyət kəsb edir, Aİ Azərbaycanın əsas ticarət tərəfdaşı, Azərbaycan isə onun mühüm enerji təchizatçısıdır. Bu istiqamətdə daha da irəliyə getmək üçün planlar var. Bu kontekstdə Gürcüstan həm də tərəfdaş kimi mühüm rol oynayır və dost tranzit ölkədir. Təbii ki, bizim dostluğumuz ancaq tranzitə əsaslanmır, bu kontekstdə müxtəlif aspektləri də əhatə edir. Bildiyiniz kimi, biz Aİ-nin bir hissəsi olmağa çalışırıq və ümid edirik ki, dekabrda müsbət cavab alacağıq. Sonra gələcək addımların atılmasına ümid edirik. Azərbaycan Aİ üçün, sadəcə, tərəfdaş olaraq qalır. Bəs siz Gürcüstanın Aİ-yə doğru daha çox yaxınlaşmasının Azərbaycanla Gürcüstan münasibətlərinə necə təsir edəcəyi və ümumilikdə Aİ-nin Cənubi Qafqazda artan rolu barədə nə düşünürsünüz?

Prezident İlham Əliyev: Qarabağda gördüyümüz işlərlə bağlı şərhləriniz üçün sizə minnətdaram. Bu gün bizimlə olduğunuz üçün sizə təşəkkür edirəm. Tamamilə haqlısınız ki, Gürcüstan və Azərbaycan yaxın tərəfdaşlardır. Əlbəttə ki, bizim tərəfdaşlığımız enerji sahəsində əməkdaşlıqdan daha da genişdir. Baxmayaraq ki, bu əməkdaşlıq bizə özümüzü Avropada strateji əhəmiyyət kəsb edən güclü komanda kimi təqdim etməyə imkan verdi. Mənim Gürcüstana müntəzəm səfərlərim və Gürcüstanın Baş nazirinin Azərbaycana müntəzəm səfərləri təkcə əməkdaşlığımızı nümayiş etdirmir, bu səfərlər zamanı çox mühüm məsələlər müzakirə olunur.

Gürcüstanın Aİ-yə üzv olmaq istəyi ilə bağlı onu deyə bilərəm ki, biz bunu başa düşürük və Gürcüstana uğurlar arzulayırıq. Gürcü dostlarımızı bu yeni hadisələr və əldə etdikləri status münasibətilə təbrik edirik. Başa düşürük ki, əlbəttə, bu, bir prosesdir. Bəzi ölkələrin uzun illər gözlədiyini bilirik. Mən Türkiyənin adını çəkmək istəmirəm. Çünki Türkiyənin uzun illər namizəd olmasına baxmayaraq, onu Avropadan uzaq tutmaq qətiyyən qəbuledilməz və ədalətsiz yanaşma idi. Həmçinin Balkan regionuna baxsanız görərsiniz ki, ölkələr hələ də gözləməli olurlar. Avropaya gedən yolda müzakirələrlə bağlı indiki vəziyyəti gördüyüm qədər genişlənmə ilə bağlı konsensus yoxdur, amma hər halda bu, mənim müşahidəmdir, hər bir halda uğurlar arzulayıram. Gürcüstan Aİ-yə üzv olduqda əminəm ki, bizim münasibətlərimizdə, eləcə də enerji əməkdaşlığı ilə bağlı heç nə dəyişməyəcək. Çünki siz bilirsiniz ki, Avropa bizim enerji ehtiyatlarımızın əsas istiqamətidir, istər neft, istərsə də qaz olsun. Avropa Enerji Komissiyası Azərbaycanı artıq ümumavropa qaz tədarükçüsü adlandırıb, bu doğrudur. Deməli, artıq bir çox ölkələr bizim qazımızı alır. Onların əksəriyyəti Avropa ölkələridir və digərləri da alacaq. Çünki biz indi nəinki danışıqlar prosesindəyik, həm də Avropa ölkələri arasında fiziki əlaqələr qurur və bəziləri ilə danışıqlar aparırıq, ona görə də heç nə dəyişməyəcək. Düşünürəm ki, Azərbaycanın xarici siyasət konsepsiyasında çox praqmatik səbəblərə görə Aİ-yə üzv olmaq hədəfi yoxdur, çünki bizi heç vaxt qəbul etməyəcəklər. Səbəb də çox aydındır və biz bunu başa düşürük.

Biz virtual deyil, real dünyada yaşayırıq. Əgər qəbul edilməyəcəksinizsə, niyə qapını döyməlisiniz? Əgər onlar sizi istəmirlərsə, siz yalnız ev sahibini qıcıqlandıracaqsınız və yalnız özünüzü alçaldacaqsınız.

Biz münasibətləri necə qurmağın yolunu tapmışıq. Bununla belə, deyərdim ki, cənab Borrelin son bəyanatı tamamilə faydasızdır. Onun Qarabağı tərk etmiş 150 min erməni ilə bağlı dünənki açıqlaması yalandır. Təəssüf edirəm ki, belə bir təcrübəli avropalı diplomat yalan danışır. Hətta ermənilərin özləri Qarabağı tərk edənlərin 150 min yox, 100 min olduğunu deyirdilər. Əgər cənab Borrel bir ay ərzində belə davam etsə, 200 min olacağını söyləyəcək. Bu, onun gördüyü yuxulardan asılı olacaq. Amma yenə də, nəinki rəqəmlərlə olan bu manipulyasiya, heç bizim etmədiyimiz bir şeylə bağlı Azərbaycana qarşı ittihamlar da qətiyyən yolverilməzdir. Xüsusən də qəribədir ki, onun ölkəsi bizim Xarici İşlər Nazirliyinin də artıq elan etdiyi kimi, separatizmdən əziyyət çəkib. Bəs o, separatçıları necə müdafiə edə bilər? Bu, çox qəribədir. Beləliklə, sualınıza daha geniş şəkildə yanaşaraq deyə bilərəm ki, birincisi, mən əminəmi, Gürcüstan Aİ-yə üzv olduqda bizim münasibətlərimizdə heç nə dəyişməyəcək. Əksinə, Aİ-də bizi müdafiə edəcək daha bir yaxın dostumuz olacaq. Ümid edirik ki, Avropa Parlamentinin gürcü deputatları avropalı parlamentarilərini Azərbaycanla bağlı maarifləndirəcək və onlar daha realist olacaqlar.

Niyə belə deyirəm? Çünki Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişellə telefon danışıqlarımın birində ona demişdim ki, Avropa Parlamentinin sədri xanım Metsola bizim antiterror tədbirlərindən sonra bəyan etmişdi ki, Azərbaycanla qaz sahəsində olan münasibətlərə və qaz müqavilələrinə xitam verilməlidir. Mən cənab Şarl Mişelə dedim ki, yəqin o, bu işlərin necə idarə olunduğunu bilmir. Çünki tərəflərdən biri müqaviləni ləğv edərsə, o, cərimə ödəməlidir. Birincisi, o, Avropa İttifaqının enerji siyasətinə cavabdeh olanlardan soruşmalıdır ki, Rusiyadan tədarükün kəsilməsinə görə keçən il Avropa İttifaqı Azərbaycandan Avropa üçün daha çox qazla kömək göstərməsini necə xahiş edib və biz buna necə cavab verdik? Təəssüf ki, belə insanlar var. Deyərdim ki, Avropada liderlər arasında cənab Borrel, xanım Metsola kimi populist insanlar var. Mən həmişə açıq danışmağa üstünlük verirəm, çünki onların yürütdüyü siyasətlə və Azərbaycana olan münasibəti ilə tamamilə razı deyiləm. Çünki bu, ədalətli deyil və bu, Avropa İttifaqının və Avropa institutlarının maraqlarına uyğun deyil. Ancaq ümumilikdə Avropa Komissiyası haqqında danışanda, bizim çox gözəl münasibətlərimiz var. Biz buna böyük əhəmiyyət veririk, onlar strateji əhəmiyyət daşıyır. Bu, təkcə enerji və neft-qaz sahəsini əhatə etmir. Tezliklə hidrogen sahəsində də əməkdaşlıq edəcəyik. Bilirsiniz ki, Gürcüstanı, Azərbaycanı, Rumıniyanı və Macarıstanı bağlayan bir layihə olacaq. Yəni, oyun qaydalarında böyük dəyişiklik olacaq və bu, artıq icra prosesindədir.

Tezliklə texniki-iqtisadi əsaslandırma ilə bağlı yekun hesabatımız olacaq və ümid edirik ki, tikintiyə başlayacağıq. Bu, nəqliyyatla, bağlılıqla əlaqəlidir. Cozef Borrel kimi insanlar üçün xəritəyə baxmaq və Azərbaycanın harada yerləşdiyini görmək kifayətdir. Əgər onlar Mərkəzi Asiyada fəal olmaq istəyirlərsə və biz görürük ki, onlar istəyirlər, biz hər iki istiqamətdə hərəkətləri görürük. Onlar Azərbaycandan necə yan keçə bilərlər? Orta Asiya ölkələri ilə İran vasitəsilə əlaqə quracaqlar, yoxsa Rusiya vasitəsilə? Yoxsa qanadları var? Ona görə də bu bəyanatları verməzdən əvvəl bu barədə düşünməlidirlər.

Əzizə Umarova (Özbəkistan): Zati-aliləri, burada olmaqdan dərin məmnunluq hissi duyuram. Çünki mən Özbəkistandanam və biz ölkələrimiz arasında çoxlu dövlət səfərlərini müşahidə edirik. Amma onu da qeyd etməliyəm ki, iki ölkənin liderləri arasında münasibətlərin dinamikası təqdirəlayiqdir. Onu da bildirməliyəm ki, Özbəkistan Azərbaycanın yenidənqurma səylərini dəstəkləyən ilk ölkələrdən biri olub. Xüsusilə də Füzulidə tikilən məktəb hökumətinizin göstərdiyi böyük səylərə kiçik bir töhfədir. Sualım Qarabağa geri qayıdış fonunda bağlılıq səyləri ilə əlaqəlidir və konkret olaraq aşağıdakılar haqqında fikrinizi soruşmaq istərdim. Beləliklə, biz çox yaxşı bilirik ki, Transxəzər dəhlizi Mərkəzi Asiya üçün imkanlar yaradacaq və o, Qara dənizin Aralıq dənizi ilə, daha sonra isə Avropaya qoşulmaq baxımından çox perspektivli olacaq. Eyni zamanda, Çin, Qırğızıstan və Özbəkistan arasında dəmir yolunun inkişafı üçün milli prioritetimiz var ki, bu Orta dəhlizlə birləşdirilsə, Cənubi Asiyanı Avropaya qədər birləşdirən bütün Mərkəzi Asiya ölkələri üçün faydalı olan bir layihə olar. Biz, həmçinin Qarabağın qayıdışı və Aİ-nin geosiyasi dinamikası fonunda imkanları çox yaxşı başa düşürük, lakin bəzi məhdudiyyətlər də var. Hansı çətinliklərlə üzləşəcəyimiz və bu layihələri həyata keçirmək üçün çətinliklərin öhdəsindən gəlmək istiqamətində birlikdə necə işləyə biləcəyimiz barədə fikrinizi bilmək istərdim. Çox sağ olun.

Prezident İlham Əliyev: Çox sağ olun. Sadəcə olaraq, sizin dediklərinizə balaca düzəliş etmək istəyirəm – Özbəkistan ilk ölkələrdən biri deyil, bizə qardaşcasına yardım və dəstək təklif edən ilk ölkədir. Qardaşım Prezident Mirziyoyevlə birlikdə Füzulidə özbək xalqının dahi oğlu Mirzə Uluqbəyin adını daşıyan məktəbin açılışını etdik və bu, yenidənqurma işinə, həm də qardaşlıq münasibətlərimizə böyük töhfə oldu. Çünki təkcə Füzulidə yaşayanlar deyil, bütün Azərbaycan xalqı bunu heç vaxt unutmayacaqdır.

Elə bu yaxınlarda Prezident Mirziyoyev ilə Bakıda görüşmüşük və o da mənə söylədi ki, bu onun bu il ərzində Bakıya artıq 3-cü səfəridir. Mən ona xatırlatdım ki, keçən il mən də Özbəkistana üç dəfə səfər etmişəm. Dediyim odur ki, iki ölkə arasında bizim çox sıx şəxsi əlaqələrimiz mövcuddur, hələ mən nazirliklər səviyyəsində olan əlaqələri demirəm.

Biz nəqliyyat, enerji, investisiyalar, avtomobil sənayesi sahələrində çox geniş əməkdaşlıq gündəliyini hazırlamışıq. Bu, həqiqətən də hər iki tərəfin fəxr edə biləcəyi və gələcək üçün böyük potensiala malik tərəfdaşlıqdır. Beləliklə, biz qarşılıqlı investisiya layihələrimizin başlanğıcında artıq beş yüz milyon dollarlıq ilkin ehtiyatları olan birgə investisiya fondu yaratmışıq. Artıq heyətlərimiz hər iki ölkədə və üçüncü ölkələrdə birgə sərmayə qoyacağımız layihələri müəyyən edirlər.

Kommunikasiya əlaqələri baxımından sizi, həmçinin Qırğızıstan və Çini mühüm dəmir yolu layihəsinə start verilməsi münasibətilə təbrik edirəm. Bilirəm ki, bu, uzun illərdir müzakirə olunub və indi onun başlanması rəsmi olaraq elan edilib. Təbii ki, bu, Orta dəhlizə böyük töhfə və bizim üçün çox cəlbedici olacaq, çünki istiqamət Xəzərə doğrudur. Hətta indi heç dəmir yolu olmadan Özbəkistan şirkətləri üçün Transxəzər marşrutundan istifadə etmək imkanları var və bunu böyük həcmdə olmasa da edirlər. Amma düşünürəm ki, bu, zamanla artacaq və daha cəlbedici olacaqdır. Çünki indi biz nəqliyyat infrastrukturumuzun rəqəmsallaşdırılması ilə bağlı məsələlər üzərində fəal işləyərik, həmçinin tariflər üzrə vahid siyasətlə bağlı işlər aparırıq. Marşrut zaman baxımından şübhəsiz ki, daha cəlbedicidir, lakin açıq şəkildə görünən dəniz marşrutu ilə müqayisədə rəqabətli deyil.

Bizim vəzifəmiz marşrutu kommersiya baxımından daha cəlbedici etməkdir. Bu məqsədlə, əlbəttə, tariflər, rəqəmsallaşdırma üzrə birgə siyasət həyata keçirilməlidir ki, yük göndərənlər öz yüklərinin hərəkətini izləyə bilsinlər. Bundan əlavə, infrastruktura fiziki investisiya yatırılmalıdır. Biz Bakıdan Gürcüstan sərhədinə qədər olan dəmir yolunun yenidən qurulmasını artıq tam başa çatdırmışıq. İndi qatarın sürəti saatda 120 kilometrdir və bu da bir neçə il əvvəl ilə müqayisədə (50-60 km/s) daha sürətlidir.

Eyni zamanda, hesab edirəm ki, bir-iki aya Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan seqmentinin genişləndirilməsi də başa çatacaq. Bu da 100 milyon ABŞ dollarından çox olan, 100 faiz Azərbaycan investisiyasıdır. Bu seqmentdə maksimum bir neçə ay ərzində yükdaşımalar bir milyon tondan 5 milyon tona qədər genişlənəcək.

Beləliklə, bu, yeni yüklərin qəbulu üçün yeni imkanlardır. Həm də bu yol işğaldan azad edilmiş ərazilərdən, xüsusən də Zəngilandan keçəcək - yəqin ki, artıq orada olan dəmir yolunu görmüsünüz. Bizim bu yolu Ermənistan ərazisindən davam etdirmək planımız var idi, lakin Ermənistan bundan imtina etdi. Beləliklə, biz İran tərəfi ilə razılaşdıq və biz artıq maşınlar üçün körpü, sonra qatarların Ermənistandan yan keçməsi üçün və Araz çayının cənub sahilində təxminən 50 kilometr dəmir yolu çəkilməsi üçün körpü inşa edirik. Bu yol Naxçıvandan keçir və sonradan Türkiyə dəmir yolu sisteminə qoşulur. Türkiyə tərəfi bizə Qars-Naxçıvan dəmir yolunun da tikintisinin planlaşdırıldığını bildirdi. Beləliklə, bu, Orta Dəhlizin daha bir qolu olacaqdır - biri Gürcüstandan keçərək Qarsa və Aralıq dənizi limanlarına, digəri isə Zəngilan, İran, Naxçıvan və yenidən Türkiyə ərazisindən keçəcək. Bu, fiziki imkanları artırır, lakin, eyni zamanda, biz bu yolu kommersiya baxımından daha cəlbedici etməliyik. Bunun üçün biz artıq Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkiyə arasında çox səmərəli əməkdaşlıq formatı yaratmışıq.

Hesab edirəm ki, Mərkəzi Asiya ölkələrinin, xüsusən də Özbəkistanın bu formata qoşulmağa marağının olması həqiqətən də bizim üçün daha yaxşı ola bilər. Bu, əslində, Avrasiyanın böyük potensiala sahib olan bir yeni nəqliyyat xəritəsidir.

Qarabağın yenidən qurulmasına gəldikdə, təbii ki, əsas maneə zaman və minalardır. Bizim rəqibimiz zamandır, çünki biz bu işləri ən qısa müddətdə həyata keçirmək niyyətindəyik. Bundan əlavə, Qarabağın yenidən qurulması üçün maliyyə vəsaiti toplamışıq və bu, investisiya proqramımızın əsas hissəsini təşkil edəcək. Müqayisə üçün deyim ki, Qarabağın yenidən qurulmasına daha çox vəsait xərcləyəcəyik, - mən dövlət investisiyalarını nəzərdə tuturam, - ölkənin qalan hissəsinə nisbətən daha çox.

Bu, ölkənin qalan hissəsini diqqətdən kənar qoyduğumuz anlamına gəlmir. Uzun illər ərzində biz ölkənin qalan hissəsinə artıq milyardlarla manat investisiya yatırmış və əksər infrastruktur layihələrini başa çatdırmışıq. Lakin hazırda Qarabağ bizim əsas prioritetimizdir. Bölgənin özü və ən əhəmiyyətlisi, evlərinə dönməyi gözləyən insanlardır.

Beynəlxalq əlaqələr üzrə professor, İspaniya parlamentinin və AŞPA-nın sabiq üzvü Çorduşu Pla: Hörmətli cənab Prezident, burada olmaq mənim üçün böyük şərəfdir. Azad edilmiş ərazilərə səfər bizim üçün çox həyəcanlı idi. Avropa Şurası nəzdində fəaliyyət göstərən Qarabağ münaqişəsi komitəsinin sədri olduğum vaxtlarda Azərbaycan və Ermənistan parlamentlərinin üzvləri arasında görüşlər təşkil etmək mənim vəzifəm idi. Bu görüşlər çox səsli-küylü keçirdi və nə vaxtsa bu işğalın beynəlxalq hüququn normaları və ərazi bütövlüyü çərçivəsində, habelə cəmiyyətin müxtəlifliyi baxımından sona çatmasını xəyal etmək belə çox müşkül məsələ idi. Odur ki, bu işğala son qoymağınız həqiqətən də tarixi bir məqamdır. Sualım isə Azərbaycan ilə Avropa arasında yeni qarşılıqlı əlaqələr barədədir. Güman edirəm ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə realistik və sağlam düşüncə tərzi ilə yanaşırlar. “Şərq tərəfdaşlığı” kimi uyğunlaşdırılması mürəkkəb olan formatı kənara qoyaraq Avropa tərəfdaşlığına əsaslanaraq etibarlı tərəfdaş tapıblar – təkcə energetika sahəsində deyil, həm də geosiyasi vəziyyətə uyğun iqtisadi layihələr baxımından. Digər tərəfdən, Avropa Parlamenti və AŞPA-nın müxtəlif qurumları beynəlxalq əlaqələrdə sıfır səviyyəsində olan səriştəsi ilə çox asanlıqla digər siyasi səviyyədə olan bəyanatlar verir. Sanki Avropa Şurası və Avropa Komissiyası real yanaşmadan irəli gələrək bir səviyyədə fəaliyyət göstərir, digərləri isə başqa səviyyədə. Buna rəğmən, Azərbaycan ilə Avropa arasında yeni əməkdaşlıq çərçivəsinin balansı müsbət ola bilər. Təşəkkür edirəm.

Prezident İlham Əliyev: Təşəkkür edirəm. Sizin təhlilinizlə tamamilə razıyam. Sizin dedikləriniz bizim üçün əhəmiyyətlidir, çünki siz bu məsələyə içəridən baxırsınız, siz bu işin içərisindəsiniz və bu, mənim təsəvvürümlə üst-üstə düşür. Qeyd etdiyiniz kimi, Avropa İttifaqı Şurası və Avropa Komissiyası ilə müsbət kontaktlar var. Avropa İttifaqı Şurasının Prezidenti və Avropa Komissiyasının sədri, hər ikisi Azərbaycana səfər etmişdilər və biz aramızdakı əlaqələrə dair geniş müzakirələr aparmışıq. Bu, yalnız energetika sektoruna aid deyil, baxmayaraq ki, bu, əsas mövzu idi. Avropa İttifaqı bizim əsas ticarət tərəfdaşımızdır. Bizim xarici ticarətimizin təqribən 50 faizi Avropa İttifaqının payına düşür. Azərbaycan və Avropa İttifaqının doqquz üzvü arasında strateji tərəfdaşlığa dair bəyanatlar imzalanıb və ya qəbul edilib ki, bu da Avropa İttifaqının üçdəbiri deməkdir. Bu onu nümayiş etdirir ki, milli səviyyədə və təsisatlar səviyyəsində bizim əlaqələrimiz çox yaxşıdır. Strateji tərəfdaş olmaq çox şey deməkdir, bu, əməkdaşlıq üçün böyük məsuliyyətdir.

Şarl Mişelin Azərbaycan ilə Ermənistan arasında olan münaqişənin uzunmüddətli həllini tapmaq səylərinə gəldikdə, şəxsən mən və Azərbaycan Şarl Mişelin səylərini hər zaman dəstəkləmişik. Onun tərəfindən Brüsseldə bir neçə görüş təşkil edilib. Biz indi mümkün yeni görüşü müzakirə edirik. Mənim köməkçim Hikmət Hacıyev Şarl Mişelin komandası ilə daimi əlaqədədir. Artıq 5-dən çox görüş keçirmişik. Növbəti görüşümüz isə nəticəyönümlü olmalıdır. Biz əvvəlcədən bəyanat layihəsini razılaşdırmalıyıq. Bu, Azərbaycan, Ermənistan və Avropa İttifaqı arasında razılaşdırılmalıdır. Bu görüş yaxşı hazırlanmalı və nəticəyönümlü olmalıdır. Çünki nəticəyönümlü olmasa, həm xalqlarımıza, həm də beynəlxalq aləmə yanlış mesaj vermiş olarıq. Bu, bizim mövqeyimizdir və hesab edirəm ki, bu, Brüsseldə anlayışla qəbul olunur.

Həmçinin Avropa Komissiyası ilə biz müxtəlif sahələrdə işləyirik. Biri genişlənmə komissiyasıdır, burada çox fəal əməkdaşlığımız var, digəri isə enerji komissiyasıdır. Avropa Enerji Komissiyasının və Azərbaycanın energetika nazirinin sədrliyi ilə Cənub Qaz Dəhlizi üzrə mütəmadi olaraq Məşvərət Şurasının iclasları təşkil edilir. Növbəti görüş 2-3 aydan sonra yenidən Bakıda olacaq. Enerji qıtlığını nəzərə alaraq Avropa Komissiyasından Avropaya qaz tədarükünün artırılması ilə bağlı bizə xahiş daxil oldu. Biz mövcud qaz yataqlarının hasilatını artırmaq üçün böyük məbləğdə - demək olar ki, yüz milyonlarla, hətta milyardlarla avro vəsait ayırdıq. Həmçinin Avropaya daha çox qaz tədarük etməyimizə kömək edəcək amillərdən biri də enerji səmərəliliyi və bərpaolunan mənbələrdir. Nə qədər çox bərpaolunan enerji mənbələrimiz varsa, elektrik enerjisi istehsalı üçün istifadə etdiyimiz qaza bir o qədər qənaət edirik. Tezliklə Serbiya və Bolqarıstan arasında yeni mühüm bir interkonnektor olacaq və o, artıq hazırdır. Serbiya tezliklə Azərbaycan qazını qəbul edə biləcək, Macarıstan artıq Azərbaycan qazını qəbul edir, o cümlədən Rumıniya. Tərəfimizdən Albaniyada maliyyələşdirilən qazlaşdırma layihəsi başa çatdıqda, bu ölkə də Azərbaycan qazını alacaq. Avropa İttifaqının üzvü olan ölkələr – İtaliya, Bolqarıstan, Yunanıstan artıq bir neçə ildir ki, Azərbaycan qazını alır.

Bunlar hamısı çox müsbət amillərdir. Biz bağlılıq, ticarət və sərmayələr haqqında danışıqlar aparırıq. Lakin mən də sizinlə razıyam, Avropa Parlamentində bir qrup məsuliyyətsiz insan var ki, onların özlərini manyak kimi aparırlar. Onların anti-Azərbaycan hissləri və bəyanatları insanın normal psixoloji durumundan kənardır. Maksimum diplomatik lüğətdən istifadə etmək istəyirəm. Bəs biz nə edə bilərik? Onlar Azərbaycana qarşı olan 10-dan artıq qətnamə qəbul ediblər ki, onların da bizim üçün heç bir əhəmiyyəti yoxdur – biri az, biri çox – nə etməli? Biz bunu təəssüf hissi ilə qarşılayırıq. Anti-Azərbaycan orkestrinin təşkilatçıları digər insanların düşüncələrinə təsir göstərirlər, onların beyinlərini “yumağa” çalışırlar. Digər insanlar da Azərbaycanı onların təsvir etdiyi kimi qəbul edirlər. Anti-Azərbaycan fəallarından bəziləri xoşbəxtlikdən artıq yoxdur, anti-Azərbaycan cəbhəsinin fəalı olan xanım Eva Kayli kimi. Onun başına gələnləri bilirik. Bu, mediada geniş işıqlandırılmışdır. Düşünürəm ki, bu, həm də onu göstərir ki, Avropa Parlamenti kimisə hər hansı yanlışlıqda ittiham etməzdən əvvəl korrupsiya ilə bağlı öz problemlərini həll etməlidir.

Əlbəttə ki, burada söhbət yalnız Azərbaycan dövlətindən getmir, biz, həmçinin Azərbaycan xalqını düşünməliyik. Onlar Qafqazdakı vəziyyəti yanlış şərh edəndə, işğala, dağıntılara, soyqırımına məruz qalmış ölkəni, suverenliyimizi, ərazi bütövlüyümüzü bərpa etməkdə günahlandıranda 10 milyonluq Azərbaycan xalqının əleyhinə danışırlar. Onlar bunu başa düşməlidirlər. Əgər məni hədəf seçirlərsə və mənim haqqımda təhqiramiz ifadələr işlədirlərsə, bu, mənim üçün heç bir şey deyil. Amma İkinci Qarabağ müharibəsində, antiterror tədbirlərində arxamda duran və indi də arxamda olan Azərbaycan xalqı üçün bir siqnaldır ki, bu, Azərbaycana düşmən kimi baxan bir qrup insanlardır. Bu, təəssüf doğurur. Onların çıxardıqları səs-küy heç də xoş deyil, zərərli də deyil, yaşamaq olar. Amma heç də xoş deyil.

Yeri gəlmişkən, biz artıq uzun illərdir ki, Avropa Parlamenti ilə hər hansı rəsmi əlaqəni dayandırmışıq və bunu rəsmən bəyan etmişik. Hazırda qarşılıqlı əlaqəmiz yoxdur. Lakin Avropa Komissiyası ilə vəziyyət tamamilə fərqlidir, sizin də qeyd etdiyiniz kimi, müsbət istiqamətdə irəliləyir, təəssüf ki, qeyd etdiyim kiçik epizodlar xaric olmaqla, yeri gəlmişkən, sizin həmvətəninizlə əlaqədar olan epizod.

Almaniya Beynəlxalq Əlaqələr və Təhlükəsizlik İnstitutundan Darya İşçenko: Yaratdığınız fürsət üçün təşəkkür edirəm. Mənim sualım Ermənistanla Azərbaycan arasında sülh danışıqları üçün Qərb platformaları ilə bağlı hazırkı mövqeyinizə dairdir. Hazırda hansı mövqedəsiniz? Çünki Bakı son vaxtlar Qranada, Brüssel və Vaşinqton danışıqlarında iştirak etməməyi seçib. Beləliklə, gələcək potensialı necə görürsünüz? Siz artıq Avropa İttifaqının roluna toxunmusunuz və mən Sizdən xahiş etmək istərdim ki, onun enerji və kommunikasiyalara olan marağını nəzərə alaraq bu mövzuya xüsusi diqqət yetirəsiniz. Bakının ilkin olaraq başladığı və bu yaxınlarda canlandırdığı “3+2” platformasının gələcək potensialını necə qiymətləndirirsiniz? Regional tərəfdaşlarla regional problemlərin həlli üçün bu regional platformanın gələcəyini necə görürsünüz? Çox sağ olun.

Prezident İlham Aliyev: Təşəkkür edirəm. Mən artıq bir az Aİ vasitəçiliyindən danışdım, bu, əsasən Avropa İttifaqı Şurasının Sədrinin vasitəçiliyi idi. Keçən il “Avropa Siyasi Birliyi”nin Praqada keçirilən Zirvə toplantısı çərçivəsində Prezident Mişel, baş nazir Paşinyan və mənim aramda keçiriləcək görüşə Fransa Prezidentinin dəvət edilməsi təklif olunanda etiraz etmədim. O vaxt düşündüm ki, faydalı ola bilər. Oktyabrın 6-da keçirilən bu görüşdə baş nazir rəsmi surətdə Qarabağı Azərbaycan ərazisi olaraq tanıdı. Düzdür, sonradan o, digər bəyanatlar verdi, həmçinin qeyd etdiyim bəyanat - bu ilin sentyabr ayında “Dağlıq Qarabağ respublikası”na təbrikin göndərilməsi. Amma yenə də mən Praqa görüşünün nəticəsini müsbət kimi qəbul etdim. Biz bu formatda davam etməyə hazır idik.

Təəssüflər olsun ki, bir həftə sonra Fransa Prezidenti televiziyaya verdiyi müsahibələrindən birində Azərbaycanın ünvanına və bizim gördüyümüz işlər barəsində müəmmalı və qəbuledilməz sözlərdən, ifadələrdən istifadə etdi. Biz nə etmişik ki? Beləliklə, özünü prosesdən ayırdı. Bizim mövqeyimiz tam aydındır - əgər siz neytrallığınızı itirirsinizsə, artıq vasitəçi ola bilməzsiniz, bu şansı əldən buraxırsınız. Biz ölkələrə tərəf tutmamaq üçün təsir edə bilmərik. Bunun müxtəlif səbəbləri var. Bu halda artıq vasitəçi olmaq şansı əldən buraxıldı. Biz rəsmən bəyan etdik, artıq münasib hesab etmirik ki, Fransanın hər hansı bir nümayəndəsi Ermənistanla Azərbaycan arasında normallaşma prosesində iştirak etsin. Buna görə, bu məxsusi səbəbə görə mən Qranadaya getmədim.

Lakin Qranadadan əvvəl Kişineu var idi. Kişineuda Almaniya Kansleri Olaf Şolts da iştirak edirdi. Mən xatırlayıram, o dedi ki, “bizə ehtiyacınız olarsa, müraciət edin”. Əslində, bu, çox müdrik yanaşmadır. Kimsə istəmədiyi halda sən özünü necə vasitəçi olmağa məcbur etdirə bilərsən?

Qranada görüşü oktyabrın 5-nə təyin edilmişdi və əvvəlki məsələyə qayıdıram, elə həmin gün Avropa Parlamenti Azərbaycanla bağlı müzakirələr təşkil etdi. Ona görə də qəsdən bu anti-Azərbaycan qətnaməni mənim Qranadada olmalı olduğum gün qəbul etməyi planlaşdırdılar ki, Azərbaycanla bağlı öz mövqelərini nümayiş etdirə bilsinlər. Getməməyimin bir səbəbi də bu idi. Birinci səbəb Fransa, üçüncü səbəb isə bu görüşün lazımi qaydada təşkil edilməməsi. Bu görüş antiterror tədbirlərindən iki həftə sonra baş tutmalı idi. Yerdə vəziyyətin tamamilə dəyişdiyi andan iki həftə sonra. Bu səbəbdən görüşə hazırlıq aparılmalı idi. Hansı sənədləri qəbul etməyi planlaşdırırdıq? Hansı bəyanatlar veriləcək? Bəyanatlar necə razılaşdırılmalı idi? Buna dair heç bir məlumat yox idi. Mən bu səbəbdən iştirak etmədim. Lakin təəccüblüsü o idi ki, mən olmadan bu görüş keçirildi. Bir rus deyimi var – “Без меня, меня женили” – “qız evində toydur, oğlan evinin xəbəri yoxdur”. Beləliklə, mən olmadan onların dördü Azərbaycan və Ermənistan ilə əlaqədar necə qətnamə qəbul edə bilirlər ki, hələ də anlamıram.

Hazırki vəziyyət belədir - Avropa İttifaqı Şurası tərəfindən təşkil olunan vasitəçilik prosesi var. Bundan əlavə, “Moskva istiqaməti” adlandırdığımız xarici işlər nazirləri arasında müzakirələr mövcuddur. ABŞ Konqresində məşhur dinləmələr baş tutana qədər “Vaşinqton istiqaməti” adlanan proses var idi ki, xarici işlər nazirləri Vaşinqtonda görüşürdülər. Belə görünür ki, Vaşinqton istiqaməti artıq aktual deyil. Çünki bu gün Bakıda olan Dövlət Departamentinin rəsmi nümayəndəsi Azərbaycanla “işlər əvvəlki kimi ola bilməz” deyir və Azərbaycanı görmədiyi işlərdə ittiham edir. Belə ki, “əvvəlki kimi işlər” yoxdursa, deməli, hər sahədə “əvvəlki kimi işlər” yoxdur. Eyni zamanda, Azərbaycanın yüksək vəzifəli rəsmilərinin ABŞ-a səfərlərinə məhdudiyyətin qoyulduğu elan edildi. Bu, ABŞ-la strateji əhəmiyyətə malik olan münasibətlərimizin tarixində ilk dəfə baş verdi. Bu administrasiya bu münasibətləri məhv etməyə çalışır, hansı səbəbdən bilmirəm.

Biz dedik, yaxşı, əgər Azərbaycandan ABŞ-a yüksək vəzifəli rəsmilərin səfərləri olmayacaqsa, o zaman xarici işlər nazirimiz oraya necə gedə bilər? Siz deyirsiniz ki, səfərlər olmayacaq, amma xarici işlər nazirimizi dəvət edirsiniz. Bunu izah edə bilərsiniz?

Beləliklə, dedik ki, əgər Azərbaycandan ABŞ-a yüksək səviyyəli rəsmi səfərlər olmayacaqsa, bizim xarici işlər nazirimiz oraya necə gedə bilər? Siz dediniz - səfər yoxdur, ancaq xarici işlər nazirimizi dəvət etmisiniz?

Bizə izah edə bilərsinizmi? Təfərrüatlara çox varmaq istəmirəm. Beləliklə, əgər həmişəki kimi, heç bir iş yoxdursa, bunu qəbul edirik. Bu o deməkdir ki, Vaşinqton aktual deyil. Ya deməlidirlər ki, iş həmişəki kimi davam edir, - mən ümid edirəm ki, bu gün bunu eşidəcəyəm və biz Vaşinqton prosesini bərpa edəcəyik, - ya da yalnız Brüssel və Moskva prosesi olacaq. Ola bilər ki, ikitərəfli danışıqlar olsun. Çünki məsələn, mən sizə deyə bilərəm ki, aprelin 30-da bizim şərti sərhədimizdə həmsədrlər delimitasiya komissiyalarını toplayıb delimitasiya məsələlərini müzakirə ediblər. Deməli, Azərbaycanla Ermənistan arasında heç bir vasitəçilik olmadan ikitərəfli format ola bilər. Vasitəçilik hər iki tərəfin izah edə bilmədiyi bəzi ideyaların vasitəçi tərəfindən işlənib hazırlanması baxımından faydalı ola bilər. Beləliklə, vasitəçilik prosesi başa çatsa, bu, ikitərəfli formatda olacaq. Yəni, bu, danışıqlar prosesinə aiddir. Bundan başqa, qeyd etdiyim kimi, Avropa İttifaqı ilə münasibətlərimiz yaxşı balanslaşdırılmışdır, əsasən müsbətdir. Biz yeni əməkdaşlıq sənədi üzərində fəal işləyirik. O, hazırda gözləmə rejimindədir, lakin ümid edirəm ki, tezliklə yekunlaşdırmaq üzrə birgə fəaliyyətimizə yenidən başlaya bilərik. Çünki həmin yeni əməkdaşlıq üzrə sənədin 90 faizindən çoxu artıq razılaşdırılıb.

Hikmət Hacıyev: Sağ olun. Növbəti sual - Stefani Fenkart.

Beynəlxalq Sülh İnstitutunun direktoru Stefani Fenkart (Avstriya): Cənab Prezident, bizi burada qəbul etdiyinizə görə çox sağ olun. Mən ilk dəfədir bu forumda iştirak edirəm. Sualım bir az əvvəlcə söylədiklərinizə qayıdır. Mən Avstriyadanam və Beynəlxalq Sülh İnstitutunda çalışıram. Bir sözlə, sualım sülh haqqında olacaq. Bilirsiniz, Ermənistan ilə Azərbaycan arasında münaqişənin uzun tarixi, bu qədər əziyyətləri, inamın bu dərəcədə çatışmaması, eləcə də xüsusən və təbii olaraq, ədalətsizlik hissləri göz qarşısındadır. Siz də qeyd etdiyiniz, tədqiqatlar və məlumatlar da göstərir ki, sülh sazişləri o zaman dayanıqlı olur ki, onları bütün iştirakçı tərəflər qavrasın. Bu, məsələnin bir hissəsidir. Beləliklə, sualım belədir: Əgər ədalət bunun üçün çox əhəmiyyətlidirsə, birincisi, bütün müharibələrdən, ikincisi, antiterror əməliyyatından sonra əgər keçid dövrünə aid düzgünlük, həqiqət və barışıq kimi məsələlərin hamısını nəzərə alsaq, onlar daha uğurlu və dayanıqlı sülhə və hətta sülh prosesinə apara bilərmi? Əgər belədirsə, mən burada Almaniya–Fransa yaxınlaşmasından misallar haqqında düşünürəm. Beləliklə, çox uzun perspektivdə, ola bilsin, hətta Cənubi Afrika misalını götürsək, əgər hətta bu işlərdə standart olmasa belə, barışıq mümkündürmü? Bunu necə dəyərləndirirsiniz və kim bu işdə vasitəçi və ya aparıcı rolunu oynaya bilər? Mən Avstriyadan olduğuma görə, bu rolda Avstriya haqqında nə düşünürsünüz? Bəlkə biz neytral ölkəyik, çünki bütün beynəlxalq təşkilatlar ölkəmizdə yerləşir. Təşəkkür edirəm.

Prezident İlham Əliyev: Sağ olun. Düşünürəm ki, Avstriya qeyd etdiyiniz əyani səbəblər sayəsində yaxşı vasitəçi ola bilər. Çünki biz hamımız beynəlxalq tədbirlərdə əlifba sırasına görə bir-birimizə yanaşı otururuq. Beləliklə, bizim avstriyalı və ermənistanlı həmkarlarımızla hər zaman fikir mübadiləsi aparmaq üçün beynəlxalq tədbirlərdə bir yerdə oturmaq imkanımız var. Sülh sazişinə gəldikdə, artıq qeyd etdiyim kimi, düşünürəm ki, hazırda biz buna yaxınıq, çünki prosesi başladığımız zaman narazılıq doğuran məsələlərdən biri erməni tərəfinin dırnaqarası dağlıq qarabağ respublikasına sülh sazişində istinad etmək cəhdləri ilə bağlı idi və bunu biz, əlbəttə ki, qəbul edə bilməzdik. Onlar istəyirdilər ki, həmin məsələni müxtəlif söz birləşmələri vasitəsilə sazişə salsınlar, lakin onlar yenə də təxminən eyni alınırdı. Bizim yanaşmamız belədir ki, biz onu qeyd edə bilmərik və iki ölkə arasında razılaşma tam qarşılıqlı olmalıdır. Buna görə, əgər onlar saziş layihəsində Azərbaycanda yaşayan erməniləri milli azlıq kimi qeyd etmək istəyirlərsə, onda bu, qarşılıqlı olmalıdır və Ermənistandan güclə deportasiya olunmuş azərbaycanlıların Ermənistana qayıtmaq və orada yaşamaq hüquqları da əks olunmalıdır. Onların hüquq və təhlükəsizliyi Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyi kimi eyni qaydada qorunmalıdır. Əfsuslar olsun ki, erməni tərəfi bundan hər zaman imtina edib və bu addım o qədər məntiqi görünmürdü, çünki biz qeyri-adi heç nə təklif etmirik, sadəcə, qarşılıqlıq istəyirik. Digər variant bu mövzunu ümumiyyətlə qeyd etməmək idi. Beləliklə, sentyabrın 19-da keçirilmiş antiterror əməliyyatından sonra görünür, bu maneə də aradan qalxdı. Biz ya hər iki milli azlığı sülh müqaviləsində qeyd edirik, yaxud həmin məsələ ümumiyyətlə qeyd olunmur. Sülh sazişinin digər bəndləri və ya maddələri az problematikdir. Deməzdim ki, onların hamısı artıq razılaşdırılıb, lakin düşünürəm ki, cümlələrə, ifadələrə gəldikdə, əlbəttə ki, hər sözün müəyyən siyasi mənası var. Lakin bunları razılaşdırmaq olar. Bu, yalnız siyasi iradə məsələsidir. Qeyd etdiyim kimi, biz erməni tərəfindən cavabı 70 gün gözlədiyimiz halda, məsələn, deyə bilərəm ki, bizim Ermənistana şərhlərimizin göndərilməsi, adətən 14-15 gündən çox çəkmir. Əgər onlar cavabı 70 gün yubadırlarsa, onda bunun müəyyən mənası var. Əlbəttə ki, bu, biristiqamətli proses deyil. Əgər Ermənistan hesab edir ki, bizə sülh onlardan çox lazımdırsa, fikrimcə, onlar yanılırlar. Biz sülhü onlar istədiyi qədər istəyirik. Əgər onlara bu lazımdırsa, onda bizə də lazımdır. Əgər onlara lazım deyilsə, onda bizə də lazım deyil. Mənim istər Şura Prezidenti Şarl Mişelin iştirakı ilə Brüsseldə erməni tərəfi ilə təmaslarımda, istərsə də bəzi beynəlxalq tədbirlər çərçivəsində söhbətlərdə mən demişəm ki, əgər siz Azərbaycanın Qarabağ da daxil olmaqla ərazi bütövlüyünü tanımayacaqsınızsa, onda biz də sizin ərazi bütövlüyünüzü tanımayacağıq. Əgər siz ərazi bütövlüyümüzü sual altına çəkməkdə davam edəcəksinizsə, onda biz də sizin ərazi bütövlüyünüzü sual altına çəkəcəyik. Mən ona dedim, inanın ki, bizim ərazi bütövlüyünüzü tanımamaq üçün daha çox hüququmuz, daha çox tarixi hüquqlarımız var, çünki hamımız bilirik, XX əsrin əvvəlində Cənubi Qafqaz xəritələri necə olub. Onlar mövcuddur. Hamımız bilirik ki, bolşeviklər 1920-ci ilin noyabrında Zəngəzuru Azərbaycandan götürərək Ermənistana veriblər və bu, Azərbaycanın sovetləşdirilməsindən altı aydan az müddətdə baş verib. Həmin ərazi hissəsi bizdən götürülmüşdür. Beləliklə, mən ona dedim ki, sizin ərazi bütövlüyünüzü sual altına çəkməkdə bizim daha çox tarixi, siyasi və qanuni hüquqlarımız var. Buna görə, bu davranışı sizə məsləhət görmürəm. Hazırda isə məsələ eynidir. Əgər onlar Azərbaycanın ərazi bütövlüyünü bəyanatla deyil, imzası ilə tanıyacaqlarsa, onda biz də eyni addım atacağıq. Mən dəfələrlə demişəm ki, bizim Ermənistan ərazisini ələ keçirmək kimi heç bir planımız yoxdur, çünki bəzən bizi bu məsələdə əsassız olaraq ittiham edirlər. Əgər biz bunu etmək istəsəydik, edərdik. Mən sizə əmin, açıq və bütün nöqteyi-nəzərindən söyləyə bilərəm ki, bu, böyük problem deyil. Bir gün ərzində onlar Qarabağda təslim oldular və bayrağımız Xankəndidə ucaldı. Bir sözlə, biz yenidən həmin tədbirləri görmək istəmirik və fakt ondan ibarətdir ki, əgər biz bu addımı atmırıqsa, demək, mən dediklərim düzdür. Lakin, eyni zamanda, biz istəyirik ki, gələcəkdə Azərbaycana potensial risk yaranmasın. Buna görə, biz Ermənistanın silahlanması məsələsini hər zaman qaldırırıq və hesab edirik ki, bu, əks nəticə verə bilər və təxribata sürükləyə bilər. Çünki Ermənistana silah təchiz edən Fransa və Hindistan kimi ölkələr hazırda odun üstünə yağ tökür və Ermənistanda reallıqdan uzaq xülyalar yaradır ki, guya onlar həmin silahlardan istifadə edərək Qarabağı geri ala bilərlər. Mən həmin silahların keyfiyyəti ilə bağlı təfərrüatlara varmaq istəmirəm, baxmayaraq ki, onların hansı növ silah olmasını bilirəm. Lakin hətta əgər çox müasir silahlar olsa belə, onların şansı olmayacaq, çünki müharibə və onun nəticəsi silahla deyil, insanlar və onların əzmkarlığı ilə həll edilir. İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın öz bəyanatlarına görə, erməni ordusunda döyüş meydanında 12 min fərari oldu, Azərbaycan Ordusunda isə sıfır. Beləliklə, onların şansı yoxdur. Bir sözlə, mənim onlara mesajım ondan ibarətdir ki, qoy burada, regionda elə vəziyyət yaratmasınlar ki, bizə hər hansı ziyan vurmağın planlaşdırılmamasından əmin olaq! Hələ ki, biz əmin deyilik. Bu səbəbdən, biz reaksiya vermirik. Fransanın Ermənistana heç kəsin almaq istəmədiyi zirehli maşınların təchiz olunmasını müşahidə edirik. Onlar bizə hər hansı təhlükə ehtiva etmir. Lakin əgər görsək ki, zərərli ola biləcək hər hansı ciddi qurğu olarsa, biz cavab verməli olacağıq və mən bu haqda hər kəsi məlumatlandırmışam ki, sonradan şikayət olmasın. Biz cavab verməli olacağıq, çünki hər ölkə öz xalqını müdafiə etməlidir və ümid edirəm ki, bu cür cavaba ehtiyac qalmayacaq. Lakin bunun üçün yeni böyük qardaş rolunu oynamaq istəyən Ermənistanın yeni havadarlarına öz gözəl paytaxtında oturub dincəlməsi, rahat olması məsləhətlidir.

Münaqişələrin Qarşısının Alınması və Erkən Xəbərdarlıq Mərkəzinin prezidenti İulian Kifu (Rumıniya): Cənab Prezident, çox sağ olun. Regionu yenidən görmək, münaqişədən sonra yenidənqurma işlərinizlə tanış olmaq və Azərbaycanın göstərdiyi bütün səyləri öyrənmək üçün əla fürsət oldu. Sualım azərbaycanlıların, əgər istəyirlərsə, Ermənistana qayıdışı ilə bağlıdır. Bəlkə bu, sülh razılaşmasının bir hissəsi olsun, yaxud həmin razılaşmadan sonra bəlkə digər müqavilə olsun. Ermənilərin Azərbaycan vətəndaşları kimi Qarabağa qayıtması üçün artıq imkan yaradılıb. Siz bunları artıq qeyd etdiniz. Bununla belə sualım belədir: Qarabağda yaşamış erməniləri qayıdışa cəlb etmək məqsədilə Azərbaycanın hər hansı siyasəti varmı? Bəlkə onlara elə şəraitlər təklif edilsin ki, onlar mənalı, cəlbedici olsun və bu, siyasi mənada böyük təəssürat bağışlaya bilər. Çox sağ olun.

Prezident İlham Əliyev: Artıq qeyd etdim ki, qayıtmaq istəyən şəxslər bunu edə bilər. Zəngilanda və digər yerlərdə gördüyünüz tamamilə dağıdılmış yerlərdən fərqli olaraq, onların mənzilləri, evləri toxunmaz olaraq qalır. Erməni tarixi irsi tam qorunur. Hərbi polisimiz çox mühüm yerləri, o cümlədən insanların mülkiyyətini qoruyur. Beləliklə, əgər onlar Azərbaycan vətəndaşı olmaq istəyirlərsə gəlsinlər. Bunu artıq qeyd etdim. Digər variant, hər ölkədə olduğu kimi ümumi təcrübəyə əsaslanaraq və hər ölkənin miqrant əmək qüvvəsinə tətbiq etdiyi kvota kimi bizim kvotalardan irəli gələrək işə icazə və yaşamaq icazəsidir. Bu, təşkil oluna bilər.

Əlbəttə ki, azərbaycanlıların Ermənistan ərazisinə qayıdışına gəldikdə, biz Ermənistandan da eyni yanaşmanı gözləyirik. Ən azı eyni addım atsınlar və həmçinin kəndlərimiz haqqında məlumatı əldə etmək üçün elektron reinteqrasiya portalını yaratsınlar. Azərbaycanlıların yaşadıqları kəndlərin əksər hissəsi ya dağıdılıb, ya boş qalıb. Ermənistanda çətin demoqrafik vəziyyətdən irəli gələrək, onlar istədiyi kimi Azərbaycan kəndlərində məskunlaşmanı təşkil edə bilmirlər. Bəzilərində onlar yaşayır və lakin onların əksər hissəsi boşdur. Yəni, ən azı azərbaycanlılara həmin yerlərə getmək, görmək və ziyarət etmək imkanını yaratmalıdırlar. Hesab edirəm ki, bu, barışığın mühüm işarəsi ola bilərdi, çünki suallarda və ya şərhlərdə Fransa ilə Almaniya arasında yaxınlaşma ilə bağlı bəzi tarixi paralellər verildi. Demək istərdim ki, qanlı İkinci Dünya müharibəsindən sonra sovetlər və almanlar da barışığa getdilər. Beləliklə, iki onillikdən az müddətdə Sovet İttifaqı və Almaniya Federativ Respublikası sıx tərəfdaşa çevrildi. Mən hələ Almaniya Demokratik Respublikasını demirəm və orada yaşayan insanlar dərhal Sovet İttifaqında yaşayan insanlarla çox yaxın dosta çevrildilər. Bir sözlə, düşünürəm ki, Sovet İttifaqı və Almaniya arasında baş vermiş barışıq çox yaxşı nümunədir. Buna görə, biz düşünməliyik və bilirik ki, Ermənistanın bugünkü ərazisində kökləri olan azərbaycanlılar qayıtmağı çox arzu edirlər. Onların bəzilərinə elə gəlir ki, orada kəndlərdə məskunlaşma tam realdır və mən də bu cür düşünürəm. Bəziləri isə ulu babalarının məzarını, sadəcə, gedib ziyarət etmək istəyir. Digərləri, sadəcə, səfər edib qayıtmaq istəyir. Bir sözlə, buna icazə verilməlidir. Ermənistan oradan deportasiya olunmuş yüz minlərlə azərbaycanlının təbii humanitar tələbatlarının qarşısını almalı deyil. Biz bunun necə olduğunu nümayiş etdirdik. Biz göstərdik ki, mülkiyyət, dini yerlər necə qorunmalıdır və əhalisinin çoxu erməni olmuş Xankəndinə və digər yerlərə gedən hər kəs bunları görə bilər. Beləliklə, biz onlardan eyni addımı gözləyirik və bu, onların sülhə olan iradəsini nümayiş etdirəcək.

Hikmət Hacıyev: Təşəkkür edirəm. Fərhad Pirinççi. Növbəti sualımız.

SETA Akademiyasının direktoru Fərhad Pirinççi (Türkiyə): Cənab Prezident, bizi qəbul etdiyinizə görə sağ olun. Burada olmaq şərəfdir. Əslində, mən Zəngəzur dəhlizi adlandırdığımız və üçtərəfli Bəyanatda qeyd edilmiş doqquzuncu maddə barədə soruşmaq istərdim. Mən öz qərbli həmkarlarımla və Qərb mətbuatında hətta bəziləri ilə danışanda, onlar iddia edirlər ki, Azərbaycan bu maddəni icra etmək üçün Ermənistanı hərbi yolla məcbur edəcək. Həmin dəhlizin reallaşması prosesi barədə nə deyə bilərsiniz? Bu haqda tərəfdaşınızla, ümumiyyətlə, söhbət aparmısınızmı? Mən bu prosesin icrasında Paşinyan hökumətini nəzərdə tuturam. Təşəkkür edirəm.

Prezident İlham Əliyev: Bəli, mən Ermənistanın baş naziri ilə dəfələrlə söhbət etmişəm və soruşmuşam ki, niyə onlar öz öhdəliklərini yerinə yetirmirlər. Çünki qeyd etdiyim kimi, doqquzuncu maddədə aydın şəkildə qeyd olunur ki, Azərbaycanın qərb rayonları və Naxçıvan arasında bağlantı təmin edilməlidir və hətta yazılır ki, orada nəzarət və təhlükəsizliyi kim təmin edəcək. Söhbət Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin bir hissəsi olan sərhədçilərindən gedir. Bunu cənab Paşinyanın özü imzalayıb. İndi isə o, nə bu marşrutu, nə də ki, Rusiyanın bu işdə iştirakını istəyir. Əslində, hüquqi nöqteyi-nəzərindən, bunun artıq mahiyyəti çox deyil. Bu, onun öhdəliyidir. Biz nə edə bilərik? Biz yalnız onu deyə bilərik ki, onlar öhdəliyini pozurlar. Azərbaycan öz beynəlxalq öhdəliklərinə hər zaman hörmətlə yanaşıb, lakin Ermənistan tərəfindən biz eyni yanaşmanı görmürük. Ermənistanın baş naziri ilə Brüsseldə keçirdiyim çoxsaylı görüşlər zamanı ona demişəm ki, hətta bir neçə il əvvəl biz artıq dəmir yolu xəttini çəkməyə başladıq. Siz heç olmasa texniki əsaslandırma işlərini niyə başlamırsınız? Buna cavab gəlmədi. Bir sözlə, sizə deyə bilərəm ki, sovet vaxtında mövcud olmuş 42 kilometrlik dəmir yolu nəinki tikinti üçün hazır deyil, onun heç texniki əsaslandırma işləri başa çatdırılmayıb. Bəlkə, ümumiyyətlə başlamayıb. Bu, o deməkdir ki, onlara bu yol lazım deyil. Yaxşı, onda biz gözlədik və ittiham olunduq ki, biz bunu güc hesabına edəcəyik. Mən artıq deməkdən yorulmuşam ki, bizim belə məramımız yoxdur. Sonra biz digər variantlara baxmalıyıq. Bizə Naxçıvanla, onun vasitəsilə Türkiyə ilə əlaqəmiz lazımdır. Beləliklə, keçidin tikilməsi məqsədilə İran tərəfi ilə razılığa gəldik. Bəli, bu variantın xərcləri çox olacaq. Lakin biz artıq tikintiyə başladıq. Artıq hər iki ölkənin hökumət rəsmiləri avtomobil körpüsünün tikintisi ilə əlaqədar Zəngilan rayonunun Ağbənd kəndində təməlqoyma mərasimində iştirak ediblər. Sonradan dəmir yolu körpüsü də salınacaq. Ermənistan çox şeyi itirir. Birincisi, bu, nəinki Azərbaycan ilə ölkəmizin Naxçıvan Muxtar Respublikası arasında yol olacaq, o cümlədən bu, beynəlxalq daşımalar dəhlizinə çevriləcək. Bir çox yüklər Mərkəzi Asiyadan gələcək. Gözləyirik ki, Çindən çox yüklər gəlsin. Beləliklə, qeyd etdiyim kimi, Azərbaycan ilə Türkiyə arasında mövcud bağlantılar, Bakı-Tbilisi-Qars dəmir yolu hətta genişlənsə belə, bütün yükləri əhatə edə bilməyəcək. Bir sözlə, cənub marşrutu ilə başlanğıcda il ərzində minimum 5-7 milyon ton yük daşınacaq və bu da kifayətdir. Beləliklə, Ermənistan özünü Azərbaycanla bütün digər kommunikasiyaların açılmasından məhrum edir, çünki hazırda onların Rusiya ilə dəmir yolu bağlantısı yoxdur. Gürcüstan yolu isə separatçı Abxaziya regionuna görə bağlıdır. Onların Azərbaycan vasitəsilə də yolu yoxdur. Türkiyə ilə dəmir yolu və sərhədi də bağlıdır. Bir sözlə, onlar yenidən dalandadırlar. Düşünürəm ki, onlar üçün hazırda iki variant var. Ya onlar öz hesabına, yaxud bəzi Avropa fondlarının puluna onların suveren ərazisi hesab edilən 42 kilometrlik zəruri dəmir yolunu çəkirlər. Bizim onların suverenliyi ilə bağlı hər hansı şərtlərimiz yoxdur, lakin Azərbaycanın əsas ərazisindən Naxçıvana asan çıxış olmalıdır. Baş nazir Paşinyana artıq söylədiyim kimi, bu, Azərbaycandan Azərbaycana gediş olacaq və ona görə hər hansı gömrük rüsumları, yoxlamalar, sərhəd yoxlanışı olmalı deyil, çünki gediş əsas ərazidən Naxçıvana həyata keçirilir. Əgər bunlar Xəzər dənizinin şərq sahilindən Ermənistana və digər yerlərə gedirsə, siz onda, əlbəttə, bütün gömrük rüsumlarını digər ölkələr etdiyi kimi tətbiq edə bilərsiniz. Lakin Azərbaycandan Azərbaycana yoxlamalar, müdaxilə olmalı deyil və bu, bizim legitim hüququmuzdur. Əslində, sizə deyə bilərəm ki, Brüsseldə Prezident Mişel tərəfindən təşkil olunmuş görüşdə müzakirə etdiyimiz məsələlərdən biri Rusiya-Kalininqrad dəmir yolu xətti kimi təcrübənin istifadəsi idi. Bir sözlə, hər şey mümkündür, sadəcə, Ermənistan istəmir. Onlar bizi bu qütbdən məhrum etmək istədilər və indi isə başa düşdülər ki, bu, bizə heç lazım deyil! Onda onlar şikayətlənməyə başladılar və hətta biz ABŞ Dövlət Departamentinin rəsmilərindən çox müəmmalı məlum bəyanatı eşitdik ki, Birləşmiş Ştatlar əgər yol Ermənistandan keçməsə, buna imkan verməyəcəklər?! Onda mən nə deyə bilərəm? Sadəcə deyə bilərəm ki, bu nədir? Biz bunu üç ildir ki, Ermənistan vasitəsilə etmək istəyirdik. Əgər siz istəyirsiniz ki, yol Ermənistandan keçsin və onda öz yeni erməni dostlarınıza bunu söyləyin! Axı siz bizim İranla münasibətlərimizə necə müdaxilə edə bilərsiniz? Deyirsiniz ki, siz yolun çəkilməsinə imkan verməyəcəksiniz. Nə edəcəksiniz? Bombardman edəcəksiniz, nə edəcəksiniz?! Əslində, bu cür məsuliyyətsiz bəyanatlar onları söyləyənlərə heç bir yaxşı fayda gətirmir və əlbəttə ki, regionda sabitliyi və proqnozlaşdırmanı, o cümlədən bağlantı layihələrini ciddi şəkildə sual altına qoyur. Yeri gəlmişkən, mən artıq bu haqda danışdım ki, Türkiyədəki tərəfdaşlarımızdan məlumat almışıq və onlar Qars–Naxçıvan dəmir yolunun çəkilməsini planlaşdırır. Beləliklə, qeyd etdiyim kimi, bu, bir çox ölkələrin rifahına xidmət edəcək nəqliyyat dəhlizi olacaq.

Hikmət Hacıyev: Cənab Prezident, biz artıq Sizin çox vaxtınızı aldıq və ayrılmış vaxt çərçivəsinin sonuna yaxınlaşırıq, lakin siyahımızda hələ 10 natiq qalır. Əgər icazə versəniz, biz üç sualı bir qrupda birləşdirək və sualları qrup şəklində verək.

Prezident İlham Əliyev: Gəlin əvvəlki kimi davam edək, sonra baxarıq.

Hikmət Hacıyev: Onda, Raçel Rudolf.

Pekin Texnologiyalar İnstitutunun professoru Raçel Rudolf: Sağ olun cənab Prezident. Əslən Birləşmiş Ştatlardanam, lakin Çin Xalq Respublikasının Quandon əyalətinin Böyük Buxta adlanan bölgəsində yüksək texnologiyalar zonasında yaşayıram. Mən iki universiteti təmsil edirəm: Smisfield Rod Aylənd Universiteti və Pekin Texnoloji İnstitutu. Sualım belədir: Əgər əsl sülh ədavətli mühitin transformasiyasını tələb edirsə, azərbaycanlıların azad edilmiş yerlərə qayıdışını asanlaşdırmaq üçün hökumətinizin hansı cəlbedici üsulları var və münaqişədən sonra dinc mühitini necə qurmaq istəyirsiniz?

Prezident İlham Əliyev: Böyük yenidənqurma layihəsinə başlamazdan əvvəl göstəriş verdim ki, keçmiş məcburi köçkünlər arasında sorğu aparaq. O, çap edildi və biz onu daxili istifadəmiz üçün hazırladıq. Çünki istəyirdik bilək ki, nə qədər insan qayıtmağı planlaşdırır. Biz aydın şəkildə anlayırdıq ki, 30 il keçib və deportasiya edilmiş əksər insan, əfsuslar olsun ki, dünyasını dəyişib. Qalırdı uşaqlar və gənc nəsil. Onlar həmin yerləri heç vaxt görməyiblər və keçmiş məcburi köçkünlərin çoxunun iş yerləri var idi. Beləliklə, biz bilməli idik və mən məmnun oldum ki, gözlədiyim kimi tam əksəriyyət qayıtmaq istədiyini dedi. Lakin, əlbəttə, yaxşı anlayırdıq ki, necə və hara qayıtmalıyıq. Qayıtmağa yol varmı?! Biz onlar üçün elə şərait yaratmalı idik ki, həmin şərait nəinki eyni, hətta əvvəlkindən də yaxşı olmalı idi. İndi isə mən nəinki hələ də yataqxanalarda və çox ağır vəziyyətdə yaşayan şəxslər haqqında danışıram, o cümlədən yeni evlər tikdiyimiz və mənzil verdiyimiz 300 min keçmiş məcburi köçkünü də nəzərdə tuturam. Beləliklə, Qarabağda və Zəngəzurda şəraitlər daha yaxşı olmalıdır. Prosesin başlanmasının əlamətini və onun mən gözlədiyimdən də geniş olmasını, fikrimcə, siz Zəngilanda, Ağalıda gördünüz. Siz həmin yerləri heç zaman görməyən uşaqları və gəncləri gördünüz. Onlar qayıtdılar. Mən orada dəfələrlə olmuşam və soruşmuşam ki, Bakı və ya Sumqayıt üçün darıxırsınız? Siz böyük şəhərlərdə yaşamısınız. İndi isə kəndə gəlmisiniz və o, hələ də ayrıca salınmış kənddir və ətrafında heç nə yoxdur. Onlar dedilər: Xeyr! Onlar həyatından razıdırlar. Qayıdanlar təkcə orada vaxtilə yaşayan insanlar deyil. Bəli, həmin insanları başa düşmək olar. Onların xüsusi hissləri var. Hətta uşaqlar və nəvələr də gəldilər. Bir sözlə, deyərdim ki, bu, çox mühüm mənəvi və psixoloji amil idi, çünki bunlarsız, biz orada nə edirik edək, onun təsiri sıfır olacaq. Buna görə, vacib olan odur ki, onlar qayıtmaq istəyirlər. O ki qaldı onların haraya qayıtmasına, yəqin ki, siz bunu dünən mənim nümayəndələrimdən Zəngilanda şəhərləri, ekoloji vəziyyəti necə planlaşdırdığımız barədə eşitdiniz. Həmin yerlər tam şəkildə ekoloji, yaşıl enerji zonası olacaq və əlbəttə ki, məşğulluq təmin ediləcək. Yəqin ki, onlar sizə, həmçinin Ağdam, Cəbrayıl və Laçında yaradılmış sənaye yerləri haqqında söylədilər. Tövsiyə edirəm ki, gələn dəfə forumunuzu keçirəndə Laçına gedin, çünki o, hazırda bütün azad edilmiş ərazilərdə ən çox məskunlaşmış şəhərdir. Bilirəm ki, forumlarınız ildə iki dəfə olur və gələn ilin yazında orada artıq minlərlə insan yaşayacaq. Planımız belədir və bu vaxtda qədər uğurlu olub. Rəqəmləri bilirsiniz. 2026-cı ilin sonuna qədər 140 min insan olacaq. Bu, tam real görünür.

Azad edilmiş ərazilərə gəldikdə, digər mühüm məsələ də var. Biz, həmçinin yeni idarəçilik modelini sınaqdan keçiririk. Artıq gördüyünüz kimi, biz prezidentin xüsusi nümayəndələr institutunu yaratmışıq. Bu vaxta qədər dörd nümayəndə var. Onların sayı daha çox olacaq. Bu, tamamilə yeni idarəçilik üsuludur və həmin müsbət təcrübə, ola bilsin, ölkənin qalan hissəsində də tətbiq edilsin. Texnoloji inkişaf, ekoloji baxımdan münbit biznes mühiti – bütün bunlar tətbiq ediləcək. Bir sözlə, bizim həmin planlarımız artıq var. Hələ onları kağız üzərinə köçürməmişik, çünki biz əsasən keçmiş məcburi köçkünlərin əsas hissəsini qaytarmalıyıq və bu, Azərbaycanın qalan hissəsinin yenidən qurulmasına və inkişafına dair yol xəritəsi olacaq. Məsələn, Qarabağ və Şərqi Zəngəzuru yaşıl enerji zonası kimi elan etdikdən sonra növbəti addım Naxçıvan Muxtar Respublikasında atıldı. Hazırda biz Naxçıvanda 1500 bərpaolunan enerji mənbəyinin tikintisi planını tərtib etmişik. Biz Naxçıvan Muxtar Respublikası üçün xüsusi dövlət inkişaf proqramını qəbul etmişik. Həmin proqram bir növ “Böyük Qayıdış” adlanan Qarabağ və Şərqi Zəngəzur proqramına bənzəyir. Biz Qarabağda şəhərsalmanın planlaşdırılmasına kömək etmiş beynəlxalq şirkətləri eyni işləri Naxçıvanda da görməsi üçün artıq seçmişik. Mövcud şəhər infrastrukturunu nəzərə alaraq, bu addım atılır, çünki coğrafi və mədəni baxımdan Qarabağ, Zəngəzur və Naxçıvan müəyyən dərəcədə eyni bölgəyə aiddir. Onların coğrafi və mədəni mühiti demək olar ki, eynidir. Bu, Azərbaycan ərazisinin böyük hissəsini əhatə edəcək və bütövlükdə Azərbaycanın dörddəbir hissəsini, eləcə də ölkənin qalan hissəsini təşkil edəcək. Həmin yenidənqurma iqtisadi inkişafa, məşğulluğa, əmək qüvvəsinin yerdəyişməsinə təkan verəcək. Bu, həmçinin əhalisi artan Bakı və Sumqayıt kimi şəhərlər üçün vacibdir. Onun çoxtərəfli müsbət təsiri olacaq. Lakin bir daha, birinci yerdə keçmiş məcburi köçkünlər və onların həyatı, onların yurdları və həyat tərzi, öz torpaqlarında layiqli yaşaması məsələsi dayanır.

Hikmət Hacıyev: Növbəti sualımız, Cekob Korejba.

Avrasiya Tədqiqatlar Mərkəzindən Cekob Korejba (Polşa): Zati-aliləri, adım Cekob Korejbadır. Mən Polşadanam, lakin Avrasiya Tədqiqatlar Mərkəzini təmsil edirəm. Burada olmaqdan məmnunluq və böyük şərəf hissi duyuram. May ayında keçirdiyimiz görüş zamanı mülahizələrinizi dinlədikdən sonra əldə etdiyim təəssüratı xüsusilə xatırlayıram. Belə hisslər, təəssürat yarandı ki, növbəti görüş çox nikbin şəraitdə keçəcək. Beləliklə, mən Sizi və Azərbaycan xalqını Zəfər münasibətilə təbrik edirəm. Sualım regiona inteqrasiya ilə bağlıdır. Şərq tərəfdaşları, qonşularınız və bizim qonşular arasında bəzi ideal nikbinliyə baxmayaraq, Avropa inteqrasiyasının da siyasi, texniki və ideoloji hüdudları var. Avropa İttifaqı bəlkə də Şərq tərəfdaşlarına gəldikdə uzunmüddətli strateji qərarları hazırlamaq və həyata keçirmək üçün ən yaxşı durumda deyil. Bu səbəbdən mən bilmək istərdim, Siz Cənubi Qafqazda bir növ Benilüks yaratmaq üçün regional inteqrasiyanın hər hansı mənasını və fürsətini görürsünüzmü? Əgər belədirsə, buna Tbilisi və xüsusən də İrəvanda reaksiyanı necə görürsünüz və gözləyirsiniz?

Prezident İlham Əliyev: Təşəkkür edirəm. Məncə, söylədikləriniz tamamilə realdır. Qələbəmizlə bağlı dediyiniz sözlərə görə təşəkkür edirəm. Şuşadakı görüşümüzü xatırlayıram. Təkrarən buraya gəldiyiniz üçün təşəkkür edirəm. Hesab edirəm ki, bu, tamamilə realdır və bu məsələ mənim gürcü həmkarım, Baş nazir İrakli Qaribaşvili ilə apardığımız müzakirələrin bir hissəsini təşkil edirdi. Hazırda Cənubi Qafqazda ən azı məsləhətləşmələr səviyyəsində prosesə başlamaq imkanımız var. İnteqrasiyadan danışmaq hələ tez ola bilər, amma məsləhətləşmələrdən başlamalıyıq. Məncə, ilk məsləhətləşmələr bu yaxınlarda Gürcüstanda keçirilən beynəlxalq bir tədbir çərçivəsində Cənubi Qafqazın üç ölkəsinin - Ermənistanın, Azərbaycanın və Gürcüstanın Baş nazirlərinin görüşü zamanı baş tutmuşdur. Bu, müsbət əlamətdir. Düşünürəm ki, bu əməkdaşlıq çox praktiki səmərə verə bilər. Çünki son 30 illik müstəqillik dövründə Gürcüstanın və Azərbaycanın inkişafı hər iki ölkənin inteqrasiya səviyyəsini, hər iki ölkədə ümumi qarşılıqlı və faydalı layihələrin həyata keçirilməsini və hər iki ölkənin ayrı-ayrılıqda hərəkət etmək əvəzinə, birlikdə Avropa üçün necə daha vacib olmasını göstərir. Artıq mövcud olan bu layihələrə Ermənistan qoşula bilərmi? Bəli, sülh müqaviləsi imzalanarsa, əlbəttə. Ermənistanın bu əməkdaşlığa nə kimi töhfə verəcəyi məsələsi isə açıq qalmaqdadır. Çünki o, yalnız hüquqlara malik olmamalı, habelə məsuliyyət daşımalıdır. Bu gün neft və qaz kəmərləri, dəmir yolları daxil olmaqla, Gürcüstan və Azərbaycanın böyük sərvətləri var, elektrik xətləri çəkiləcək, ticarət əlaqələri inkişaf edir, təhlükəsizliklə bağlı məsələlər həll olunur.

Bu yaxınlarda Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin ənənəvi görüşü keçirilmişdir. Biz yalnız müdafiə sahəsində deyil, iqtisadiyyat və digər sahələrdə də üçtərəfli əməkdaşlıq aparırıq. Ermənistan mehriban qonşu olmağa və bu işə yardım göstərmək niyyətini nümayiş etdirəcəkmi? Yenə də bu, açıq məsələdir. Hesab edirəm ki, əgər onlar strateji düşünsələr, Ermənistanın suverenliyini qoruyub saxlamağın yeganə yolu budur. Çünki hazırda Ermənistan hakimiyyətində baş verənlərə Bakıdan nəzər saldıqda orada bir qütbdən digərinə xaotik keçidin olduğunu müşahidə edirik. Onlar başqa qütbün onlar üçün bir növ qurtuluşa səbəb olacağını düşünürlər. Əsla! Bu, başqa bir böyük qardaşdan savayı heç nə deyil. Mən isə açığı, bu böyük qardaşın əvvəlkindən daha yaxşı olacağına şübhə edirəm. O, həm çox uzaqda yerləşir, regiona bir o qədər də bağlı deyil, həm də istənilən nöqteyi-nəzərdən baxıldıqda öz siyasi, bəlkə də şəxsi iddialı məqsədlərini güdür. Beləliklə, Ermənistan baş verən inteqrasiya prosesinin bir hissəsi olmaq istəyirsə, bunda niyyəti olduğunu nümayiş etdirməlidir.

Dediyim kimi, sülh sazişi, əlbəttə ki, əsas şərtdir, lakin yeganə şərt deyil. Onlar bizim indi bir-birimizi tərəfdaş kimi qəbul etdiyimizi nümayiş etdirməlidirlər. Bu mümkündür. Paralel olaraq barışıq prosesi getməlidir. Ziyalılar, ictimai rəyə təsir edə biləcək insanlar arasında təmaslar daha çox olmalıdır və daha az nifrət nümayiş etdirilməlidir. Əgər İrəvanda keçirilən idman tədbirində iştirak etmək üçün komanda göndəririk və baş nazir Paşinyanın gözləri qarşısında Azərbaycan Bayrağı yandırılırsa, onlar bununla nə demək istəyirlər?! Nəticədə dərhal planlarımızdan geriyə böyük bir addım atılmış oldu. Hətta bəlkə onların da planlarında geriləməyə səbəb oldu.

Ancaq bunlar çox həssas, emosional, eyni zamanda, çox əyani məqamlardır. Qarşılıqlı səfərlər zamanı biz özümüzü, yəni, hər iki tərəf özünü təhlükəsiz hiss edə bilərmi? Bu, cavabsız qalan böyük suallardan biridir. Amma bunun üçün potensial var. Bilirəm ki, Gürcüstan hökuməti də bu fikri tamamilə bölüşür. Hələ ki, Ermənistanın öz mövqeyini aydın şəkildə nümayiş etdirməsini görmürük. Amma bu baş verərsə, işə başlaya bilərik. Nəticədə onlar özlərini daha təhlükəsiz hiss edəcəklər. Buradakı gürcü dostlarımız bilirlər ki, bu gün Gürcüstanın enerji təhlükəsizliyi tamamilə təmin olunur. Böyük oyunçular arasında nə olursa-olsun, şəraitin necə olmasından asılı olmayaraq, o, etibarlı təchizat mənbəyidir. Biz bilirik ki, Azərbaycan üçün etibarlı tranzit marşrutu Gürcüstandan keçir. Bu, qarşılıqlı əlaqə, belə demək mümkündürsə, qarşılıqlı asılılıq deməkdir ki, bu da yaxşı bir şeydir, dostluğu gücləndirir. Bu, elektrik istehsalı, təbii qaz, yanacaq, maneəsiz tranzit imkanlarının yaradılması ilə bağlı bir layihə ola bilər. Amma üç ildir ki, biz yox, məhz Ermənistan Zəngəzur dəhlizinin açılmasına mane olur. Bu dəhlizin təşviq olunmasında Türkiyə ilə yanaşı, Azərbaycan və bir çox başqa ölkələr də fəal surətdə iştirak edirdi. Amma onlar buna mane olurdular. Yəni, məncə, onlar vəziyyəti yenidən nəzərdən keçirməlidirlər və həmçinin başa düşməlidirlər ki, böyük qardaşın nə qədər güclü olsa da, burada yaşayan yenə də sən olacaqsan, buradakı ölkələr arasında özünə yer tapmalı olacaqsan.

Argentina Beynəlxalq Münasibətlər Şurasının nümayəndəsi Xuan Bataleme (Argentina): Təşəkkürlər, Zati-aliləri. İcazə verin, həmkarlarımla birlikdə ölkənizin qonaqpərvərliyinə görə Sizə öz təşəkkürümü bildirim. Sualım olduqca sadədir. Ərazi bütövlüyünüzü bərpa etmək üçün hərbi imkanları hazırlamaq nə qədər çətin başa gəldi və nə qədər vaxtınızı apardı? Təşəkkür edirəm.

Prezident İlham Əliyev: Açığı, bu, başqa bir konfransın mövzusu ola bilər. Sual qısadır, amma cavabı ya çox qısa, ya da çox uzun ola bilər. Bilmirəm, vaxtımız çatacaqmı, çünki bizə ayrılan müddət tükənmək üzrədir. Bəli, bu, uzunmüddətli bir hazırlıq prosesi idi. İlk növbədə, iqtisadi cəhətdən hazırlıq idi. Biz özümüzü təmin edəcək iqtisadiyyata malik olmalı idik və başqa heç bir ölkədən asılı olmamalı idik. Həmçinin siyasi cəhətdən müstəqil olmalı idik, qərarlar bəzən bəzi ölkələrdə olduğu kimi, başqa paytaxtlarda deyil, məhz Bakıda qəbul edilməli idi. Cəmiyyətin möhkəmləndirilməsi, gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi tələb olunurdu. Xeyli hazırlıq işi bilavasitə ailələrdə görülürdü. Hətta deyərdim ki, ən vacib məsələ ailələrdə vətənpərvərlik əhvali-ruhiyyəsinin yaradılması idi. Təkcə keçmiş köçkünlərin ailələrində deyil, bütün ailələrdə və eləcə də məktəblərdə. Bunlar əsas amillərdir. Düzdür, silah və texnologiya itkiləri minimuma endirmək üçün çox vacibdir, itkiləri minimuma endirməyə kömək edə bilər. İkinci Qarabağ müharibəsində təpələrdə mövqe tutub altı müdafiə xətti ilə əhatələnərək özünü müdafiə etməyə çalışan Ermənistandan fərqli olaraq, dağlara dırmaşan bir tərəf kimi ən azı iki dəfə az itki verməyimizin səbəbi məhz müasir silahlara malik olmağımız idi. Amma, eyni zamanda, ən mühüm məsələ hərbi qulluqçuların hazırlığı və ruh məsələsidir. Şuşaya səfər edənlər şəhəri azad etmək üçün üzərində, sadəcə, yüngül silah və sursat olan döyüşçülərimizin nə cür qayalara dırmaşdığını yəqin ki, görüblər.

Bəli, bu amillərin reallaşdırılması çox vaxt apardı, amma onlar olmasaydı və təbii ki, bütün cəmiyyətin bu milli ideya ətrafında cəmləşməsi baş verməsəydi, Qələbə mümkün olmazdı. Mümkün qədər qısa olmağa çalışıram. Növbəti dəfə konfransı bu məsələyə həsr edib saatlarla bu barədə danışmaq olar.

Ekoloji fəal və siyasətçi Brays Lalond (Fransa): Cənab Prezident, dəvətinizə görə təşəkkür edirəm. Mən həmin gözəl Avropa ölkələrindən birindən gəlirəm. Düşünürəm ki, geri qayıdanda özümlə aparmalı olacağım bəzi mesajlar var.

Prezident İlham Əliyev: Nə üçün ikinci sırada əyləşmisiniz? İndi başa düşdüm niyə ikinci sırada oturmusunuz.

Brays Lalond: Cənab Prezident, bilirsiniz ki, hamı heç də mükəmməl deyil. Doğru buyurursunuz ki, ortada yanlış təsəvvürlər, anlaşılmazlıqlar var. Bu anlaşılmazlıqları necə aradan qaldıra bilərik? Bu, mənim əsas suallarımdan biridir. Hazırda bu anlarda Dubayda iqlim məsələlərinə dair böyük bir konfrans keçirilir. Bu konfrans 70 min insanı, xüsusən gəncləri indi və gələcəkdə bir araya gətirir. Gələn il bu konfransın harada keçiriləcəyini bilmirik. Ancaq o, burada keçirilə bilər. Sizin deyəcək çox sözünüz var, cənab Prezident. Siz hidrogendən, bərpaolunan enerji mənbələrindən danışdınız, Bakının cənubunda böyük bir günəş elektrik stansiyası tikmisiniz. Məncə, bu konfransın Bakıda keçirilməsi yaxşı olardı, həm də ona görə ki, qaz hasil edən ölkələrin digər ölkələrə kömək etmək üçün çox işi var, məsələn, kömürü qazla əvəz etmək üçün. Ona görə də növbəti sualım budur: Necə düşünürsünüz, mümkün ən qısa zamanda Bakıda bir iqlim konfransı təşkil etmək yaxşı fikirdirmi?

Prezident İlham Əliyev: Məncə, bu, əla fikir olacaq. Biz bunun üzərində işləyirik. Hadisələri qabaqlamaq istəmirəm, amma ümid edirəm ki, tezliklə Azərbaycanın COP29 konfransına ev sahibliyi edəcək ölkələrdən biri kimi müsabiqədə iştirak üçün ərizə verməsi barədə yaxşı xəbərimiz ola bilər. Konfransın Bakıda keçirilməsi ilə bağlı müəyyən problemlər var. Ümidvaram ki, bu problemlərin qənaətbəxş həlli tezliklə tapılacaq. Bu isə öz növbəsində indicə haqqında danışdığımız sülhə doğru atılmış daha bir mühüm addım olacaq.

Azərbaycan COP29-a ev sahibliyi etməyə hazırdır. Məruzə edə biləcəyimiz bir çox məsələlər var. Sovet İttifaqının süqutu ilə Azərbaycanda neft-qaz infrastrukturu tamamilə dağıldı, neft hasilatında kəskin azalma oldu, Bakıətrafı ərazilərdə sanki ekoloji fəlakət baş vermişdi. İndi isə Olimpiya Stadionuna, Su İdmanı Sarayına baxanda onların yerləşdiyi ərazilərdə vəziyyətin əvvəl necə olduğunu təsəvvür etmək çox çətindir. O ərazilərin hamısını neft gölləri basmışdı. Onları təmizləmək üçün çoxlu vəsait xərcləməli olduq və nümayiş etdiririk ki, biz yalnız istehsal etmirik, həm də ərazini təmizləyirik. Qarşıda görüləsi hələ çox işimiz var. Amma bu, məsuliyyətli olmağın yaxşı bir göstəricisidir.

Eyni zamanda, bizim ətraf mühitə məsuliyyətli yanaşmamıza dəlalət edən amillər arasında 2,6 trilyon kubmetr həcmində təbii qaz yataqlarının olmasını, mövcud boru kəmərləri şəbəkəsi və neft yataqları sayəsində enerji təhlükəsizliyimizi tam təmin etdiyimizə baxmayaraq, bərpaolunan enerji mənbələrinə sərmayə qoymağımızı da söyləyə bilərəm. Artıq qeyd etdiyim kimi, bütün bunlar çox böyük praktiki təsirə malik olacaqdır. Əgər biz elektrik enerjisi istehsalı üçün təbii qaz istehlakını yalnız bərpaolunan enerji resursları hesabına 50 faiz azaltsaq, daha 2,5-3 milyard kubmetr qazı bu saat ehtiyacı olan Avropaya göndərə bilərik. Bu, hər iki tərəf üçün faydalı bir vəziyyətdir. Növbəti COP konfransı gələn il keçirilməlidir. Əgər bu son maneə də aradan qaldırılsa, ADA Universiteti məxsusi olaraq bu məsələyə həsr olunmuş yaxşı bir konfrans keçirəcəkdir.

Roma Sapienza Universitetinin nümayəndəsi Valentina Şabert: Təşəkkür edirəm, cənab Prezident. Şuşadakı görüşümüzdən sonra Sizinlə burada görüşməkdən şərəf duyuram. Sualım Qarabağda 30 illik işğalın yan təsirlərindən biri olan ekoloji ziyanla bağlıdır. İşğal olunmuş bütün ərazilər ötən ilin sentyabrında azad edildikdən sonra orada ekoloji vəziyyəti necədir? İşğal müddətində ətraf mühitə ziyan vurmuş Ermənistanın və özəl şirkətlərin beynəlxalq məsuliyyətini hüquqi cəhətdən qiymətləndirməklə bağlı planlarınız varmı? Çox sağ olun.

Prezident İlham Əliyev: İşğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyət göstərən şirkətlərlə bağlı hüquqi prosedurlar İkinci Qarabağ müharibəsi başa çatdıqdan dərhal sonra başlanılıb. Xüsusilə mədənçilik, qızıl və digər qiymətli metalların hasilatı ilə məşğul olan şirkətlərlə bağlı prosedurları nəzərdə tuturam. Məlumdur ki, hüquqi proseslər kifayət qədər vaxt aparır. Amma təbii sərvətlərimizi qanunsuz şəkildə mənimsəyənlərin məsuliyyətə cəlb edilməsi üçün artıq üç ilə yaxındır ki, müxtəlif hüquq şirkətləri ilə fəal iş aparırıq. Hazırda işğaldan yeni azad edilmiş ərazilərdə vəziyyətin qiymətləndirilməsi üzrə iş gedir. Müxtəlif dövlət qurumlarının nümayəndələrindən ibarət xüsusi qrupumuz kəndbəkənd, sahəbəsahə gəzərək ərazilərin monitorinqini davam etdirir, ekoloji ziyanı qiymətləndirir. Sentyabrda işğaldan azad edilmiş ərazidə ekoloji ziyanın həcminin böyük olacağını gözləmirəm, çünki həmin ərazidə əsasən erməni əhalisi yaşayırdı. Onlar əsasən azərbaycanlı əhalinin yaşadığı ərazilərə ziyan vurublar, xüsusilə Kəlbəcər, Laçın və Zəngilan meşələrinə daha çox ziyan dəyib. 60 min hektardan çox ərazidə ağaclar kəsilib. Bunu həmin ərazilərin əvvəlki və sonrakı vəziyyətini əks etdirən peyk şəkilləri, habelə fiziki monitorinqimizə əsaslanan təhlil də göstərir. Təbii ki, transsərhəd çayların, xüsusən də Zəngilan ərazisindən keçən Oxçuçayın bəzən sarı rəngə boyanması böyük narahatlıq doğurur. Bu, həqiqətən də ekoloji fəlakətdir. Hazırda əsas qayğımız 2020-ci ildə işğaldan azad edilmiş ərazilərə dəyən ekoloji zərərin düzgün qiymətləndirilməsidir. İşğaldan yenicə azad edilmiş ərazilərdə biz əsas diqqəti mülkiyyətin düzgün qiymətləndirilməsinə, eləcə də qanunsuz sahibkarlıq fəaliyyəti ilə bağlı faktların araşdırılmasına yönəltmişik. Oradakı zavodların sahibləri yalnız yerli separatçı liderlər deyil, habelə müxtəlif ölkələrdəki erməni diasporunun nümayəndələri idilər. Onlar məsuliyyətə cəlb olunmalıdırlar. Prosesin uzanacağını başa düşürük, lakin, eyni zamanda, onları təqib etməyə davam edirik.

Brüssel Diplomatik Akademiyasının müşaviri Jean de Brabander: Zati-aliləri, ilk növbədə, məndən əvvəl çıxış edən həmkarlarıma qoşularaq Sizi Qarabağ məsələsinin həlli münasibətilə təbrik etmək istərdim. Sualım daha çox bundan əvvəl qaldırılmış və artıq qismən cavablandırılmış Orta Dəhliz mövzusu ilə bağlıdır. Mən bu bölgəyə Peter Frankopanın kitabını oxuduqdan sonra diqqət yetirməyə başladım və dərhal bölgənin, xüsusən də Xəzər hövzəsinin nə dərəcədə əhəmiyyətli olduğunun şahidi oldum. Lakin heç vaxt gözləmirdim ki, Orta Dəhliz mövcud şəraitdə bu qədər böyük əhəmiyyət kəsb edəcək. Dənizçilik fəaliyyəti ilə əlaqədar olaraq Aktau, Bakı və Türkmənbaşı şəhərləri arasında üçtərəfli əlaqəni təmin etmək üçün mövcud potensialdan istifadə və kadr hazırlığı ilə bağlı təşəbbüslər mövcuddurmu? Növbəti sualım isə Türkmənistanla bağlıdır, bu sual hələ verilməmişdir. Türkmənistanla mümkün əlaqəni necə görürsünüz?

Prezident İlham Əliyev: Hazırda Azərbaycan Mərkəzi Asiya ölkələrinə, ilk növbədə, Qazaxıstana və Türkmənistana tranzit xidməti göstərir. Xəzərin şərq hissəsindən gələn tranzit yüklərin böyük hissəsi bu iki ölkədən, həmçinin Mərkəzi Asiyanın digər ölkələrindən, qismən də Çindən gəlir. Uzun illərdir ki, Türkmənistan nefti bizim tankerlərlə nəql edilərək Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinə daxil olur. Bu ildən cüzi miqdarda olsa da, Qazaxıstan neftinin də nəqlinə başlanılıb. 1,5 milyon ton neftin daşınması üzrə müqavilə imzalanıb. O da Azərbaycana gətirilərək BTC boru kəmərinə daxil olur. Bu, çox yaxşı bir layihədir, həm də ona görə ki, BTC-nin əvvəlkindən daha böyük həcmdə doldurulmasına imkan verir. Xəzəryanı tərəfdaşlarımız üçün bu, həmçinin tədarük marşrutlarını şaxələndirmək imkanı yaradır ki, bu da tamamilə anlaşılandır.

Hazırda gəmiqayırma zavodumuzun genişləndirilməsi potensialının qiymətləndirilməsi üzrə iş aparılır. Əldə olunan çox nikbin məlumata görə, bu zavodda artıq bütün növ gəmilər istehsal etmək mümkündür. Müqayisə üçün deyim ki, hazırda burada ildə 12 min ton tutumlu 6 tanker istehsal etmək olar. Təkmilləşdirmə işləri nəticəsində bu göstəricini 10-15 tankerə çatdırmaq mümkün olacaq. Düzdür, istehsal edilən gəmilərin hamısı tanker olmayacaq, arasında quru yük gəmiləri, bərə qayıqları da olacaq. Mən bu misalı mənzərəni daha yaxşı təsvir etməyiniz üçün çəkdim. Bu, Orta Dəhlizin əhəmiyyətinin və potensial yüklərin həcmi barədə təsəvvürümüzün göstəricisidir. Aydındır ki, Xəzər dənizi ilə daşınan yüklərin həcmi və marşrutların sayı artacaq. Bu məqsədlə biz bir milyon TEU daxil olmaqla, dəniz ticarət limanımızın ötürücülük qabiliyyətinin mövcud 15 milyon tondan 25 milyon tona qədər artırılması mərhələsini həyata keçiririk. Bu isə qarşıdakı 2-3 il ərzində bizim Orta Dəhlizə töhfəmiz olacaqdır. Eyni zamanda, biz Azərbaycan, Türkiyə, Qazaxıstan və Gürcüstanın müvafiq nəqliyyat strukturlarının rəsmilərinin çoxtərəfli görüşünün keçirilməsi təşəbbüsü ilə çıxış etdik, bunun üçün əməkdaşlıq formatı yaratdıq. Tariflər və rəqəmsallaşma, eləcə də gömrük məsələlərinin həlli ilə bağlı işlər görürük. Çünki gömrükdə vaxt itkisi çox olur. Cəlbedicilik baxımından vaxt əsas meyardır. Bütün ölkələrin gömrük qurumları daha çox səfərbər olarsa, yaxud öz işlərini daha çox əlaqələndirərsə, proses daha sürətlə gedəcəkdir. Üstəlik, dediyim kimi, dəmir yollarının fiziki genişləndirilməsi. Bütün bu işlər hazırda Azərbaycan ərazisində görülür. Hətta bu işləri tamamladıq.

Eyni zamanda, biz Azərbaycan ərazisindən də keçən və bizim ərazimizdə tam hazır olan Şimal-Cənub nəqliyyat dəhlizi üzərində fəal işləyirik. Hazırda bizə yalnız Şimal-Cənub xəttinin ötürücülük qabiliyyətini artırmaq lazımdır. Yəni, necə ki, Bakıdan Gürcüstan sərhədinə qədər olan dəmir yolu xəttini modernləşdirdik, eyni işi indi də Rusiya ilə sərhədimizdən İranla sərhədimizə qədər olan hissədə etməliyik. Təkmilləşdirmə işləri görülməlidir. Lakin fiziki olaraq dəmir yolları mövcuddur. Bu marşrut da Körfəzdən Azərbaycana, buradan da Gürcüstana qədər uzanan Cənub-Qərb marşrutu kimi Orta Dəhlizin bir hissəsi ola bilər. Yəni, Şimaldan, Rusiyadan gələ bilər. Yeri gəlmişkən, marşrut artıq bir neçə Rusiya şirkəti tərəfindən istifadə olunur. Azərbaycandan Gürcüstana, oradan isə Avropaya uzanan bir marşrut. Bir sözlə, böyük potensial mövcuddur. Müsbət amillərdən biri də iştirakçı dövlətlər arasında, yəni, Mərkəzi Asiya ölkələri, Azərbaycan, Gürcüstan və Türkiyə arasında münasibətlərin yaxşı səviyyədə olmasıdır. Bu, mühüm bir amildir, eləcə də ümumi, ortaq fayda deməkdir. Amma təbii olaraq, onu da qeyd edim ki, son geosiyasi vəziyyət, nəqliyyat obyektlərində baş verən son dəyişikliklər, belə demək mümkündürsə, Xəzər üzərindən keçən dəhlizin önəmini əhəmiyyətli dərəcədə artırıb.

Hikmət Hacıyev: İlayda Nijhar.

“Overseas Development İnstitute” təşkilatının nümayəndəsi İlayda Nijhar (Britaniya): Çox sağ olun. Mən Londonda fəaliyyət göstərən “Overseas Development İnstitute” təşkilatının nümayəndəsiyəm. Əvvəlcə digər iştirakçıların səsləndirdikləri qeydlərə münasibət bildirmək istəyirəm. Dünən Zəngilanda olmaq, ondan sonra isə Şuşaya səfər etmək və Sizin oradakı nümayəndələrinizlə görüşmək üçün əla bir imkanımız oldu. Bilmək istərdim ki, Azərbaycanın texniki innovasiyalara, xüsusilə süni intellekt və informasiya texnologiyaları kimi sahələrə ayırdığı diqqəti onun digər texnologiyayönümlü ölkələrə münasibətdə regional təsir imkanlarına və geosiyasi mövqeyinə necə təsir edir? Bilirəm, indi qeyd edəcəyim mövzunu artıq əhatə etmişik, lakin bir az bu məsələyə toxunmağınızı istərdim - Azərbaycanın Cənubi Qafqazda regional sabitliyin və əməkdaşlığın təşviqində rolu, xüsusilə Ukrayna müharibəsindən sonra. Təşəkkür edirəm.

Prezident İlham Əliyev: Texnoloji inkişafla bağlı. Bu, bizim inkişaf gündəliyimizdə duran ən vacib amillərdən biridir. Bu ilin oktyabr ayında biz Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etdik, hansı ki, bu sahədə dünya miqyasında ən böyük tədbir sayılır. Yeri gəlmişkən, biz bu tədbirə ikinci dəfədir ev sahibliyi edirdik. Birinci dəfə bu tədbirə Sovet İttifaqının dövründə ev sahibliyi etmişdik. Tədbir Bakıda 1973-cü ildə keçirilmişdi. İndi isə 50 il sonra yenə də Bakıda keçirildi. Müzakirə olunan məsələlərdən biri də və yeri gəlmişkən, Konqresin açılış sessiyasında, süni intellektin məşhur tədqiqatçısı və məşhur yazıçı cənab Harari bu məsələ ilə bağlı çıxış etdi, onun təhlükəsindən, potensialından danışdı. Bu, çox maraqlı bir təqdimat idi. Beləliklə, biz bu məsələnin üzərində işləyirik. Biz Rabitə Nazirliyimizi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə restrukturlaşdırdıq.

Bizim peyklər və gələcəkdə həyata keçiriləcək layihələr sayəsində kosmik sənayenin inkişafı ilə bağlı artıq müəyyən təcrübəmiz var. Bizim texnoloji transformasiyaya hazırlığımızı nümayiş etdirən amillərdən biri də ondan ibarətdir ki, Davos Dünya İqtisadi Forumu Azərbaycanı Dördüncü Sənaye İnqilabı üzrə mərkəzinin yerləşdiyi ölkə kimi seçmişdir. Bu mərkəzin açılışı bir neçə il bundan əvvəl olmuşdur. Bu mərkəzin Qafqazı və Mərkəzi Asiyanı əhatə etməsi bizi fərəhləndirir. Biz Dördüncü Sənaye İnqilabının həyatımıza sürətli müdaxiləsi ilə müşayiət olunacaq çağırışların, xüsusilə məşğulluqla bağlı çağırışın idarə edilməsi üzərində fəal çalışırıq.

Azərbaycanda müsbət demoqrafik vəziyyət mövcuddur və mən bunu müsbət amil hesab edirəm. Lakin, eyni zamanda, bu, bizi məşğulluq məsələsi üzərində işləməyə məcbur edir. Müstəqillik dönəmində əhalimiz yeddi milyondan on milyona və hətta bundan da çox artdı. Beləliklə, məşğulluq bizim üçün iqtisadi və sosial inkişafın çox mühüm amilidir. Buna görə də sənaye inqilabı insanların adət etdiyi bir çox işləri aradan qaldırdıqda o, ciddi bir problem yaradacaq. Buna görə də bizim xalqımız, gənc nəslimiz indi mövcud olmayan yeni işlərdə çalışmağa hazır olmalıdır. Bu məqsəd üçün isə əlbəttə ki, Elm və Təhsil Nazirliyi tərəfindən çoxlu işlər görülməlidir. Yeri gəlmişkən, bu nazirlikdə də nisbətən bu yaxınlarda islahatlar aparılmışdır. İndi onun adı Elm və Təhsil Nazirliyidir. Peşə təhsili, biz ona da böyük önəm veririk. Beləliklə, bütün bunlar, texnoloji inkişaf, təhsil və əlbəttə ki, beynəlxalq təmaslar və aparıcı IT şirkətləri ilə əməkdaşlıq. Deyərdim ki, bütün aparıcı IT şirkətləri ilə mükəmməl əməkdaşlığımız mövcuddur. Beləliklə, bu, Texnoloji İnkişaf Mərkəzi kimi özünü təqdim etmək üçün Azərbaycanın gələcəyidir.

Neft və qaz layihələri tamamlananda, indi nəhəng yaşıl hidrogen və yaşıl enerji layihələrinə start verdikdə, Avropaya nəqletmə və ixrac imkanları, həmçinin Mərkəzi Asiya ilə potensial bağlantı imkanı nəzərə alınmalıdır. Çünki Mərkəzi Asiya ölkələrində yaşıl enerjini istehsal etmək üçün çoxlu investisiya layihələri mövcuddur. Biz hətta Xəzər dənizinin dibi ilə elektrik kabelinin çəkilişi haqqında düşünürük. Bununla yanaşı, Xəzər dənizinin dibi ilə Avropaya gedəcək fiber-optik xətt də çəkiləcək. Azərbaycanın coğrafiyası böyük bir imkandır. Lakin bu coğrafiyada infrastruktur olmayanda, bu, sadəcə, xəritə üzərində bir yerdir. Beləliklə, biz onu doldurmalıyıq və biz ixtiraçılar tərəfindən yaradılan prosesləri qabaqlamalıyıq. İndi ola bilsin Azərbaycanı çox müasir texnoloji innovasiyaları yaradan ölkə kimi təsəvvür etmək real görünmür. Lakin zaman gələcək və biz bunu edəcəyik. Lakin biz bu innovasiyaları ölkəmizdə tətbiq etməyə hazır olmalıyıq. Bunun üçün bizə təlim keçmiş personal və bağçadan başlayaraq, məktəb və universitetlərdə təhsil lazımdır. Digər bir sual da vermişdiniz, mən onu unutdum.

İlayda Nijhar: Sual Ukrayna müharibəsindən sonra Azərbaycanın regional əməkdaşlığı və sabitliyi necə təşviq etməsi ilə bağlı idi.

Prezident İlham Əliyev: Bu baxımdan Azərbaycanda vəziyyət sabitdir. Bizim daxili vəziyyətimiz xarici amillərdən asılı deyil. Buna baxmayaraq, sərhədlərimizin xaricində olan vəziyyət həmişə ciddi narahatlıq doğuran bir məsələdir. Bunu həmişə nəzərə almaq lazımdır. Lakin daxili risklər nöqteyi-nəzərindən bizdə daxildə ciddi çağırışlar yoxdur. Sərhədlərimizin lazımi şəkildə müdafiəsi ilə bağlı biz indi müxtəlif layihələri icra edirik, bunlar bizə istənilən potensial riski minimuma endirməyə imkan verəcək. Təşəkkür edirəm.

Hikmət Hacıyev: Əkrəm Umarov.

Qabaqcıl Beynəlxalq Araşdırmalar İnstitutunun direktorunun müavini Əkrəm Umarov: Zati-aliləri, Sizə sual vermək imkanı yaratdığınız üçün çox sağ olun. Bir çox digər həmkarlarım kimi, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma işləri məni də həqiqətən heyran etmişdir. Sonuncu dəfə mənə Ağdamı ziyarət etmək şərəfi nəsib olmuşdur. Dünən biz Zəngilana səfər etdik. Çox qısa müddət ərzində bizə müsbət təsir bağışlayan dəyişikliklər baş verir. Mənim sualım Azərbaycanla Mərkəzi Asiya arasında dərin köklərə malik olan münasibətlərlə bağlıdır. Əvvəllər bu münasibətlər, sadəcə, xalqlararası təmaslara söykənirdi. Burada məşhur azərbaycanlı coğrafiyaçı akademik Həsən Əliyevin mənim babamın, özbək coğrafiyaçısının yaxın dostu olduğunu qeyd etməliyəm. O, bizim Səmərqənddəki evimizi bir neçə dəfə ziyarət etmişdir. İndi xalqlararası təmaslar başqa səviyyəyə keçir, çox dərin iqtisadi və siyasi əməkdaşlıqla daha da yüksəlir. Hesab edirəm ki, bu ilin sentyabrında Mərkəzi Asiya ölkələrinin Məşvərət Şurasının iclasında iştirak etməyiniz də böyük nailiyyətdir. Bu baxımdan Azərbaycanın əlavə praktiki prioritetlərini harada görürsünüz? Azərbaycan ilə Mərkəzi Asiya arasında münasibətlərin daha da gücləndirilməsində mövcud olan çağırışlar barədə düşünmək də vacibdir. Təşəkkür edirəm.

Prezident İlham Əliyev: Təşəkkür edirəm. Siz bizim uzun əsrlər boyu davam edən əməkdaşlığımızın və dostluğumuzun, - hansını ki, xalqlar arasında təmaslar təşkil edir, - çox vacib bir amilini qeyd etdiniz. Əslində, xalqlar arasında bu təmaslar və ənənələr, xatirələr bu günün inkişafının təməlini təşkil edirdi. Ölkələrimizin erkən müstəqillik illərində hər birimiz çağırışlarla üzləşmişdik, hər birimiz ölkədaxili vəziyyətlə məşğul idik. Bəzi ölkələrdə bu vəziyyət çox ciddi hal almışdı, Azərbaycanda da belə olmuşdu. Tacikistanda vətəndaş müharibəsi olmuşdu və sair. Lakin hər bir ölkənin üzləşdiyi çağırışlar var. Beləliklə, biz əsasən bununla məşğul idik. Dövlətçiliyin qurulması, iqtisadiyyatın qurulması və suveren dövlətin qurulması. Dövləti sıfırdan qurmaq asan deyildi, xüsusilə maliyyə resurslarının məhdud olduğu və siyasi sabitliklə məşğul olduğunuz bir vəziyyətdə. Beləliklə, o vaxt hətta Mərkəzi Asiya ölkələrinin özləri arasında bugünkü kimi, güclü inteqrasiyanın olmaması təbii idi. Son illərdə Mərkəzi Asiya ölkələri bir-birinə daha çox inteqrasiya etdi. Mən Mərkəzi Asiya ölkələrinin rəhbərlərinin iştirak etdikləri, ev sahibliyi etdiyimiz SPECA Zirvə görüşündə çıxışımda dedim ki, bizim hamımız üçün vacib amillərdən biri siyasi sabitlikdir, xüsusilə indi ətrafımızda qeyri-sabitlik dalğasının artdığını müşahidə etdiyimiz bir dövrdə. Bizim regionu və dünyanı, dünyanın müxtəlif yerlərini nəzərdə tuturam. Düşənbədə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının Zirvə görüşündə yeganə fəxri qonaq qismində iştirak etmək üçün dəvət almaq böyük hörmət əlaməti və dostluğumuzun təzahürü idi. Mərkəzi Asiya ölkələrinin bütün rəhbərləri ilə mənim çox yaxşı və dost münasibətim var. Dediyim kimi, xalqlararası münasibətlər bunun təməlini təşkil edir.

Eyni zamanda, əslində, bizi daha da yaxından inteqrasiyaya aparan bir çox layihələr də mövcuddur. SPECA Zirvə görüşünün, 25 il bundan əvvəl yaradılmış BMT-nin Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatları üçün Xüsusi Proqramının burada təşkil edilməsi və sonra da Azərbaycanın ona qoşulması. Mən onu da dedim ki, Mərkəzi Asiya və Azərbaycan bir tarixi və coğrafi ərazidir. İndi siyasi müstəvidə bu qarşılıqlı əlaqə və konkret layihələr ilə biz sinerji yarada bilərik və bunu edirik. Siyasi müstəvidə qarşılıqlı əlaqədən danışdıqda görürük ki, bütün beynəlxalq təsisatlarda, o cümlədən BMT və digər təşkilatlarda avtomatik qarşılıqlı dəstək mövcuddur. İqtisadiyyatla bağlı məsələlər haqqında danışdıqda qarşılıqlı ticarətin artımını görürük. Enerji və nəqliyyat marşrutları bizi birləşdirir. Hazırkı geosiyasi reallıqda bir çox Mərkəzi Asiya ölkələri üçün Azərbaycandan keçən marşrut prioritet marşrutlardan biri hesab olunur. Dediyim kimi, nəqliyyat sahəsi ilə bağlı etdiklərimiz artıq bizə onların göndərə biləcəyi bütün yükləri qəbul etmək imkanını verir. Əks istiqamətdə də, siz məndən daha yaxşı bilirsiniz ki, Avropa təsisatlarından böyük maraq var. Avropa liderlərinin və Avropa təsisatlarının rəhbərlərinin Mərkəzi Asiyaya səfərləri var.

Daha çox qarşılıqlı əlaqəyə gəldikdə, biz həmişə bunu dəstəkləyirik və Avropadan Mərkəzi Asiyaya gedən yol da yenə Azərbaycandan keçir. Mən həmişə deyirəm ki, bizim qarşımızda bir maneə var, o da Xəzər dənizidir. Lakin müasir texnologiya, qurduğumuz donanma ilə bu maneə olmayacaq. Beləliklə, mən bu məsələyə böyük nikbinliklə baxıram. Bizim çoxlu investisiya layihələrimiz var. Mən, sadəcə, onların hamısını sadalamaqla auditoriyanın vaxtını almaq istəmirəm. Lakin həqiqətən də bu investisiya layihələri milyardlarla ABŞ dolları dəyərində qarşılıqlı investisiyalardan ibarətdir. Mən hələ heç enerji və nəqliyyat sahələrini demirəm. Beləliklə, bu, yeni reallıqdır və çox müsbət nəticələr var.

Hikmət Hacıyev: Tengiz Pxaladze.

Beynəlxalq Siyasi İqtisadiyyat üzrə Avropa Mərkəzinin əməkdaşı Tengiz Pxaladze: Çox sağ olun cənab Prezident. Mən gürcüyəm, lakin Beynəlxalq Siyasi İqtisadiyyat üzrə Avropa Mərkəzində çalışıram. Cənab Prezident, bu imkan üçün Sizə təşəkkür edirəm. Dünən Zəngilana səfərimiz həqiqətən unudulmaz bir təcrübə idi və əldə etdiyiniz bütün nailiyyətlərlə bağlı Sizi səmimi-qəlbdən təbrik edirəm. Əslində, mən Gürcüstanla bağlı və ya sülh prosesində gənclərin rolu haqqında bütün suallarıma ətraflı cavab aldım. Mən, sadəcə, Sizə sülh və əmin-amanlıq, doğma Azərbaycana ən xoş arzularımı çatdırıram. Çox sağ olun.

Prezident İlham Əliyev: Təşəkkür edirəm. Çox sağ olun. Sizə və bütün gürcü qardaşlarımıza ən xoş arzularımızı çatdırıram. Azərbaycan haqqında xoş sözlərinizə görə təşəkkür edirəm.

Hikmət Hacıyev: Cənab Prezident, artıq demək olar ki, üçüncü saata yaxınlaşırıq. Sonuncu iyirminci sual. Ventsezlav Sabev.

Cenevrə Geostrateji Observatoriyasının baş direktorunun müavini Ventsezlav Sabev: Bəli, biz sona yaxınlaşırıq. Mən Cenevrə Geostrateji Observatoriyasını təmsil edirəm və məcburi köçkünlər məsələsinə qayıtmaq istəyirəm. Cənab Prezident, Siz məcburi köçkünlərin qayıtmasına əsas maneə olan mina problemini qeyd etdiniz. Bir neçə ay bundan əvvəl Qoşulmama Hərəkatının Zirvə görüşündə Siz qlobal bir təşəbbüs irəli sürərək humanitar məqsədlər üçün minaların təmizlənməsi ilə bağlı 18-ci Dayanıqlı İnkişaf Məqsədinin əlavə olunmasını təklif etdiniz. Silahsızlaşdırma üzrə qlobal hab olan Cenevrədən gəldiyim üçün biz ABŞ-dan, Avropadan QHT-ləri, vətəndaş cəmiyyəti institutlarını və ziyalıları bir araya toplamaq təşəbbüsü ilə çıxış edirik. Əlbəttə ki, burada Cenevrə də var, Azərbaycan və başqa tərəfdaşlar ola bilər. Bizim bu beynəlxalq təşəbbüsü reallaşdırmaq istədiyimiz barədə bu mesajı Sizə çatdırıram və bu təşəbbüsün Sizin başladığınız beynəlxalq layihəyə dəstək olaraq həyata keçirilməsinin mümkünlüyünü soruşmaq istəyirəm. Təşəkkür edirəm.

Prezident İlham Əliyev: Bu məsələni qeyd etdiyiniz üçün çox sağ olun. Bəli, mən belə bir təşəbbüs irəli sürmüşəm. Bizim Qoşulmama Hərəkatında sədrliyimiz sona çatır. Bu dörd il Qoşulmama Hərəkatının institusional inkişafı baxımından bizim üçün çox vacib olmuşdur. Hesab edirəm ki, 119 üzv ölkə ilə təmaslar və Zirvə görüşlərinin təşkili baxımından Qoşulmama Hərəkatı böyük tərəqqi, həm də böyük beynəlxalq təcrübə əldə etmişdir. Humanitar məqsədlər üçün minaların təmizlənməsinin Dayanıqlı İnkişaf Məqsədləri sırasına daxil edilməsi ideyası bizim xoşagəlməz təcrübəmizə əsaslanır. Biz hələ də insanları, həyatları itiririk və demək olar ki, hər həftə bizdə xəsarət alanlar olur. Əfsuslar olsun ki, dünən yenə də istehkamçılardan biri mina partlayışının qurbanı oldu. Artıq demək olar ki, 350 nəfər minanın qurbanı olub, onlardan 65-i həyatını itirib. Faciə isə ondan ibarətdir ki, Ermənistanın bizə xəritələri verməsini deməsinə baxmayaraq, əslində, bu xəritələr faydasızdır. O ərazilərdəki onların bizə verdikləri xəritələr onların qənaətinə görə dəqiq idi, bizdə çoxlu insan mina partlayışından zərər çəkir. İkinci Qarabağ müharibəsindən sonrakı və antiterror əməliyyatından əvvəlki dönəmdə onlar separatçılar və Azərbaycan Silahlı Qüvvələri arasında təmas xətti hesab etdikləri ərazidə yenə də yüz minlərlə mina basdırmışlar. Biz 2021-ci ildə Ermənistanda istehsal olunmuş minaları müəyyən etmişdik. Biz Rusiya sülhməramlılarını, həmçinin Rusiya-Türkiyə Monitorinq Mərkəzinin nümayəndələrini dəvət etdik və bu minaları onlara nümayiş etdirərək dedik ki, bu, erməni terrorunun sübutudur. Bu minaların İkinci Qarabağ müharibəsindən sonra Rusiya sülhməramlı missiyası zamanı Qarabağa necə daşınması başqa bir sualdır. Bu, açıq qalan böyük sualdır. Lakin indi bizim hesablamalarımıza görə, işğal dövründə basdırdıqları bir milyona yaxın minanın əvəzinə, onlar bizə dörd yüz min minanın xəritəsini verdi. Lakin dediyim kimi, bu xəritələrin dəqiqliyi yalnız 25 faiz təşkil edirdi. İndi yüz minlərlə yeni mina basdırılıb.

Sabiq məcburi köçkünləri həmişə doğma yurdlarına geri göndərdikdə onlara verdiyimiz əsas mesaj ondan ibarətdir ki, ehtiyatlı olun və girişi məhdudlaşdırılan ərazilərə getməyin. Girişi məhdudlaşdırılan bütün ərazilərin sərhədləri var, orada nişanlar var. Lakin, eyni zamanda, ola bilsin ki, bu, bizim on illər boyunca üzləşdiyimiz faciə olacaq. Balkan ölkələrinin təcrübəsi onu göstərir ki, hətta indi, 30 il sonra onlar bu problemi yaşayırlar. Biz minatəmizləmə əməliyyatlarının mümkün qədər tez aparılması üçün əlimizdən gələni edirik. Lakin bilirsiniz ki, bu, çox ləng gedən bir prosesdir. Bizim avadanlığımız və təlim keçmiş personalımız yoxdur. Avadanlığı almaq olar, lakin təlim keçmiş personal, bu, çox spesifik bir işdir. Biz beynəlxalq şirkətləri də dəvət etməyə çalışdıq, lakin sizə deyə bilərəm ki, bir kvadratmetr üçün onların tələb etdiyi xidmət haqqı bizim xərclədiyimiz vəsaitdən əlli və ya yüz dəfə yüksəkdir. Yatırımın geri dönüşü, əgər bunu belə adlandırmaq olarsa, qəbuledilməzdir. Buna görə beynəlxalq təsisatlar bu məsələyə dəstək göstərərsə, biz çox şad olardıq. Çünki bu məsələdən təkcə Azərbaycan əziyyət çəkmir. Biz neçə ölkənin bu problemdən əziyyət çəkdiyini bilirik. Söhbət təkcə maliyyə dəstəyindən getmir. Əslində, bizim maliyyə dəstəyinə ehtiyacımız yoxdur. Söhbət texniki dəstəkdən və bizə bunu mümkün qədər tez etməyə kömək göstərəcək təlim keçmiş personaldan gedir.

Hikmət Hacıyev: Cənab Prezident hərtərəfli müzakirə üçün bütün iştirakçılar adından Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildirmək istəyirik. Son sözü isə tədbirimizə ev sahibliyi edən səfir Hafiz Paşayevə vermək istəyirəm.

Hafiz Paşayev: Bəli, cənab Prezident, həmişəki kimi, bu müzakirə bütün iştirakçılar üçün faydalı oldu. Bir daha Siz bizim qarşımıza yeni vəzifə qoydunuz - növbəti dəfə, ola bilsin 5-6 aydan sonra bir daha görüşmək. Bu üçsaatlıq təcrübə üçün çox sağ olun.

Prezident İlham Əliyev: Diqqətiniz və səbirli olduğunuz üçün təşəkkür edirəm. Çox sağ olun.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

2023-12-06 10:10

ADA Universitetində dekabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumu keçirilir.

"Report" xəbər verir ki, tədbirdə 30 ölkəni təmsil edən 60 xarici ekspert iştirak edir.

09:49

Dekabrın 6-da ADA Universitetində “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Forum keçiriləcək.

"Report" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tədbirdə çıxışı və müzakirələrdə iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, ənənəvi xarakter almış forumda dünyanın müxtəlif ölkələrindən 60-dan artıq beyin mərkəzinin rəhbəri, tanınmış ekspert və politoloq iştirak edir. Açıq formada keçirilən müzakirələrdə dünyada və regionumuzda cərəyan edən proseslər, baş verən hadisələr təhlil olunur, dövrümüzün aktual məsələləri ətrafında fikir mübadiləsi aparılır.

Son xəbərlər

Orphus sistemi