ABŞ-ın Yuta ştatının Senatı və Nümayəndələr Palatası Azərbaycan ilə bağlı bəyannamə qəbul edib.
Bu barədə “Report”a Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan bildirilib.
Yuta Ştat Senatının sədri Stuart Adams, Nümayəndələr Palatasının spikeri Brad Uilson, eləcə də digər qanunvericilər tərəfindən imzalanmış bəyannamə Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğuna təqdim olunub.
Bəyannamədə, Azərbaycanın müsəlman dünyasında ilk demokratik və dünyəvi dövlət olduğu və qadınlara ilk dəfə seçki hüququ verdiyi qeyd edilir.
Həmçinin, Azərbaycanın tarixi tolerantlıq ənənələrinə toxunularaq, burada qədim zamanlardan müxtəlif dinlərin, o cümlədən müsəlmanların, xristianların və yəhudilərin sülh və əmin-amanlıq şəraitində birgə yaşadığı ifadə olunur. Bildirilir ki, qədim dinlərarası tolerantlıq ənənələrini təşviq edən və gücləndirən bir mühit yaratmış Azərbaycan dini və etnik müxtəlifliyi öz milli sərvəti kimi dəyərləndirir. Qeyd olunur ki, son 10 ildə Azərbaycan dinlərarası dialoqu təşviq etmək üçün regiondan və dünyanın müxtəlif ölkələrindən din xadimlərini dəfələrlə bir araya gətirib.
Sənəddə, Azərbaycanın ABŞ və Yuta ştanın güclü tərəfdaşı olduğu və ABŞ ilə Azərbaycan arasında strateji tərəfdaşıq münasibətlərinin inkişaf etdiyi diqqətə çatdırılır.
Bəyannamənin sonunda, Yuta Şenatı və Nümayəndələr Palatası Azərbaycanın dünyada azadlığın müdafiəsi və sülhün qorunması işinə verdiyi töhfələri yüksək qiymətləndirdiyini və Azərbaycan ilə qarşılıqlı faydalı dostluq münasibətlərinin qorunmasına böyük önəm verdiyini bildirir.