Ulduzsuz hotellərin cərimələnməsi turizm sektoruna nə vəd edir?

Ulduzsuz hotellərin cərimələnməsi turizm sektoruna nə vəd edir? “Azərbaycanda ulduz kateqoriyası olmadan fəaliyyət göstərən hotellərin cərimələnməsi turizm, o cümlədən otelçilik sektorunda inkişafa doğru atılmış addımdır”
Turizm
16 Dekabr , 2021 11:57
Ulduzsuz hotellərin cərimələnməsi turizm sektoruna nə vəd edir?

“Azərbaycanda ulduz kateqoriyası olmadan fəaliyyət göstərən hotellərin cərimələnməsi turizm, o cümlədən hotelçilik sektorunda inkişafa doğru atılmış addımdır”

Bu sözləri “Report”a açıqlamasında Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının İcraçı direktoru Samir Dübəndi deyib.

O, bu barədə İnzitbati Xətalar Məcəlləsinə turizmlə bağlı əlavə edilmiş yeni cərimələrə münasibət bildirərkən danışıb. S.Dübəndi bu vaxta qədər bir çox hotellərin ulduz kateqoriyası üzər təsnifata daxil olmadan fəaliyyət göstərdiyini qeyd edib: “Ölkədə fəaliyyət göstərən hotellərin sayı rəsmi statisitkaya görə 650-dən çoxdur. Onların bir çoxu ulduz almadan, yəni katerqoriya sisteminə daxil olmadan binalarının üzərində, müxtəlif satış kanallarında ulduz sahibi olduqlarını göstərirdilər. Bu da turistin hüquqlarının pozulmasına gətirirdi. Ulduz kateqroiyası yerləşəcəyi yeri seçməkdə turist üçün ilk amillərdən biridir. Turist özünə dörd ulduzlu hotel seçirdi, gəlib görürdü ki, həmin hotel aşağı kateqoriyalıdır və məyus olurdu. Belə olan halda həmin hotelə heç cür bəraət qazandırmaq olmur. Hotelin vurduğu maddi və mənəvi ziyan təkcə hotel haqqında deyil, ölkə haqqında da mənfi fikir formalaşdırırdı. Ona görə də həmişə demişəm ki, bu sistem, yəni hotellərin ulduz kateqoriyası sisteminə daxil olması icbari olmalıdır. İndi biz gəlib buna çıxırıq. Ulduz kateqoriyası olmadan çalışan hotellərə cərimələrin tətbiqi onu göstərir ki, bu proses hardasa icbari xarakter daşımağa başlayır. Məncə bir müddət bu məsələ icbari olmalıdır. Paralel olaraq güclü təşviqat aparmaq, biznesləri başa salmaq lazımdır ki, kateqoriyalara uyğunluq sertifikatlarının alınması nə üçündür və ilk növbəfdə biznesin özünə lazımdır. Bu sertifikat biznesin müəyyən bir standartlar əsasında çalışmasını təmin edir. Bizneslər bunu anlayana qədər proses icbari və ciddi cərimələrin tətbiqi formasında aparılsa, effekti olar.

Bununla belə, onun sözlərinə görə, ulduz almadan çalışan hotellərin cərimələnməsi düzgün qərar olsa da, biznesin də maraqlarını unutmaq olmaz: “Pandemiya dövrü hələ bitməyib və bir vaxt tətbiq edilmiş sərt qapanmalar müəssisələrə böyük ziyan vurub. Bu gün müəssisələrin maliyyə durumu heç də sağlam deyil. Ona görə yaxşı olardı ki, bu əlavə xərclərin nə qədər olacağı açıqlanardı. Biz də təsnifat sisteminə qoşulmaq üçün nə qədər əlavə xərc tələb olunduğunu bilərdik. Bu xərclərin ləğv edilərək simvolik rəqəmlərin saxlanılması aruzolunandır. Hazırkı şəraitdə ulduz almaqla bağl hotellərin üzərinə bu cür yük qoyulması onlarda narazılıq yarada, onların onsuz da ürəkaçan olmayan maliyyə durumunu bir az da pisləşdirə bilər. Belə qərarlar turizm ictimaiyyəti ilə geniş müzakirə olunmalıdır. 5-10 nəfər adamın arasında yox, daha geniş auditoriyalarda və daha geniş platformalardan daha çox mütəxəssisləri cəlb edərək hamının fikirləri toplanmalıdır. Ondan sonra bu qərarları vermək olar”.

Xatırladaq ki, dekabrın 14-də Milli Məclisin iclasında İnzibati Xətalar Məcəlləsinə edilən dəyişilik layihəsi I oxunuşda qəbul edilib. Layihəyə əsasən, Məcəlləyə turizm haqqında qanunvericiliyin pozulması maddəsi əlavə edilib. Belə ki,bundan sonra mehmanxanalar (hotellər) “Turizm haqqında” qanunun 9.1-ci maddəsinə uyğun olaraq ulduz kateqoriyası müəyyənləşdirilmədən fəaliyyət göstərilməsinə görə iki min manatdan beş min manatadək məbləğdə cərimə ediləcək.

Son xəbərlər

Orphus sistemi