Yuxarı
    Bağlamaq

    28 May - Respublika Günü Gürcüstanda qeyd olunub - FOTO

    Azərbaycanın Tbilisidəki səfirliyi rəsmi qəbul təşkil edib© Report.az

    Tbilisi. 24 may. REPORT.AZ/ Azərbaycanın Gürcüstandakı səfirliyi 28 May - Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edib.

    “Report”un Gürcüstan bürosu xəbər verir ki, qəbulda Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili, nazirlər, dövlət və hökumət təmsilçiləri, Tbilisidə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, bu ölkədəki Azərbaycan şirkətlərinin rəhbərləri və əməkdaşları, elm, mədəniyyət xadimləri iştirak ediblər.

    Tədbirdə əvvəlcə Azərbaycanın və Gürcüstanın dövlət himnləri səsləndirilib.

    Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov mərasimdə çıxış edərək müsəlman aləmində ilk olaraq yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) xalqımızın dövlətçilik tarixindəki mühüm rolu barədə ətraflı məlumat verib.

    O, indi Azərbaycanı dünya ictimaiyyətinin yaxından tanıdığını və fəaliyyətinə böyük rəğbətlə yanaşdığını bildirib:

    "Bakıda keçirilmiş Avropa Oyunları, “Formula-1” üzrə Avropa Qran-prisi, IV İslam Həmrəyliyi Oyunları, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu buna parlaq nümunədir".

    Azərbaycan ilə Gürcüstan arasındakı qədim dostluq və qardaşlıq əlaqələrindan danışan diplomat deyib ki, dövlət və hökumət başçılarımızın, nazirlər və digər dövlət rəsmilərinin qarşılıqlı səfərləri nəticəsində münasibətlərimiz daha da möhkəmlənib və inkişaf edib.

    "Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşlarından və bura sərmayə yatıran əsas investorlardan biridir. SOCAR Gürcüstanın ən böyük vergi ödəyicisidir. Bakı-Tbilisi–Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu, Böyük İpək yolu, TANAP və TAP layihələri Azərbaycan və Gürcüstanın dünyada əhəmiyyətini və nüfuzunu daha da artırıb.

    Ölkələrimiz BMT, ATƏT, Avropa Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlarda sıx əməkdaşlıq edirlər. Biz müdafiə sahəsində də səmərəli əməkdaşlıq edirik.

    Bu il Azərbaycan Azərbaycan-Gürcüstan diplomatik münasibətlərinin 25-ci ildönümünü qeyd edəcəyik. Çox şadıq ki, bu gün Azərbaycan ilə Gürcüstanın demokratik, öz uğurları və nailiyyətləri ilə beynəlxalq aləmdə tanınan, azad və işıqlı gələcəyi olan ölkələrə çevrilməsinin canlı şahidiyik", - deyə səfir əlavə edib.

    Dursun Həsənov 26 May - Gürcüstanın Müstəqillik Günü ilə əlaqədar dost və qardaş gürcü xalqını bir daha təbrik edib, ölkələrimiz və xalqlarımız arasındakı münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini bildirib.

    Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili çıxış edərək Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edib.

    Ölkələrimizin dostluq və əməkdaşlıq münasibətlərinin əhəmiyyətindən danışan Baş nazir bildirib ki, Gürcüstan və Azərbaycanın ümumi dəyərləri, ortaq mədəniyyəti var.

    "Azərbaycan və Gürcüstan siyasi və iqtisadi çətinliklərin öhdəsindən layiqincə gələrək inkişaf ediblər. İndi biz birlikdə strateji layihələr həyata keçiririk. Azərbaycan ilə Gürcüstan artıq bir-birini həmişə dəstəkləyən strateji tərəfdaş ölkələrdir. Biz Asiya və Avropanı, Şərq və Qərbi birləşdirən çox mühüm layihələr həyata keçiririk. Əsrin əvvəlində bəzi qüvvələr bu layihələrə şübhə ilə baxırdılar. Buna baxmayaraq Azərbaycan xalqının ümummilli lideri, gürcü xalqının böyük dostu Heydər Əliyevin cəsarəti bu məqamlara qalib gəldi və onun rəhbərliyi ilə Gürcüstan, Türkiyə və Amerika liderləri böyük bir iqtisadi inkişafın əsasını qoydular.

    G.Kvirikaşvili deyib: “Əminəm ki, həyata keçirdiyimiz layihələr xalqlarımızın rifah halının daha da yaxşılaşmasına, müstəqilliyimizin, dövlətçiliyimizin daha da möhkəmlənməsinə və inkişafına xidmət edəcək”.

    Sonra qonaqlar Azərbaycan mətbəxinin ləziz təamlarından dadıblar, incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış ediblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi