ABŞ-də 20 Yanvar faciəsinin qurbanları anılıb

ABŞ-də 20 Yanvar faciəsinin qurbanları anılıb ABŞ-nin paytaxtı Vaşinqton şəhərində 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi anılıb.
Xarici siyasət
23 Yanvar , 2024 00:43
ABŞ-də 20 Yanvar faciəsinin qurbanları anılıb

ABŞ-nin paytaxtı Vaşinqton şəhərində 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi anılıb.

"Report"un yerli bürosu xəbər verir ki, ölkəmizin ABŞ-dəki Səfirliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan icmasının üzvləri, o cümlədən burada təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Əvvəlcə 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim bildirib ki, 20 Yanvar hadisələrinin xalqımızın tarixinə həkk olunmuş qanlı faciələrdən biridir. Diplomat qeyd edib ki, keçmiş sovet imperiyası ordusunun qarşısına silahsız, əliyalın çıxaraq, Vətən üçün canlarından keçən 20 Yanvar şəhidlərinin qəhrəmanlığı dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının qürur mənbəyidir.

Səfir deyib ki, şəhidlərimizin əziz xatirəsi heç zaman unutmayacaq. O, hər bir azərbaycanlının əl-ələ verərək Azərbaycanın qələbələrini daha da artıracağına əminliyini ifadə edərək, dövlətimizin daha da güclü olması üçün əlimizdən gələni əsirgəməyəcəyimizi qeyd edib.

Azərbaycanın ABŞ-dəki hərbi attaşesi Rüstəm Gözəlov çıxışında 20 Yanvarın müstəqillik tariximizdə xalqımızın cəsarətli addımlarını əks etdirən səhifələrdən biri olduğunu deyib, faciənin tarixindən bəhs edərək, xalqımızın həmin vaxt sülh nümayişi etdiyini xüsusilə vurğulayıb.

Tədbir çərçivəsində səfirliyin inzibati binasının önündə "Qanlı Yanvar"a həsr olunmuş guşə yaradılıb. Guşədə 20 Yanvar faciəsi haqqında məlumatlar və hadisənin dəhşəti anlarını əks etdirən fotolar nümayiş olunub.

Son xəbərlər

Orphus sistemi