“Xocalı faciəsini insanlara izah etməyə çalışarkən belə, çətinlik çəkirik, dəhşətli qırğındır”.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu Xocalı faciəsinin 31-ci ildönümü münasibətilə Nyu-York şəhərində Kolumbiya Universitetində keçirilən “Ermənistan və Azərbaycan sülh və müharibə yolu ilə” adlı tədbirdə ABŞ tarixçisi, professor Maykl Günter deyib.
Faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə çıxış edən Maykl Günter Xocalı qətliamının ABŞ-da o qədər də yaxşı tanınmadığını bildirib. “ABŞ-da çox az adam 600-dən çox günahsız vətəndaşın qətlə yetirildiyi Xocalı hadisəsi barədə eşidib. Bunu insanlara izah etməyə çalışarkən belə, çətinlik çəkirik, dəhşətli qırğındır”, - o deyib.
O, SSRİ-nin sonlarında Azərbaycan və Ermənistan arasında yaranmış münaqişələrin çox az tanındığını və başa düşüldüyünü vurğulayıb. “İki ölkə arasındakı bu problemi daha obyektiv bilməliyik, çünki bu, həqiqətən də təkcə onların dünyadakı bənzərləri üçün deyil, həm də keçmiş Sovet İttifaqından sonra yaranmış, bugünkü Ukraynadakı vəziyyəti anlamaq üçün bir toxumdur”, - ABŞ tarixçisi vurğulayıb.
Şimali Karolina Universitetinin müəllimi Əli Əsgərov çıxışında Xocalı qətliamının Azərbaycan tarixində yeri və onun xalq üçün nə demək olduğunu diqqətə çatdırıb.
Tədbirdə Türkiyənin Nyu-Yorkdakı baş konsulu Reyhan Özgür, Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin diplomatları, tələbələr, türk və Azərbaycan icmasının nümayəndələri də iştirak ediblər.