Bakı. 26 may. REPORT.AZ/ ABŞ hökuməti Azərbaycan Ali Məhkəməsinin jurnalist Xədicə İsmayılla bağlı qərarını alqışlayıb.
"Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilib.
"Biz bunu müsbət addım kimi dəyərləndiririk", - bəyanatda bildirilib.
Qeyd edək ki, ötən gün Ali Məhkəmədə Xədicə İsmayılın kassasiya şikayətinə baxılıb. Məhkəmə X.İsmayıla 3 il 6 ay şərti həbs cəzası verilməklə azadlığa buraxılması haqda qərar qəbul edib.
Belə ki, X.İsmayıla Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri üzrə bəraət, 213.1 və 192.2.2-ci maddələri ilə 3 il 6 ay şərti həbs cəzası verilib.
Xatırladaq ki, 2014-cü ilin dekabrında həbs edilən X.İsmayıl Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 5 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan X.İsmayıl apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsində şikayət təmin edilməyib.