“Xəzər: ətraf mühit üçün texnologiyalar” sərgisində iştirakçıların 40%-dən çoxunu debütantlar təşkil edir

“Xəzər: ətraf mühit üçün texnologiyalar” sərgisində iştirakçıların 40%-dən çoxunu debütantlar təşkil edir Sərgidə Azərbaycan, Almaniya, Böyük Britaniya, Yunanıstan, Rusiya, Serbiya, Türkiyə və digər ölkələrdən gələn şirkətlər iştirak edəcək
Turizm
18 Noyabr , 2014 14:22
“Xəzər: ətraf mühit üçün texnologiyalar” sərgisində iştirakçıların 40%-dən çoxunu debütantlar təşkil edir
Bakı. 18 noyabr. REPORT.AZ/ Bu gün “Xəzər: ətraf mühit üçün texnologiyalar” 5-ci Yubiley Beynəlxalq Ətraf mühit sərgisinin açılışı ilə əlaqədar mətbuat konfransı keçirilib.

“Report”un məlumatına görə, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekologiya və təbiəti mühafizə şöbəsinin müdiri Rasim Səttarzadə bildirib ki, 19-21 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək sərgidə Xəzəryanı və Qafqaz regionlarında ekologiya və ətraf mühitin mühafizəsi üzrə mühüm tədbirdir. O deyib ki, sərgi Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də IDEA “Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq” İctimai Birliyi tərəfindən dəstəklənir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və onun tərəfdaşı “ITE Group PLC” şirkətləri çıxış edirlər.

R.Səttarzadə qeyd edib ki, bu il sərginin fərqləndirici cəhəti çirkab suların turşulu qatışıqlar və ağır metallardan təmizlənməsi, suvarma üçün kənd təsərrüfatında və istehsalda təkrar istifadə məqsədilə radioaktiv suların təmizlənməsi sistemləri üzrə xarici ekspozisiyaların artmasıdır: “Həmçinin, sərgidə ARDNŞ və BP şirkətləri tərəfindən suyun və qruntun təmizlənməsi, eləcə də zəhərli tullantıların idarə edilməsi üzrə yeni texnologiyalar nümayiş etdiriləcək. Sərginin sponsoru qismində “Evrascon” şirkəti çıxış edir”.

Sərginin meneceri Jalə Məmmədova deyib ki, yubiley sərgisi Azərbaycan, Almaniya, Böyük Britaniya, Yunanıstan, Danimarka, İtaliya, İsveç, Rusiya, Serbiya, Türkiyə və digər ölkələrdən gələn şirkətləri bir meydançada toplayacaq.

O bildirib ki, Azərbaycanda keçirilən ekoloji sərgidə ilk dəfə olaraq Çexiyanın milli stendi də iştirak edir: “Sərgidə yerli şirkətlərin böyük qismini Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, habelə “Təmiz Şəhər” ASC, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Dövlət Aerogeodeziya Müəssisəsi, Metrologiya və Patent üzrə Dövlət Komitəsi kimi dövlət strukturları təşkil edirlər. Bu il iştirakçıları 40%-dən çox debütantlar təşkil edir və onların arasında həm yerli, həm də xarici şirkətlər var”.

Qeyd edək ki, sərgi debütantları sərgidə eroziv təsirə qarşı materiallar, hidroizolyasiya sistemləri, müxtəlif növ qazlardan əmələ gələn dumanın emalı üzrə sistemlər, eləcə də geotekstil borular, bentonit geosintetik izolyasiya materialları, vakuum nasosları, pnevmatik domkratlar, tozşəkilli material və mayelərin daşınması üçün səyyar qablaşdırma sistemləri qurğular nümayiş etdirəcəklər.

Son xəbərlər

Orphus sistemi