Bakı. 29 yanvar. REPORT.AZ/ ABŞ-ın Nyu-Meksiko ştatının Nümayəndələr Palatası Azərbaycan Demokratik Respublikasının (ADR) 100 illiyi ilə əlaqədar qətnamə qəbul edib.
Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan "Report"a verilən məlumata görə, sənəd Nümayəndələr Palatasının plenar iclasında təqdim edildikdən sonra səsə qoyulub və yekdilliklə qəbul edilib.
Azərbaycanın Nyu-Meksikadakı fəxri konsulu Art Makhaffi plenar iclasda iştirak edib.
Qətnamədə 100 il öncə Azərbaycan xalqının müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı, həmin respublikanın qısa müddətdə böyük sayda mütərəqqi islahatlara imza atdığı, nəinki müsəlman dünyasında ilk dəfə, eləcə də dövrün bir sıra qabaqcıl dövlətlərindən də öncə qadınlara səsvermə hüququ verdiyi vurğulanıb.
Sənəddə Azərbaycanın 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra ABŞ-ın ölkəmizi tanıyan və onunla diplomatik münasibətlər quran ilk dövlətlərdən biri olduğu, eləcə də ABŞ və BMT-nin Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünü birmənalı şəkildə tanıdığı və dəstəklədiyi bildirilib. Qətnamədə həmçinin Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra öz suverenliyini və müstəqilliyini gücləndirdiyi, dünyanın ən sürətlə inkişaf edən və çağdaşlaşan dövlətlərindən birinə çevrildiyi, bu gün regionun ən böyük iqtisadiyyata malik ölkəsi və ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğu qeyd edilib.
Qətnamədə 11 sentyabr terror hücumlarından sonra Azərbaycanın ABŞ-a hərtərəfli dəstək verdiyi, Əfqanıstana sülhməramlı qüvvələr göndərdiyi, hər iki ölkənin kütləvi qırğın silahlarının yayılmasına, terrorizm, narkotik vasitələrin qaçaqmalçılığı və insan alverinə qarşı mübarizədə uğurla əməkdaşlıq etdiyi bildirilib.
Bundan başqa, Azərbaycanın ABŞ, Avropa və İsrailin enerji təhlükəsizliyinə verdiyi töhfə yüksək qiymətləndirilib. Sənəddə ABŞ-ın Azərbaycan kimi müttəfiq dövlətlər ilə münasibətləri bundan sonra da gücləndirməsinin zəruriliyi vurğulanıb.
Sənəddə həmçinin qeyd olunub ki, Los-Ancelesdəki Baş Konsulluğu və Nyu-Meksiko ştatının paytaxtı Santa Fedəki fəxri konsulu vasitəsilə təmsil olunan Azərbaycan Nyu-Meksiko ilə son illərdə güclü əlaqələr qurub.
Qətnamənin sonunda Nyu-Meksiko ştatının Nümayəndələr Palatası tərəfindən ADR-in 100 illiyi münasibətilə Azərbaycana təbrik ünvanlanaraq, Azərbaycanın müstəqilliyi, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə bir daha qəti dəstək ifadə edilib, sənədin ABŞ prezidenti, Senat sədri və Nümayəndələr Palatasının spikeri, eləcə də Nyu-Meksikodan olan ABŞ konqresmenlərinə göndəriləcəyi bildirilib.