“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”.
“Report”un məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel keçirdiyi brifinqdə deyib.
“Biz Ermənistan və Azərbaycanın 1991-ci il Alma-Ata Bəyannaməsini iki ölkə arasında sərhədlərin delimitasiyası üçün əsas kimi qəbul etməsi xəbərini alqışlayırıq. Bu, uzunmüddətli və ləyaqətli sülh sazişi yolunda mühüm addımdır”, - o bildirib.
Patel həmçinin qeyd edib ki, qurum ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononun regiona mümkün səfəri ilə bağlı hələlik hər hansı açıqlama vermək niyyətində deyil.
Xatırladaq ki, aprelin 19-da Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib, bir sıra razılıq əldə olunub.