"Avropa Parlamentində alternativ fikrə yer verilmir və Azərbaycana qarşı qərəz hökm sürür" - RƏY
- 18 oktyabr, 2023
- 12:20
Yeniliklərdən dərhal xəbərdar olun!
"Ermənistanın baş naziri Nikol Paşinyanın Avropa Parlamentində (AP) çıxışı, xüsusilə Azərbaycana qarşı ittihamlar irəli sürməsi və avroparlamentarilərin bunu alqışlaması bu qurumun klassik ikiüzlü yanaşmasının növbəti təzahürüdür və o qədər də təəccüblü deyil".
Bunu "Report"a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.
Onun sözlərinə görə, Avropa Parlamentində erməni maraqlarını birmənalı şəkildə müdafiə edən şəbəkələşmiş qruplar var və Azərbaycana qarşı zaman-zaman qərəzli mövqenin sərgilənməsi də bundan qaynaqlanır: "Burada əsas məqam bir ölkənin rəhbərinin başqa bir ölkə haqqında qərəzli və yalan ittihamlarının Avropa Parlamentində sorğusuz-sualsız dəstəklənməsi, heç bir alternativ fikirə yer verilməməsidir. Paşinyan Azərbaycanı “təcavüz”də ittiham edir, halbuki, 44 günlük müharibədən sonra sərhəddə baş verən toqquşmalar məhz erməni təxribatlarının nəticəsində yaşanıb. Bunu Avropa Parlamentində əyləşənlər, ümumiyyətlə Avropa strukturları da yaxşı bilirlər. Buna baxmayaraq, onlar Ermənistanın baş nazirinin yalanlarını dinləyir, alqışlayır və Azərbaycanı ittiham etməsinə şərait yaradırlar".
Siyasi şərhçi qeyd edib ki, AP-nin tribunasından çıxış edən N.Paşinyanın rəhbərlik etdiyi Ermənistan 30 il Azərbaycan torpaqlarını işğalda saxlayıb: "Bu müddətdə o tribunadan Ermənistanın işğalçılıq siyasətinə qarşı heç bir çıxışa imkan verilməyib, heç bir qərar qəbul edilməyib. İndi mövcudluğu yalnız işğal siyasəti üzərində qurulan Ermənistana rəhbərlik edən şəxsin bu cür qəbul edilməsi, onun yalanlarına tribuna verilməsi və Azərbaycanı ittiham etməsinə şəraitin yaradılması Avropa Parlamentinin ikiüzlülüyünü bir daha ön plana çıxardı və bir daha təsdiq etdi ki, bu qurum da daxil olmaqla, Avropanın bir çox strukturu üçün əsas məsələ beynəlxalq hüquq yox, məhz siyasi maraqlardır".
A.Nərimanlı vurğulayıb ki, N.Paşinyanın AP-də qəbul edilməsi, alqışlanması da sırf siyasi maraqlardan qaynaqlanır. Politoloqun fikrincə, Avropanın əsas marağı Rusiya ilə geosiyasi qarşıdurma, Cənubi Qafqazda Ermənistan üzərindən maraqlarının təmin edilməsi, Rusiyaya qarşı cəbhənin açılmasıdır:
"Avropa Parlamentində özünə yuva qurmuş erməni lobbisinin məqsədi isə Azərbaycan qarşısında Ermənistanın maraqlarının müdafiə olunmasıdır. Yəni bütün prosesin arxasında sırf maraqlar dayanır. Məhz buna görə də artıq Avropa Parlamenti beynəlxalq münasibətlərdə qeyri-ciddi quruma çevrilib, orada qəbul edilən qərarların nəinki hüquqi, ümumiyyətlə siyasi çəkisi də qalmayıb".