Bu ilin sentyabr ayında Türkiyədə hotellərin doluluq səviyyəsi 44,9% olub, lakin ötən ilin müvafiq dövrü ilə müqayisədə 39,6% azalıb.
“Report” Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyə Hotelçilər Birliyinin sədri Mübərra Eresin yayıb.
Məlumatda deyilir ki, sentyabrda satılan orta gündəlik otaq qiyməti 4,8% artaraq 87,2 avroya çatıb.
M. Eresin qeyd edib ki, son 2-3 ay idi ki, turizm sektorunda müəyyən canlanma yaranıb: “Lakin koronavirus pandemiyasının artması ilə turizm sektoru yenidən sakit bir dövrə keçib. Həm mərkəzdə, həm də ölkənin ucqar, kənar yerlərində yerləşən hotellər hələ də bağlıdır. Bütün ümidlərimizi 2021-ci ilin ikinci yarısına bağlamışıq və həmin dövr üçün hazırlaşırıq”.
O vurğulayıb ki, İstanbulda hotellərin doluluq səviyyəsi sentyabrda 45,3% azalaraq 44,1% olub: “Antalyada isə hotellərin doluluq səviyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 23,2% azalaraq 60% olub. Satılan orta gündəlik otaq qiyməti ötən ilin müvafiq dövrü ilə müqayisədə 39,7% artaraq 138,3 avro olub. Antalyada yanvar-sentyabr dönəmində ötən ilin müvafiq dövrü ilə müqayisədə hotellərin doluluq səviyyəsi 41% azalaraq 39,8% olub. Avropada hotellərin doluluq səviyyəsi 51,7% azalaraq 38,9% olub.
Xatırladaq ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Guterres bəyan etmişdi ki, dünyada turizm sektorunda itki 1,2 trilyon ABŞ dollara çata bilər.