Gürcüstanın paytaxtı Tbilisidə “Üç rəng - yaşıl, qırmızı, göy - Cənubi Qafqaz sənaye inqilabından sovet işğalınadək” adlı fotosərgi açılıb.
“Report”un yerli bürosu xəbər verir ki, ABŞ-ın Gürcüstandakı səfirliyinin dəstəyi ilə Tbilisi Fotoqrafiya və Multimedia Muzeyində təşkil olunan sərgidə Azərbaycan, Gürcüstan və Ermənistana aid 100-dən çox fotoşəkil təqdim edilib.
Fotoşəkillər ABŞ Konqresi Kitabxanasının Fotoqrafiya Departamenti və Gürcüstanın Milli Arxivinin kolleksiyasına aiddir. Müəllifləri Dmitri Yermakov, Sergey Prokudin-Qorski, Aleksandr Roinaşvili və digər fotoqraflar olan fotoşəkillərdə üç ölkənin böyük dəyişikliklər astanasındakı – XIX əsrin II yarısından sovet işğalına qədər olan dövrləri əks olunub.
Sərginin Azərbaycan guşəsində 22 fotoşəkil təqdim olunub. Gürcüstanın Milli Arxivində saxlanılan fotoşəkillər Şirvanşahlar sarayı, Bibiheybətdə neft quyusunda yanğın, Gəncədə bazar və dükan, Bakı, Şamaxı və digər mənzərələri əks etdirir.
Ekspozisiyanın kuratoru Nestan Nijaradze bildirib ki, indiyədək Cənubi Qafqazın üç ölkəsinə həsr olunan belə fotosərgi keçirilməyib: “Sərgi regionda önəmli dövrü nümayiş etdirir. Fotoşəkillər həmçinin ölkələrin siyasi, iqtisadi və mədəni seçimlərini əks etdirir. Sənaye inqilabları və inkişaf Gürcüstan və Azərbaycanın Avropaya inteqrasiyası üçün əhəmiyyətli imkanlar açıb. Azərbaycan üçün məsələn, bu, neftin hasilatı olub”.
Sərgi ABŞ və Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünə həsr olunan tədbirlər çərçivəsində keçirilir.
Mayın 25-dək açıq olacaq sərgini ziyarət etmək ödənişsizdir.