Yaşılla mavinin qovuşduğu məkan - Antalya - REPORTAJ

Yaşılla mavinin qovuşduğu məkan - Antalya - REPORTAJ “BAYOU” Villaları, idman zalı, SPA, türk hamamı, masaj otağı və tam təchiz olunmuş mətbəx kimi bir çox imtiyazları olan fərqli villa tiplərini özündə birləşdirir
Turizm
19 Aprel , 2023 12:21
Yaşılla mavinin qovuşduğu məkan - Antalya - REPORTAJ

Çimərlikdə günəş şezlonqunda uzanmaq, gəmi ilə mavi körfəzləri gəzmək, “hər şey daxil” şərtləri ilə hoteldə bütün günü əylənmək... Hər kəs üçün tətilin fərqli mənası var. Bəziləri məşhur tətil məkanlarında səhərə qədər əylənməyə, bəziləri isə sakit bir şəhər, yaxud qəsəbədə kitab oxumağa üstünlük verir.

“Tətil” sözü ən çox yayda ağlımıza gəlir. Havalar isindikcə tünd mavi dəniz sanki bizi çağırır. Dənizə getmək, müxtəlif yerləri kəşf etmək, dincəlmək və şəhərin bezdirici xaosundan uzaqlaşmaq istəyirik. Amma əvvəlcə bunu harada və necə edəcəyimizə qərar verməliyik. Çünki tətil variantları hər büdcəyə və zövqə görə dəyişir.

“Report”un Türkiyənin turizm paytaxtı Antalya şəhərindən hazırladığı reportajı təqdim edirik.

Bu gün yaşılla mavinin qovuşduğu məkan - Antalyadan bəhs edəcəyik.

Havaların isinməsi ilə insanlar yay tətilini necə keçirəcəkləri barədə planlar qurmağa, yeni turizm destinasiyaları axtarışına başlayırlar. Azərbaycanlı turistlərin ən çox üz tutduqları ölkələrdən biri və birincisi heç şübhəsiz qardaş Türkiyədir. Türkiyə turizm potensialına görə təkcə Azərbaycandan yox, bütün dünyadan turistlərin ən çox gəzmək üçün üz tutduğu ölkələrdəndir. Türkiyə dedikdə isə ilk ağıla gələn tarixi Antalya şəhəridir.

İlboyu minlərlə yerli və xarici turisti qəbul edən, tarixin təbiətlə qovuşduğu nöqtə olan Antalya, təbii gözəllikləri araşdırmaq, yaşıllıqla dinclik tapmaq, keçmişə qayıdış və tarixi yaşatmaq üçün bir çox gözəlliklərə malikdir. Məhz bu kimi səbəblərdən 2022-ci ildə Türkiyəyə təxminən 52 milyon insan səfər edib.

Antalya Türkiyənin ərazi baxımından ən böyük beşinci şəhəridir. Elə ona görə də bu şəhərdə tətil və istirahət üçün seçimlər kifayət qədər çoxdur. Bizim isə bu dəfəki destinasiyamız “Barut Hotels”in ən son təşəbbüslərindən biri olan “Lara Barut Collection”ın yeni konsepti hər detalında fərqlilik, qayğı və hüzur olan, ilin 12 ayı ərzində qonaqlarına xidmət göstərən “BAYOU” Villalarıdır.

Bu məkan qastronomiya, incəsənət, idman, təbiət və sağlamlıq kimi sahələrdə fərdi və xüsusi xidmətlər təklif edərək, qonaqlarına özlərini yaxşı hiss edə biləcəkləri, fərqli zövqlər ardınca getdikləri və yeni bir günə təzə enerji ilə başlaya biləcəkləri tətil vəd edir.

“Lara Barut Collection” BAYOU Villalarını dizayn edərkən yeni tendensiyaları və tələbləri nəzərə alıb. O, qonaqları üçün elə bir mühit yaradıb ki, onlar özləri ilə tək qala, təbiətlə görüşə bilsinlər və istədikləri halda başqa insanlarla qarışsınlar.

“BAYOU” Villaları pandemiyadan sonra yaranan bütün meyl və həssaslıqların fərqində olan anlayışla hərəkət edir. Məkan təbiətə hörmətlə yanaşan və davamlı turizm meyarlarına cavab verən Aralıq dənizinin bənzərsiz təbii gözəllikləri içərisində bir yaşayış yeri kimi dizayn edilib. O, öz qonaqlarına bir çox mənada unikal imkan yaradıb.

Türkiyənin əsas turizm şəhəri Antalyada, hava limanına çox yaxın ərazidə yerləşən “BAYOU” Villaları 25 min kvadratmetr sahəni əhatə edən 24 şəxsi villasında qonaqlarını qarşılayır.

1, 2, 3 və 4 yataq otağı olan bu villaların hər birinin bağçasında şirin su və dəniz suyu ilə dolu hovuzlar var. 4 fərqli üslubda olan bu villalar turistlər üçün 250 kvadratmetr ilə 1000 kvadratmetr arasında dəyişən geniş ərazilər təklif edir. 2022-ci ilin oktyabr ayından qonaqlarını qəbul etməyə başlayan “BAYOU” Villaları, idman zalı, SPA, türk hamamı, masaj otağı və tam təchiz olunmuş mətbəx kimi bir çox imtiyazları olan fərqli villa tiplərini özündə birləşdirir.

Xüsusi, sakit, dinc və yaxşı yemək mədəniyyətinə malik orijinal məkanlar insanların səyahət edəcəyi yerləri seçərkən nəzərə aldıqları əsas amillərdəndir. Həmçinin, turistlərin yerli mədəniyyəti öyrənməyə və dərk etməyə artan marağı səbəbindən mədəni və ənənəvi olaraq maraqlı yerlər zəngin səyahətçilər arasında xüsusilə populyarlaşır.
Bu səbəbdəndir ki, BMT-nin Ümumdünya Turizm Təşkilatının 2021-ci il məlumatlarına görə, dünyada ən çox turist qəbul edən ölkələr siyahısında 4-cü yerdə olan Türkiyə zəngin tarixi, içki mədəniyyəti ilə yanaşı təklif etdiyi alternativ, orijinal və ekzotik tətil variantları, özünə məxsus mətbəxi ilə bu cür tətil tələb edən turist seqmentini cəlb etməyi bacarıb.

Son xəbərlər

Orphus sistemi