ABŞ-ın Florida ştatının daha bir şəhəri, Sanni Ayls Biç (Sunny İsles Beach) Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar “proklamasiya” – bəyannamə yayıb.
"Report"un yerli bürosu xəbər verir ki, şəhərin meri Сorc Skoll tərəfindən imzalanan bəyannamədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələrinin dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi qırğın nəticəsində 600-dən çox günahsız vətəndaşın, o cümlədən qadınların və uşaqların öldürülməsindən danışılır.
Sənəddə qeyd edilir ki, “Human Rights Watch” hüquq müdafiə təşkilatının əlindəki dəlillərə əsasən, Xocalı soyqırımı regionda ən böyük hərbi cinayətdir. Bəyannamədə Xocalı qətliamının Amerikanın 20 ştatı tərəfindən tanındığı qeyd olunur. Xocalı hadisələrinin dəhşətli itkilərdən xəbər verdiyi, habelə bütün dünyada insanların bir-birini daha yaxşı başa düşməsinin və onların tolerantlığının vacib olduğunu göstərdiyi üçün mer Corc Skoll 2021-ci il fevralın 26-nı Sanni Ayls Biç şəhərində Xocalı soyqırımının 29-cu ildönümü günü elan edib.
Sənəd Florida ştatının Florida-Azərbaycan Cəmiyyətinin rəhbəri Esmira Bayramovaya təqdim olunub. Qeyd edək ki, hazırda ABŞ-ın bir çox şəhər və ştatlarında yaşayan Azərbaycan icmasının üzvləri tərəfindən Xocalı qətliamı haqqında məlumatlandırma kampaniyası həyata keçirilir.
Vüsalə Abbasova